aprel

1 Aprel: Böyük qırğın, yoxsa bayram?

Baxış sayı: 880

Aprelin 1-i dünyanın bir çox ölkəsində gülüş və ya aldatma günü kimi qeyd olunur. Bu günün mahiyyəti ilə bağlı müxtəlif versiyalar mövcuddur.

Bu barədə ən geniş yayılmış məlumatlardan biri müsəlman qırğını ilə bağlıdır. XV əsrin sonlarında xristian ordusu Əndəlüs müsəlmanlarının son qalasını mühasirəyə alır. Uzun sürən savaşda müsəlmanlar qəhrəmancasına döyüşürlər. Düşdüyü vəziyyətin çətinliyini anlayan xristian ordusunun komandanı hiyləyə əl atır. 31 mart gecəsi bir əlində Quran, digər əlində İncil qalanın önünə gələrək “bu iki kitaba and içirəm ki, təslim olsanız, bu axşam sizə heç bir şey etməyəcəyəm”, – deyir.

Mühüm görüşlərdən sonra canlarının qurtulması qarşılığında müsəlmanlar qalanı xristianlara təslim edirlər. Səhər, yəni aprelin 1-i xristian komandan bütün müsəlmanların öldürülməsi haqda əmr verir. Ona verdiyi sözü xatırladan müsəlmanlara “mən dünən axşam üçün söz vermişdim, bu gün üçün deyil”, – deyir və onları edam etdirir. O gündən bəri aprelin 1-i xristianlar arasında “Hiylə – aldatma” günü kimi qeyd olunur.

1 aprel

Başqa bir rəvayət isə Fransa kralı ilə bağlıdır. Deyilənə görə, 1564-cü ildə Fransa kralı IX Çarlzın qərarı ilə ilin başlanğıcı aprelin 1-dən deyil, yanvarın 1-dən hesablanmağa başlandı. Əhalinin bir qismi bu qərara uymadı və yeni ili aprelin 1-də keçirməyə davam etdi. Həmin dövrdə yeni ili məhz aprelin 1-də qeyd edənlərə “Aprel balığı” deyirdilər.

Bir çoxları isə bu bayramı Qədim Roma tarixi ilə bağlayır. O dövrdə Romada fevralın 17-si “Səfehlər bayramı” kimi keçirilirdi. Bəzi tədqiqatçıların fikrincə, bu ənənə Qədim Hindistanda meydana gəlib. Hindistanda martın 31-i “Gülüş günü” kimi tarixə düşüb.

Qeyd edək ki, 1 Aprel Azərbaycanda da əksər insanlar tərəfindən “Gülüş günü” kimi qəbul olunur.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir