qosqar meherremov-samire meherremova

Dözmək?! Ayrılmaq?! Bir yol daha varmı?! – MÜSAHİBƏ

Baxış sayı: 740

İldən-ilə boşanmaların sayı sürətlə artır, yüzlərlə ailə yarıda dağılır. Bu boşanmalarda ən çox zərər çəkən də, şübhəsiz, uşaqlar olur.

Tərəflər ayrıldıqdan sonra fərqli həyatlar qurub, fərqli həyat hekayələri yaşaya biləcəkləri halda, bir uşağın həyat hekayəsinin əsas sivmolu valideynləridir.

Bu səbəblərdən, ailə bütövlüyünün pozulmasının fəsadları ən çox o ailənin uşaqlarının taleyində özünü göstərir. Ailə böyük dəyərdir. Bu mənada düzgün təməllər üzərində qurulmayan ailələr cəmiyyət üçün böyük zərər deməkdir.

Qoşqar MəhərrəmovSamirə Məhərrəmova cəmiyyətdə bu tipli problemlərin yaranmaması, ailələrin dağılmaması üçün ən başdan düzgün insan seçmək, insanların doğru evliliklərə nail olmalarına yardım göstərmək məqsədilə “Evlilik məktəbi” yaradıblar.

Bu məktəbin layihə rəhbəri Qoşqar müəllim və onun həyat yoldaşı Samirə xanımla söhbətimizi təqdim edirik.

***

– Evlilik məktəbi fikri necə yarandı? Evliliyin də məktəbimi olar?

Qoşqar Məhərrəmov: – Biz yoldaşımla illərdir müxtəlif ailələrlə tanış oluruq, bu ailələrin fərqli problemləri ilə qarşılaşırıq. Yaxın çevrəmizdə yeni ailə quran, qurmaq istəyən insanlar da olur. Və biz istər-istəməz bu proseslərlə yaxından əlaqədə oluruq. Ailə məsələlərində təcrübəmizə, bilgimizə arxalanan bu insanlar tez-tez bizə suallar ünvanlayırlar. Düzgün həyat yoldaşı, tərəf müqabili seçmək, ailədə müəyyən problemlərin necə həll olunması, ailənin necə idarə edilməsilə bağlı bizə tez-tez suallar verilir. Biz də əlimizdən gələn qədər bu sualları cavablandırmağa çalışırıq. Bu zaman ərzində anladıq ki, cəmiyyətimizdə Evlilik məktəbinin olmasına böyük ehtiyac var. Çünki insanların evliliklə bağlı biliklərinin azlığı onların bu qədər problem yaşamasına yol açır. Evlilik bir ömürlük çıxılan yol, marafondur. Bu yola çıxarkən müəyyən bilik və bacarıqlara sahib olmaq vacibdir. Əks halda, bu münasibətlər avtomobil sürməyi bacarmadan sükan arxasına əyləşib yola çıxmağa bənzəyir. Mahiyyəti tam anlamadan, möhkəm təməlləri olmadan qurulan ailələrdə konfliktlər, ailədaxili narazılıqlar çox olur. Bunların düzgün həll edilməməsi, böyüdülməsi də ailənin dağılmasına gətirib çıxarır. Biz həm də cəmiyyətimizdə ailəyə kənar müdaxilələrin çox olduğunu görürdük. Bu mənada, evliliyin çoxtərəfli mahiyyətini müxtəlif yönlərdən izah etmək, yaxşı təcrübələri insanlarla bölüşmək üçün bu məktəbi qurduq.

 

– Siz bu məktəbdə insanlara nələr öyrədirsiniz?

Samirə Məhərrəmova: Evlilik məktəbində biz insanlara ailədaxili problemlərin həllində dəstək olmağa çalışırıq. Layihəmiz yalnız ailəli insanlara yox, ailə qurmaq istəyən, nişanlı olan cütlüklər, eyni zamanda, tərəf müqabili seçimində çətinlik çəkən insanlara da dəstək məqsədlidir. Ailə qurduqdan sonra konfliktlərin, sıxıntıların yaranmaması üçün ortaya çıxan suallara birlikdə cavab tapmağa çalışırıq. Evlilik ancaq toy və nigah mərasimi ilə bitmir, onu davam etdirmək ən çətin, məsuliyyətli işdir. Ailə daxilində, əlbəttə, kiçik mübahisələr olur və bunlar qaçılmazdır. Amma önəmli olan bu kiçik krizis hallarının düzgün idarə olunması, həllinin tapmasıdır. Ailənin mərkəzində sevgi dayanır, amma bu, hər şeyi həll etmir. Bir ailənin düzgün təməllərlə qurulması üçün tərəflər arasında qarşılıqlı anlaşma, bir-birinin istəklərinə hörmət, səmimiyyət, fədakarlıq, güvən olmalıdır. Biz bu məktəbdə insanlara bunların önəmini öyrətməyə çalışırıq.

 

– Son bir ildə boşanma hallarının artması adətən karantin ilə əlaqələndirilir. Yəni günümüzdə evliliklər bu qədər səthi münasibətlər üstündə qurulur ki, belə səbəblərdən yüzlərlə evlilik bir gündə sonlandırılır?

Qoşqar Məhərrəmov: Bu, təkcə karantinlə bağlı deyil, ümumiyyətlə, dünyada ildən-ilə boşanmaların artması müşahidə olunur. Burda individuallaşma da xüsusi yer tutur. Əvvəl cəmiyyətlər kollektiv cəmiyyətlər adlanırdı, geniş ailələr var idi və insanlar həmin geniş ailələrdə özlərini xoşbəxt hiss edirdilər. İllər keçdikcə insanlar fiziki olaraq bir-birlərinə yaxınlaşsalar da, vahid bir ərazidə daha çox insan yaşasa da, sıxlıq artsa da, insanlar mənəvi olaraq bir-birindən uzaqlaşırlar. Bəzən hətta insanlar eyni evin içində yaşasalar da, mənəvi olaraq bir-birlərindən uzaq ola bilirlər. Burda bir çox fərqli faktor rol oynayır. Nəticə olaraq, günümüzdə insanlar çox tez və asan şəkildə ailələrini dağıdırlar və bunun da əziyyətini uşaqlar çəkir. Bu o demək deyil ki, müəyyən hallarda, ailəni davam etdirmək xətrinə insanlar bir-birlərinə dözməlidirlər. Biz demirik ki, boşanma ümumiyyətlə, çox pis bir haldır. Əgər boşanma halı bir zərurətin nəticəsində ortaya çıxırsa, bu, doğru addım ola bilər. Zərurət nədir? Əgər tərəflər bir-birlərinə tamamilə əks insanlardırsa və onların birlikdə xoşbəxt olması mümkün deyilsə, bir-birlərinə və böyütdükləri uşaqlara zərər verəcəklərsə, o ailənin davam etməyindənsə, etməməyi yaxşıdır. Biz Evlilik məktəbi olaraq insanlara bunları göstərməyə çalışırıq. Bizim şüarımız budur ki, “Dözmək?! Ayrılmaq?! Bir yol daha varmı?!”  Daha bir yol o ola bilər ki, insanlar, həqiqətən peşəkarlara müraciət edib öz problemlərini həll edə bilərlər.

 

– Boşanmaların artmasının bir səbəbi də birgə yaşayışın çətinləşməsi ola bilərmi? Bu məsələdə fərdləşmənin rol oynaması mümkündürmü?

Samirə Məhərrəmova: Boşanmaların fərqli səbəbləri olur. Ən birinci məsələ tərəflərin bir-birini tanımadan, xarakterlərinə bələd olmadan ailə qurmalarıdır. İnsanlar bəzən maddi durumuna, ya xarici görünüşünə görə özünə həyat yoldaşı seçir. Bu cür təməllər üzərində qurulan ailələrdə müəyyən müddət sonra boşanmalar qaçılmaz olur. Çünki bir müddət sonra artıq tərəflərdən biri anlayır ki, evləndiyi insan ona uyğun deyilmiş. İnsanlar boşanma hadisəsini yaşamamaq üçün bir-birlərinə güzəştə getməlidirlər. Mən bəzən problemli ailələrin tərəflərinə bu fikri deyəndə, qadın bunu özünü qarşı tərəfə əzdirmək kimi anlayır. Kişi də deyir ki, mən yoldaşıma çox şans verdim, amma bu işin axırı yaxşıya doğru getmir.

Tərəflər anlamalıdır ki, güzəştə getmək özünü, öz istəklərini ailəli qalmaq xətrinə qurban vermək deyil. Bu o deməkdir ki, sən yerindən, şəraitdən, mövzudan asılı olaraq güzəştə getməyi bacarmalısan. Əks halda, tərəflərdən biri daima susdurulmuş mövqedə qalır və o birinin isə ailədəki rolu daha üstün olur. Yəni güzəştə getmək məsələsində də balansı qorumaq lazımdır. Əks halda, müəyyən müddət sonra münasibətlərdə qəfil partlamalar olur. Buna görə tərəflər bir-birlərinə istəklərini, arzularını deməyi bacarmalıdırlar. Xüsusilə bu mövzuda təkbətək danışmalı, hətta bir-birlərinə məktub yazmalıdırlar. Mən ən çox bu üsulu bəyənirəm və bu metodu insanlara da tövsiyə edirəm. Evli cütlər “Mən səndən nə gözləyirəm”  mövzusunda məktubları bir-birinə yazıb həyat yoldaşlarından gözləntilərini səmimi şəkildə bildirsələr, bu, qarşılıqlı münasibətlər üçün daha effektli olar.

Bəzən cütlüklərin elə bəsit səbəblərdən boşandığına şahid oluram ki, bu, həqiqətən çox üzücüdür. İnanın ki, düzgün ünsiyyətlə, danışaraq çox şeyi həll etmək olar. Ən azından, o ailələrdə doğulan körpələr var və onlar  gələcəkdə öz valideynlərinin ayaq izləri ilə hərəkət edəcəklər. Ona görə də biz valideynlər addımlar atmalıyıq ki, onların da gələcəyi yaxşı olsun.

 

– Qloballaşan dünyada əcnəbilərlə evliliyin ailə mühitində ortaq dəyərlər yaratmaq, milli mənsubiyyətini hiss etmək baxımından nə kimi təsirləri var? Bu dəyərləri qoruyub saxlamaq və nəsildən-nəsilə düzgün ötürə bilmək üçün gənclərə məsləhətiniz nə olardı?

Qoşqar Məhərrəmov: Ümumiyyətlə, dünyada sərhədlər artıq simvolikləşir və insanlar transmilli evliliklər həyata keçirirlər. Bu zaman müxtəlif dinlər, mədəniyyətlər arasında bağlar, körpülər qurulur. Bu, əslində, bir mozaikadır. Dünya qloballaşır və bu qloballaşmanın içərisində öz rəngini qoruyub saxlayan insanlar, cəmiyyətlər bu mozaikanın bir naxışı olacaqlar. Digərləri isə bu mozaikanın içərisində öz rənglərini itirəcəklər ki, bu, hazırda dünyada yaşanan haldır. Əsrlər öncə müxtəlif  el-obaların fərqli geyimləri, öz adət-ənənələri var idi və bu simvollardan insanların milli mənsubiyyətini müəyyən etmək olurdu. Artıq bu, çox çətindir. Çünki indi anqlasakson bir Qərb mədəniyyətinin dünyaya hakim olduğunu müşahidə edirik. Artıq dünyanın hər tərəfində insanların geyim və davranışları bir-birinə bənzəməyə başlayıb və müəyyən cəmiyyətlərin milliliyi bir ritorika halını alıb. Yəni onların öz dəyərləri, simvolları ancaq müəyyən tədbirlərdə, rəqslərdə nəzərə çarpır, gündəlik həyatın gedişatında isə həmin izlərə rast gəlinmir. Bu, təkcə transmilli ailələr yox, digər ailələr üçün də keçərli reallıqdır.

Milliyyətcə fərqli insanların evliliklərində mənfi bir hal yoxdur. Ailə münasibətlərində insanların bir-birinə oxşaması, eyni millətdən olması yox, eyni yönə baxması önəm daşıyır. Bu cür ailələrdə insanlar əgər bir-birinin milli dəyərlərinə hörmət etməyə, onu öyrənməyə açıqdırlarsa, o ailənin uşaqları tolerant, beynəlmiləl və multikultral mühitdə böyüyə bilər. Belə mühitdə böyüyən uşaqlar özünü hansı mədəniyyətə daha yaxın hiss edirsə, o mədəniyyəti mənimsəyib onun dəyərlərinə görə yaşaya biləcəklər. Dünyada bu kimi nümunələr var. Bu cür ailə quran tərəflərin, sadəcə, özünü bilən, öz milli dəyərlərini qoruyub-saxlamağı bacaran və həm də multikultural dəyərlərə sahib şüurlu insanlar olması önəmlidir. Bu insanların öz mədəniyyətini bir dəyər olaraq bilib onu qoruyub-saxlaması çox önəmlidir. Əks halda, dediyim o mozaikanın içində itib batacaqlar. Bu da bir reallıqdır ki, bir çox insan Qərbə inteqrasiya olmaq niyyətiylə özünü, öz milli kimliyini tamamilə unudur və böyük bir okeanda itib yox olur. Anlamaq lazımdır ki, bu, geniş bir portretdir və bunun içərisində insanın öz rəngi ilə yer alması daha dəyərlidir. Milli mənsubiyyəti, dəyərləri qorumaq, bu mənada, çox əhəmiyyətlidir.

 

Natəvan ABDULLA




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir