Böyük Britaniyanın Fövqəladə Hallar üzrə Tədqiqat Məsləhət Qrupunun alimləri koronavirusun ən azı 2026-cı ilə qədər təhlükə yaradacağı qənaətinə gəliblər.
Bu açıqlama təşkilatın saytına yerləşdirilib.
“SARS-CoV-2 səhiyyə sistemi üçün təhlükə yaratmağa davam edəcək və ən azı növbəti beş il ərzində peyvənd və məlumatların monitorinqi vasitəsilə aktiv nəzarət tələb edəcək”, – sənəddə vurğulanır.
Mütəxəssislərin sözlərinə görə, peyvənd, epidemioloji nəzarət və infeksiyanın yayılmasının qlobal şəkildə qarşısının alınması üçün tədbirlər kifayət qədər effektiv olmasa, bu müddət arta bilər.
Açıqlamada o da qeyd olunur ki, 5-10 il ərzində çox güman ki, peyvənd və buster dozaların köməyi ilə kollektiv toxunulmazlığı qorumaq, eləcə də xəstəliyin yayılmasına nəzarət etmək üçün digər tədbirlərdən (sınaq, ventilyasiya, xəstələrin təcrid edilməsi və s.) istifadə etmək lazımdır.
Alimlərin fikrincə, Böyük Britaniyada digər Avropa ölkələri ilə müqayisədə ölkə sakinlərinin peyvənd olunması sayəsində COVID-19-a yoluxma halları ilə bağlı vəziyyət stabilləşib.