daskend

Ruhun dinclik tapdığı şəhər – FOTOLAR

Baxış sayı: 689

Daşkəndin xüsusi bir ruhu var. Şərqsayağı qonaqpərvər, səxavətli, zərif və güclü bir ruh sərgiləyir. Hava limanından şəhərə doğru hərəkət etdikcə, bu ruhu hiss edirsən. Əsrlər boyu inkişaf edən mədəni aurası təkcə paytaxtı deyil, ümumən bütün ölkəni turistlərin diqqət mərkəzinə çevirib.

“Çörək şəhəri”

Daşkənd qonaqpərvər şəhərdir. Sovet dövründə “Daşkənd çörək şəhəridir” şüarı məşhur idi. Ötən əsrin 30-cu illərində SSRİ -də aclıq olanda insanlar bol çörəyi və qonaqpərvərliyi ilə tanınan Daşkəndə üz tuturdular. Təbii ki, Daşkəndin özündə ərzaq təminatı ölkənin digər şəhər və kəndlərindən o qədər də yaxşı deyildi. Ancaq “çörək şəhərinə” inananları bu şəhər xilas edib. İkinci Dünya müharibəsi zamanı yüz minlərlə yetim uşağa məhz bu şəhər sığınacaq verib.

“Şərqin ulduzu” və “Dostluq şəhəri”

Daşkənd imicinin başqa bir tərəfi “Şərqin ulduzu” şüarında təcəssüm olunur. Daşkənd həqiqətən, bir növ Şərqin ulduzu idi – burada Asiya, Afrika və Latın Amerikasının məşhur Beynəlxalq Film Festivalı da daxil olmaqla, böyük mədəni tədbirlər keçirilirdi. Əfsanəvi “Yalla” vokal-instrumental ansamblı “Şərqin ulduzu -Daşkənd parla!”- deyə oxuyurdu. Məşhur “Şərqin ulduzu” ədəbi jurnalı  da o vaxtdan bəri Daşkənddə nəşr olunur.

Daşkənd “Dostluq şəhəri”dir. “Yalla”nın “Dostluq və istilik paytaxtı” deyə oxuduğu kimi. Çörəyi və qonaqpərvərliyi, Şərqin parlaqlığını, dostluğunu, tolerantlığını və dincliyini göstərən bu üç şüar Daşkəndin əsas ruhunu olduğu kimi tərənnüm edir. Yaşıl parkları, sakit, avtomobillərin tıxacı ilə rastlaşmadığın küçələri, milli geyimləri, harasa tələsən mehriban insanlarının təbəssümü ilə Daşkənd insan ruhuna dinclik bəxş edir.

Miflər və əfsanələr şəhəri

Daşkəndlilər isti və mehriban insanlardır. Yollarda üzünə gülümsəyir, əllərini sinələrinə qoyub “rəhmət” deyə salamlayırlar. Məhz bu keyfiyyətləri sayəsində paytaxt hər zaman qonaqpərvərliyi ilə məşhur olub. Gözəlliyi və möhtəşəm memarlıq üslübları ilə heyrətləndirən dünya şəhərlərinin heç də hamısı səmimiyyətləri ilə xarakterizə olunmur. Amma Daşkənd həm də “isti qəlb” şəhəridir. Paytaxt sakinləri bu günə qədər Şərq şəhərinin bənzərsiz simasının atributları olan Şərq bazarını, çayxananı, özbək plovunun dadını, dadlı çörəyin ətrini, ən əsası qonaqpərvərliyi qoruyub saxlayırlar.

Daşkənd bütün Şərq şəhərləri kimi mifləri, əfsanələri sevir. Şəhərin öz tarixi və sakinləri tərəfindən yaradılan və dəstəklənən hekayələri və lətifələri, mifləri və əfsanələri onun canlı ab-havasının ayrılmaz hissəsidir.

Daşkənd mədəniyyətlərin kəsişdiyi şəhər, Qərblə Şərqin birləşdiyi nöqtədir. Burada bir çox məscid, İslam memarlığı abidələri və rəngarəng bazarlar olsa da, xüsusilə mərkəzi hissədəki binaların əksəriyyəti Qərb memarlığına xas olan elementlərə malikdir. Şəhəri gəzdikcə, bu izlər insanı müşayiət edir.

Mənəvi ənənələr şəhəri

Daşkənd 2007-ci ildə Asiya bölgəsinin İslam Mədəniyyəti Paytaxtı olaraq beynəlxalq səviyyədə tanınıb. Əsrlər boyu bu şəhərdə  müxtəlif ölkələrdən olan tacirlər və elçilər, səyahətçilər, elm adamları, şairlər, mütəfəkkirlərlə ünsiyyət olub. Ölkə çoxdan ideoloji çağırışlara cavab verməyə hazırdır: minillik mənəvi ənənələri dəqiqliklə qoruyur. Bir çox Asiya şəhərlərində olduğu kimi Daşkənd ənənəvi və modernist meylləri özündə cəmləşdirir, Şərq şeiri ilə Qərb musiqisi, Avropa geyimləri ilə milli geyimlər, millətlər və dinləri birləşdirir, burda şəhərin və kəndin mədəni ənənələri bir-birinə qarışıb. Bu, sosial münasibətlərin incə, lakin güclü iplərindən toxunmuş bir bütövlükdür – keçmişdən ayrılmamağa, zamanla ayaqlaşmağa təkan verir.

Turizm – prioritet istiqamət kimi

Hazırda Daşkəndin cəlbedici və strateji baxımdan əhəmiyyətli bir imici yaranıb. Bu imici inkişaf strategiyası, müasirləşmə, turistləri cəlb etmək və bütün sahələrdə rəqabət qabiliyyətini artırmaq üçün həyata keçirilən islahatlar formalaşdırır.

Sovet dövründə daha çox pambıq və tekstil ölkəsi kimi tanınan Özbəkistan hazırda turizmin inkişafını prioritet istiqamətə çevirib. Daxili və gəlmə turizmi inkişaf edir. Pandemiya bütün sahələrdə olduğu kimi bu sahədə də çətinliklər yaratmasına baxmayaraq, turizmdə yenidən dirçəlmə hiss olunur. Həmçinin ölkədə turizm obyektlərinin bərpa və tikintisi, başqa ölkələrlə hava yollarının açılması, viza sisteminin sadələşdirilməsi və s. istiqamətdə işlər həyata keçirilir.

Prezident-xalqın etimadı

Ötən həftə Özbəkistanda həm də prezident seçkiləri keçirildi.  Jurnalistlərin beynəlxalq müşahidə qrupunun üzvü kimi paytaxtın da, bölgələrin də ölkə üçün taleyüklü prosesə necə həssaslıqla yanaşdığının şahidi oldum. Həssas regionda yerləşməsi, Mərkəzi Asiya dövlətini xarici və daxili siyasətində daim diplomatik davranmağa sövq edir.

Özbəkistan öz qonşuları ilə münasibətlərini tənzimləyir, Əfqanıstanın əzab çəkən xalqına dəstək məqsədilə sosial layihələr hazırlayır.

Ölkənin təhlükəsizliyini qorumaq, davamlı inkişafı təmin etmək və reallaşan layihələrin perspektivi baxımından özbək xalqı Özbəkistana 2016-cı ildən başçılıq edən Şavkat Mirzyoyevə səs verdi. Bu seçimlə ölkə əhalisi iqtidara inamlarını ifadə etdi. “Nəticələrdən asılı olmayaraq, ötən səsvermə artıq son illər Özbəkistanda nə qədər böyük işlərin görüldüyünü göstərdi. İnanırıq ki, qarşıda daha böyük islahatlar var”- deyə səsverməyə qatılan seçicilər ümidlərini dilə gətirdilər. Paytaxtın seçki məntəqələrində olarkən, yollarda sakinlərlə söhbət edərkən insanların öz Prezidentlərinə inandıqlarını müşahidə etdim. Son illər ölkədə aparılan uğurlu xarici və daxili siyasət, insanların rifahına yönələn sosial-iqtisadi layihələr iqtidarla xalq arasında etibarlı rabitəyə çevrilib. Özbəklər əmindirlər ki, Şavkat Mirzyoyev onların ümidlərini yenə də doğruldacaq, ölkənin inkişafı istiqamətində mühüm irəliləyişlərə nail olunacaq, islahatlar davam edəcək. Özbəklər isə əllərini sinələrinə qoyub gələn qonaqlara ”Özbəkistana xuş kelibsiz!” deyərək, sevgilərini ifadə etməyə həmişə hazırdırlar.

 

Təranə Məhərrəmova

Bakı-Daşkənd




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir