“Etibarlı Gələcək” qeyri-hökumət təşkilatının icraçı direktoru Kəmalə Haşımova deyir ki, son vaxtlar sosial şəbəkələrin yeniyetmə və gənclərə mənfi təsiri getdikcə daha çox qorxu yaradır: “Əsas məqsədimiz cəmiyyətin və uşaq problemləri ilə bağlı fəaliyyət göstərən aidiyyəti dövlət qurumlarının diqqətini bu problemə cəlb etməkdir. Ölkəmizdə baş verən hadisələr, daha doğrusu, yeniyetmələr arasında baş verən intiharlar, onların davranışlarında, xarakterlərində, uşaqların valideynlərinə münasibətinin mənfi istiqamətdə dəyişməsi – düşünmək üçün çox ciddi səbəbdir”.
“Son iki-üç ay ərzində biz bu hadisələri təhlil etməyə başlamışıq. Valideynlər övladlarının onlara qulaq asmaması, intihar düşüncələri olması şikayətləri ilə təşkilatımıza, reabilitasiya mərkəzimizə müraciət edirlər. Şikayətlər var idi ki, uşaq onları boğmaq istəyir”, – Haşımova vurğulayır.
Onun sözlərinə görə, 19 yaşlı qızın son intiharı sosial şəbəkələrin real həyatımıza necə güclü təsir göstərməyə başladığını bir daha təsdiqlədi. Söhbət sosial şəbəkələrdən, onlayn platformalardan, messencerlərdən gedir. Onlar internetdə sosial əlaqələrin yaradılmasına səbəb olurlar: “Sosial şəbəkələr təbii ki, müsbət təsir göstərir, çünki onların sayəsində insanlar öz tanışlarını, uzaqlarda yaşayan qohumlarını tapır, eyni maraqları olan dostlar tapa bilirlər. Onlar həm də sosial məsələlərin müzakirəsi üçün mənbə rolunu oynayır. Amma bununla yanaşı, nəzərə almaq lazımdır ki, uşaqların dünyagörüşü hələ formalaşmadığından mənfi təsirlərə daha az tab gətirirlər. Onlar internetdən müəyyən məlumat əldə etmək, dərsə hazırlaşmaq üçün istifadə edir, eyni zamanda söhbət edir, şəxsi məlumatlarını təqdim etdikləri müxtəlif saytlarda qeydiyyatdan keçərək, öz daxili fikirlərini bölüşür və nəticədə şantaj, onlayn zorakılıq, sosial şəbəkələrdə bullinqlə, psixoloji və psixiatrik problemlərlə üzləşə bilərlər”.
Onun sözlərinə görə, son vaxtlar Azərbaycanda sosial şəbəkələrdə və messencerlərdə, ilk növbədə “Telegram” və “Instagramda” yeniyetmələr onlara mənfi təsir göstərə biləcək qruplara cəlb olunurlar:
“Onlarda yeniyetmələr bir-birinə qarşı qoyulur, bullinq baş verir. Nəticədə uşaq psixoloji travma alır, özünü yad hiss edir və intihar etmək qərarına gələ bilər. “Ağ lotus”, “Möhürlənmiş cənnət”, “Qılınc və lələk”, “Dirçəliş 22/30″ kimi teleqram qruplarında çoxlu sayda gənc qeydiyyatdan keçib və onlar xüsusilə bullinqin qurbanı olan gənc qızın intiharını müzakirə edirlər”.
“Belə bir nəticəyə gəlmək olar ki, bu və ya digər ləqəblə qrupa daxil olan şəxsin özünə nə edə biləcəyini belə qruplarda hər kəs bilir, amma heç kim bunun qarşısını almaq üçün heç nə etmir. Yeniyetmələrin və uşaqların sosial şəbəkələrə marağı ildən-ilə artır. Valideynlər və aidiyyatı orqanlar uşaqların internetə haralara girməsinə nəzarət etməlidir. Eyni zamanda, nəzarət açıq və aqressiv olmamalıdır, ancaq övladının hansı saytlara və qruplara girməsini bilməlisiniz ki, uşaqlar nə etdiklərini sizinlə də bölüşsünlər”, – deyə ekspert qeyd edir.
“Mən Daxili İşlər Nazirliyini, Rabitə və Telekommunikasiya Nazirliyini bu faktlara diqqət yetirməyə və kibertəhlükəsizlik sahəsində geniş işə başlamağa çağırıram. Bu, bütün cəmiyyət üçün SOS siqnalıdır”, – Haşımova əlavə edir.
QHT sədri vurğulayır ki, bu məsələlərə ekspertləri cəlb etmək lazımdır: “Belə faktlar araşdırılmalı, bu tip şəbəkə qrupları bağlanmalıdır ki, biz gənc nəslimizi xilas edə bilək. Ən varlı ailənin övladı da internetin mənfi təsirinə düşə bilər. Çox vaxt valideynlər tərəfindən kifayət qədər diqqət göstərilməyənlər, bu və ya digər səbəbdən cəmiyyət tərəfindən qəbul edilməyənlər, bullinqə məruz qalanlar şəbəkəyə düşürlər. Onların köməyə ehtiyacı var və onu real həyatda ala bilmədiklərindən internetdə axtarırlar”.
“İstənilən yeniyetmənin vaxtaşırı problemləri olur və onun monitorun o biri tərəfində kimin oturduğu və hansı məqsədləri güddüyü bilinməyən internetdə deyil, qohumlarından, yaxınlarından dəstək tapması vacibdir”, – deyə xanım Haşımova fikrini tamamladı.
Elya Belskaya