sumqayit

“Yaşıl binası”, “əyri dom”ları, “dejurnı”sı olan Azərbaycan ŞƏHƏRİ – SƏBUHİ MƏMMƏDLİ YAZIR

Baxış sayı: 749

Dünən ad günü idi Anadan olduğu gün yox, məhz, ad günü.  Düz, 72 il əvvəl noyabrın bu günü ona şəhər statusu verildi. Bakıdan 30 km aralıda yerləşən sovetlər dönəmində özlərinin də dediyi kimi “qazovkanın” məhv etdiyi kimyaçılar şəhərinin, “ Sum” və “qayıt” sözlərindən adı qoyulduğu iddia edilən bu unikal şəhərin.


Sumqayıtın qədim tarixi yoxdur. Baxmayaraq ki, onun adının Rəşidəddin Fəzlullahın,  Ramazan Şeşenin hansısa əsrində çəkildiyi deyilir. Amma bütün bu iddialardan daha çox bu əfsanə real görünür, inanın mənə. Əfsanəyə görə, günlərin bir günü uzaq ellərdən gələn dəvə karvanı bu yerdən keçir. Onların su ehtiyatı qurtarır, susuzluğa davam gətirə bilməyən karvan sahibləri arasında bir-birini dərin məhəbbətlə sevən Sum və Ceyran adlı iki gənc də var idi. Bir tərəfdən susuzluq, bir tərəfdən isə qızmar günəş altında, qumlu səhrada yerimək, Ceyranı lap taqətdən salmışdır. Sevgilisinin susuzluğa dözə bilmədiyini görən Sum Ceyrana deyir:
– Sən burada məni gözlə, ya ölərəm, ya da sənə su taparam!
Sum karvandan aralanıb gedir. Lakin sevgilisinin fəlakətlə qarşılaşacağını hiss edən Ceyran onun ardınca qışqırır:
– Sum, qayıt! Sum, qayıt! Sum, qayıt!

Hə, Sumqayıt, Gəncə, Naxçıvan, Şəki kimi qədim tarixi ilə öyünəsi şəhər deyil. Onun Nizami məqbərəsi, İmamzadə kimi yerləri yoxdur, Mömünə xatun türbəsi, Xan sarayı da eləcə. Amma bu o demək deyil ki, Sumqayıt görməli yerlərdən kasaddır. Amma yuxarıda adını çəkdiklərmizdən fərqli şəhərin necə deyərlər, gəzməli-görməli yerləri sumqayıtlılar üçün hər şeydən əzizdir. Çünki onların tarixidir. Onların gözləri önündə yaranıb.
Və bu gəzməli-görməli yerlərə də elə onları özləri ad qoyublar.
Bunlardan biri, məsələn “Əyri dom”.

Yeri gəlmişkən, bu “dom” məsələsinə qayıdacağıq. “Əyri dom”  Nəriman Nərimanov küçəsində xüsusi layihə əsasında tikilib. Sonralar bina yarım metr əyildiyi üçün onu hasara alıblar Ki, ümumiyyətlə uçursunlar. Xaricdən binanın durumunu düzəltmək üçün mütəxəssislər də gətiriblər. Müəyyən yoxlamalardan sonra binanın əyriliyini düzəltmək üçün altına beton tökülsə də, binanın əyrisi düzəlməyib. Amma gələnlər şəhər rəhbərliyini inandırıblar ki, bu bina heç vaxt çökməyəcək.

Sumqayıtın simvollarından biri,  “Sülh göyərçini” abidəsi.

Abidə 1978-ci ildə dənizkənarı parkda ucaldılıb və betondan tökülüb. 2008-ci ilin yanvarında isə rekonstruksiya edilib. Nəsimi adına Mədəniyyət və İstirahət parkında yerləşən “Sülh göyərçini” abidəsi sumqayıtlıların sevimli məkanlarından biridir.
“”Qağayı” abidəsi 1964-cü ildə, Sumqayıtın 15 illiyi münasibətilə şəhərin girişində ucaldılıb.

Üzərindəki qağayı isə şəhərin dənizlə yaxınlığını göstərir. Memarı Süleyman Hacıyev olan 13 metrlik bu abidə bir neçə dəfə restavrasiya olunub və hazırda 24 blokdan ibarətdir.

“Priçal” və ya “Batmış gəmi” köhnə sumqayıtlıların ən yaxşı tanıdığı yerlərdən biridir. İnsanlar bura balıq yeməyə, yaxud balıq tutmağa gəlirlər. Hazırda həmin ərazidə gəmilərin saxlanılması üçün liman tikilir.

“Yaşıl bina” bina 1958-ci ildə tikilib istifadəyə verilib.

Həmin vaxt burada Sumqayıt şəhər Partiya Komitəsi və şəhər xalq Deputatları Soveti İcraiyyə Komitəsi yerləşib. Binanın  birinci mərtəbəsi həmişə nəmli olardı. Bunu Xəzər dənizindən əsən şimal küləyi ilə bağlayırdılar. Sumqayıt şəhər icraiyyə komitəsinin sədri Kamal Axundovun dövründə bu problemi həll etmək məqsədilə binanın ön hissəsində perimetr boyu Tatarıstanın Kazan şəhərindən gətirilmiş xüsusi “daş sarmaşıqlar” əkilib, ümumi binanın fasadı tam yaşıl örtüklə – sarmaşıqla örtülərək binanın formasına uyğunlaşdırılıb. Turistlər və şəhərin qonaqları bu binaya heyran qaldıqlarını gizlətmirdilər. Sumqayıtla vidalaşanda onun qarşısında yadigar olaraq həmişə şəkil çəkdirirdilər. Hətta bu binanın şərəfinə Almaniyanın Sumqayıtla qardaşlaşmış Lüdviqshafen şəhərində poçt markası da buraxılmışdı. 11 il əvvəl binanın sarmaşıqları hissə-hissə saralmağa başladı və az sonra örtük binadan götürüldü. Həmin vaxt bu hadisə ictimaiyyət arasında, xüsusilə də mətbuat və sosial şəbəkələrdə geniş müzakirə obyektinə çevrilmişdi. Nəhayət , 2016-cı ildə bina ilə bağlı icra başçısı xüsusi tapşırıq verdi. Bundan sonra binanın qarşı hissəsində sarmaşıq kolları əkildi.

Sumqayıtda maraqlı yer adları  var. Ümumiyyətlə bu şəhərdə kimdənsə küçə adı soruşsan, sənə qəribə baxarlar. Burada hamı səndən “dom” soruşacaq. Təxminən belə:

– Yetim, nə küçə, de görüm hansı “domda” yaşayır? 

Yetim, sumqayıtlıların özünəməxsus müraciət formasıdır. Təxminən, əzizim kimi. O ki qaldı yer adlarına,  birdi, ikidi? Məsələn , “14 mərtəbə”.  Bu bina Sumqayıtın ilk 14 mərtəbəli binası olub. Əbəs yeri deyil ki, Sumqayıtda bina adı çəkiləndə, ağıla ilk öncə 14 mərtəbə gəlir. Və ya, “Dejurnı”’. SSRİ dövründə Sumqayıtda ilk ərzaq mağazası idi ki, gecə saat 11-ə qədər işləyirmiş. O vaxtlar 24 saat işləyən mağazalar yox idi və gec saatlara qədər oyaq olan insanlar gündəlik qida məhsullarını məhz bu mağazadan əldə edə bilərdilər.
Ya da “Sputnik”, Sülh küçəsində beş mərtəbəli binanın altında “Sputnik” adında mağaza yerləşdiyi üçün o vaxtdan sumqayıtlılar  bu ərazini “Sputnikin yanı” adlandırıblar.

Azərbaycanın qədim şəhərlərindən fərqli burda köklü sumqayıtlı anlayışı yoxdur. Respublikanın müxtəlif bölgələrindən bura axışan gənclər qoyub bu şəhərin əsasını.

Sumqayıtda yazıb-yaradan gözəl şairimiz Məmməd İlqarın oğlu, bu şəhərdə doğulub boya-başa çatan, mühəndis Babək Məmmədli elə nostalji məqamlara toxunur ki…

– Ən yaşlı sumqayıtlının Sumqayıt deyəndə ağlına “yetim” müraciəti gəlir, “dom” (bina) gəlir. “Dom” demişkən, “əyri dom”un altındakı pivəxana gəlir. Əntiqə qutab bişirirlər orda həm də. 9-cu mikrorayondakı “yetim dom” gəlir ağıla. Ətrafındakı binaların hamısı 9 mərtəbəli olduğundan, bir beşmərtəbə orda yetim kimi tək qalıb.
Sumqayıt deyəndə “45-in xəngəlxanası” (45-ci məhəllədəki məşhur xəngəlxana),tələbə qarnını doyduran o yer düşür adamın yadına. Həm ucuz, həm dadlı. O xəngəli dadlı edən mal zingində qaynadıb bişirilməsidir. Az qala unutmuşdum, Sumqayıt deyəndə 1978-ci ildə dənizkənarı parkda ucaldılmış, gənclərin indi də əsas görüş yeri sayılan, şəhərin baş rəssamı Vaqif Nəzirov və rəssam-heykəltaraş Asim Quliyevin müəllifi olduqları “Göyərçin” gəlir ağıla”.

Babək deyir ki, bir vaxtlar Sumqayıt deyəndə zavodların zəhərli və zərərli tüstülərindən  az qala görünməz olan qaramat bir şəhər fikirləşirdi hamı.

“Həm də Kimya Zavodunun (Ximzavod) xloruyla tanınan şəhər. Amma indi ürəyi kimi geniş küçələrə, prospektlərə, neçə-neçə mədəniyyət ocaqlarını (S.Vurğun, N.Nərimanov, Vaqif, Kimyaçılar mədəniyyət evləri, Əli Kərim adına poeziya evi, bir çox görkəmli aktyor və rejissorun həyatında tramplin olmuş bir vaxtlar H.Ərəblinskinin adını daşıyan, indisə Sumqayıt Dövlət Dram Teatrı) özündə birləşdirən şəhərdir Sumqayıt. Xəzərin mirvari sularının yuduğu möhtəşəm şəhərimiz. Doğrudur, uşaqlığımız bu zavodların  “qazovka”sını udmaqla keçib. Artıq geridə qalıb o illər. O zavodları indi müasir tələblərə, standartlara cavab verən, müasir filtrasiya qurğularıyla təmin edilmiş yeniləri əvəz edir. Gözəl bulvarımız da var, 4 km uzunluğunda. Yeni-yeni yaşayış kompleksləri  tikilir, həm sahil boyu həm də şəhərin fərqli-fərqli yerlərində.  Son vaxtlar möhtərəm paytaxt sakinlərimizin Sumqayıta diqqətlərinin çoxaldığının şahidi oluram ayrı-ayrı yerlərdə, məclislərdə. Onları anlayıram, əlbəttə, Bakının cansıxıcı tıxacları, səs-küylüyü, filan. Bu yerdə ataların “dəmir qapının da taxta qapıya işi düşər” məsəlini xatırlatmaq məncə bütün sumqayıtlıların ürəyincə olacaq. Köçün Sumqayıta, bu gözəl şəhərə”.

Şair də necə gözəl deyib:

Doğma ağuşunda sevdik, sevildik,
Sevgilər yaşadıq sulardan təmiz.
Qubalı, Qazaxlı, Qəbələliydik,
Sumqayıtlı oldu körpələrimiz…




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir