“Cəmiyyətin yükünün altında əzilən çiyin sahibi olaraq yaşamaqdan yorulmuşam. Məni sadəcə dinləyin deyə gəlmişəm bura. Danışmaq, qışqırmaq, ağlamaq istəyirəm. ” Belə başlamışdı uzun nitqinə. Mən də sakitcə başımla onaylayıb heç səs etməmişdim o gün… Sonrasında belə davam etmişdi:
Ailə məsələsinə qarışanda “ana balasın boşatdırmaq üçün əlindən gələni etdi” olur, qarışmayanda “qızına qarşı haqsızlıq ediləndə harda ölmüşdün, ay ana öləsən səni?” Böyüklük edib yol göstərəndə “ailə işinə burnunu soxmuş olursan”, yaxanı kənara çəkib qarışmadıqda “3 qardaşın bacısına necə belə davranıla bilər? Tüpürüm sizin kişiliyinizə”. Şiddətin pis olduğunu qınayanlar, haqsızlıq qarşısında ilkin reaksiya olaraq şiddət göstərir.
Ağsaqqal məclislərində 4 mərtəbəli mülkünə görə ilkin söz verilənlər, camaata ağıl verənlər uşağına ağıl, oğluna təbiyə verə bilmir.
Dəstək üçün qurulan bir qurumun rəhbəri dəstək alacaq qədər çarəsizləşir. Bir dövlət məmuru şantaj olunduğu bilgisini yayır, bir uşaq arxa sərinləmək yerinə ölmək üçün atılır. Ata oğlun öldürür, ana övladı ilə intihar edir. Və bütün bunların yaşandığı dönəmdə abiturient nəticələri açıqlanır. Günlük ölüm sayının bu nəticələrdən sonra artdığı artıq statistik göstəricidir və bu qədər olanların fonunda mən hələ də bu ölkənin vətəndaşı olaraq davam etmək məcburiyyətindəyəm.
Təhsil almaq hüququnun tanınmadığı “pandemiya” dönəmində məktəbə son beş gün qaldığı halda heç bir rəsmi qurumdan açıqlama yoxkən, mən hələ də valideyn olmaqda israr edirəm bu ölkədə.
Öz təhsil aldığın sahəyə dair mütəxəssis rəyi verdiyin intervyuya gələn ilk rəyin “əvvəl döşünü bağla, sonra danışarsan” və ya “ə, bu keçəlbaş nə danışır bilən var?” deyə rəylər gəlirsə, bu cəmiyyətin inkişafı üçün nəsə etməyə dəyərmi?
Etika etalonu sayılan “kultralogiya” və onu sahəsinə çevirmiş el ağsaqqalının əmək qabiliyytindən istifadəsi qadağan olan azyaşlılara inkişaf üçün aylıq müəyyən məbləğin tələbini “müftə yemək”, tələb edənləri isə “eşşək” adlandırması və mənim onun haqqında etik konteksi qoruyara danışmağım…
Yorulmuşam! (başına vurur)
Anlayırsınız məni? Bezmişəm!!!
Qarın toxluğuna həyatımı davam etdirməyim üzrə qurulan sistemdə restorana getməyimi mənə “lüks həyat” olaraq sırıyırlar. 10 il də çalışsam halal qazancdan nə ev, nə maşın ala bilməyəcəyim tərzdə idarə olunan əmək bazarında mən bir işçi kimi “dönər-ayran” üçün çalışdığımı anlayıram, amma məndə buna ŞÜKR etməyim tələb olunur.
Aylıq xərclərin 1000 AZN və üzəri olduğu dönəmdə rəsmi maaş 500, minimal əmək haqqı 250 AZN ikən çatışmayanları nədən xərcləyirik?! Və həkimim mənə bütün bunların fonunda stressdən uzaq ol deyir.
Bu xarabada stressiz yaşamağın mümkünlüyünü göstərin, yaşamayan şərəfsizdir!
Belə…
Bəzən belə də olur, insanlar gileylənmək üçün, ağılların itirməmək üçün, içindəkiləri boşaltmaq üçün fürsət axtarır…
Əgər siz məndən soruşsanız ki, Azərbaycanda yaşamaq üçün nəyi öyrətmək lazımdır insanlara? Mən heç tərəddüdsüz deyərəm: “ARZUSU ÜRƏYİNDƏ QALARAQ YAŞAMAĞI ÖYRƏTMƏK LAZIMDIR!”
Psixoloq Əfsanə Rüstəmova