menzil

Ev almaq istəyənlər tələssin, qiymətlər birdən qalxa bilər

Baxış sayı: 853

2020-ci ildə İpoteka və Kredit Zəmanət Fondunun xətti ilə banklar 257,5 milyon manat ipoteka kreditləri verib. Bu da illik müqayisədə 48,3% çoxdur. Təkcə dekabr ayında dövlət xətti ilə 28,8 milyon manatlıq ipoteka kreditləri götürülüb ki, bu da aylıq müqayisədə 4,4 milyon manat (36,8%) çoxdur.

Əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı deyir ki, ipoteka kreditlərinin həcmi illər üzrə artımla müşahidə olunur. 2021-ci ildə sosial ipoteka üçün dövlət büdcəsində 71 milyon manat nəzərdə tutulub. İstiqrazların cəlb olunmasını, digər mənbələrdən gələn vəsaitləri də buraya əlavə etsək, illik ipotek kreditlərinin orta qiyməti təxminən 250 milyon manata yaxınlaşıb.

Bu, onu deməyə əsas verir ki, Azərbaycanda ipoteka kreditlərinin verilməsi istiqamətində aparılan islahatlar tədricən ipotekaya əlçatanlığı artırır. Nəticədə bu, İpoteka və Kredit Zəmanət Fondunun öz layihələrini daha səmərəli şəkildə həyata keçirməsinə imkan verir. Fondun layihələrindən yararlanmaq istəyənlərin sayı artır, ipotekaya tələbat kifayət qədərdir.

ramil osmanli

Ekspert təklif edir ki, ipoteka kreditlərinin verilməsində faizlər qismən azaldılsın:

“Düzdür, tələb və təklifdən asılı olaraq banklar faiz dərəcələrinə müəyyən düzəlişlər edirlər. Amma bu, qənaətbəxş deyil. Məsələn, ümumi ipoteka kreditləri 8 faizdir və bəzi hallarda bu rəqəm 7-6,5 faizədək azaldılır. 4 faizlik güzəştli ipoteka isə Fond zəmanəti ilə 3,7 faizə qədər azaldılır. Amma maksimal rəqəmlər o azaldılmış rəqəmələrə dəyişdirilərsə, tələb və təklifdən asılı olaraq faizlərə düzəlişlər olarsa, daha yaxşı olar”.

Ramil Osmanlının fikrincə, Azərbaycanda ipoteka kreditlərinə əlçatanlıq normaldır. İllər üzrə orta illik əməkhaqqında artan dinamika və s. ipoteka kreditlərinə marağı və əlçatanlığı artıran səbəblərdir. Güzəştli ipoteka 30 illik, ümumi ipoteka 25 illikdir.

menzil

Mənzil bazarından danışan ekspert onu da bildirib ki, fevral ayının 10-na qədər mənzil bazarında dəyişiklik olmayacaq:

“Fevral ayının ikinci ongünlüyündən başlayaraq mənzil bazarında dinamik dəyişiklik baş verə bilər. İndiki halda bazarda sabitlikdir. Yeni tikililər ilə bağlı aparılan islahatlar daha çox qiymət artımı üçün əsas verir. Yəni binaların tikintisində tədricən maya dəyəri artır, xərclər artır. Bu da qiymətlərin artımına gətirib çıxardacaq”.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir