aile

Ailədaxili münaqişələr: Həyat yoldaşları niyə qatilə çevrilir?

Baxış sayı: 820

Son zamanlar ölkədə ailə-məişət zəminində baş verən hadisələrin, cinayətlərin sayı nəzərəçarpacaq dərəcədə artıb. “Qadın ərini baltaladı”, “ailə münaqişəsi zəminində ər arvadının başını kəsdi”, “ər həyat yoldaşını güllələdi”, “kişi arvadının boğazını kəsdi”, “ər arvadını döyə-döyə öldürdü”… kimi xəbərləri demək olar ki, hər gün eşidirik. Əvvəllər nadir hallarda təsadüf olunan bu tip cinayətlər son dövrlərdə adi hal kimi qəbul olunmağa başlanılıb. Ən dəhşətlisidə odur ki, artıq zərif cinsin nümayəndələri də cinayətə əl atır, ailə münaqişə zəminində həyat yoldaşlarını odlu silahla, küt alətlə qətlə yetirirlər.

 

Son vaxtlar ailə münaqişəsi zəmnində törədilən cinayətlərin sayı niyə artıb, səbəblər nədir?

aile munaqisesi

“Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova deyir ki, son illər məişət zorakılığı, xüsusən qohumlar arasında zorakılıq aktları, ailə münaqişəsi zəminində yaralanma, ölüm halları çoxalıb:

“Ailədə zorakılıq hallarının artmasında səbəb sosial-psixoloji faktordur. Kütləvi deqradasiyaya səbəb olan filmlər, seriallar, lazımsız teleşoular ailə münasibətlərinə ciddi zərər vurur. Ailədə abır, ismət, həya, qarşılıqlı hörmət kimi vacib amillər yoxa çıxıb. Daha çox kim qışqırırsa, hökm edirsə o, qalib hesab olunur. Ailə münasibətlərində qalib olmamalıdır. Ailə münasibətlərində qarşılıqlı hörmət – nüfuz və anlaşma olmalıdır. Zorakılığın artımına təsir edən amillərdən biri də kişinin öz varlığını zorakılıq, şiddət yolu ilə təsdiq etməsidir. Müşahidələr göstərir ki, zəif kişilər qadını qorxu altında saxlamaqla özünə tabe etmək yolunu seçməyə üstünlük verirlər. O qadının şəxsiyyətini aşağılamaqla onu özünə tabe etdirmək istəyini ortaya qoyur. Bir- biri ilə hiss və düşüncələrini bölüşməyən insanlar arasında aqressiya daha çox artır. Evliliyin məcburi olması da hər iki tərəf arasında daxili natamamlıq hissini formalaşdırır. Ailə quran şəxslər arasında nikaha şüurlu girmək halı çox azdır. İnsanlar anlamalıdır ki, nikah böyük məsuliyyətdir. Təəssüf ki, bizdə nikah sadəcə, nəsilartırma prosesidir. Ailə üzvlərinin bir-birinə qarşı kifayət qədər məsuliyyətli ola bilməməsi zorakılığa rəvac verir”.

 aile

Millət vəkili Fazil Mustafa hesab edir ki, məişət zorakılıqlarının artmasına səbəb narkomaniya,  alkoqolizm, işsizlik və dözümsüzlükdür. Ancaq bütün bunların kökündə insanların təhsilsizliyi dayanır:

“Hazırda təhsilin hədəfi insanı cəmiyyətə hazırlamaq deyil. Hədəf baş qatmaq, universitetə qəbul olmaq üçün repetitor tutmaq, sonra da universiteti qurtarıb diplom almaqdır. Belə olan halda isə mədəni insan yetişə bilməz. Mədəni insan yetişdirmək üçün yaxşı mühit formalaşdırmaq lazımdır ki, bu mühit də onu yaxşı hədəfə doğru yönəldə bilsin. Təhsilsiz, hazırlıqsız insanlar cəmiyyətin, müasir dövrün psixoloji şərtlərinə hazır ola bilmirlər. Ona görə də insanlar vəhşiləşir, aqresiv davranış nümayiş etdirirlər. İbtidai insan kimi bir-birlərini baltalayırlar. Təssüf ki, bu gün Azərbaycanda ibtidai insan obrazı çoxalmağa başlayıb. Bu ibtidai insanı biz məktəbə cəlb edə bilmədiyimizə görə və məktəb mühitini də formal, ideoloji bir mərkəz olaraq gördüyümüzə görə belə hallar artır. Özümüzü aldadıriq ki, sanki bu gün məktəbdə dərs keçilir, insan yetişir. Heç də belə deyil. Bu gün hədəf doğru müəyyən olunmayıb. Bu səbəbdən də cəmiyyətdə belə hadisələr baş verir”.

 zorakiliq

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri, millət vəkili, professor Hicran Hüseynovanın sözlərinə görə, əfsuslar olsun ki, zorakılıq, xüsusən də, qadınlara qarşı zorakılıq halları müasir dövrün qlobal problemlərindən biri olaraq qalmaqdadır.

Ümümdünya Səhiyyə Təşkilatının təhlillərinə əsasən qadınlara (15-49 yaş arasında) qarşı zorakılığın yayılma nisbətləri Qərbi Sakit Okeanı Bölgəsində 20%, Avropa Bölgəsinin yüksək gəlirli ölkələrində 22% və Amerika Bölgəsində 25%, Afrika bölgəsində 33% arasındadır. Şərqi Aralıq dənizi Bölgəsində 31% və Cənub-Şərqi Asiya Bölgəsində 33% təşkil edir. Statistika göstərir ki, qanunun işlək olduğu Avropa ölkələrində belə, qadın hüquqları pozulur və belə hallar şərq ölkələrinə nisbətdə daha çoxdur. Ümumdünya Səhiyyə Təşkilatının məlumatlarına görə dünyada təxminən hər üç qadından biri (% 30) həyatı boyunca yaxın partnyoru və ya başqa bir şəxs tərəfindən fiziki və ya cinsi zorakılığa məruz qalır. Avropa Birliyinin Statistika İdarəsinin (Eurostat) 2017-ci il məlumatlarına görə, Fransa qadınların qətlə yetirilməsi üzrə AB-də liderdir. 2017-ci ildə Fransada 601, Almaniyada 380, İngiltərədə 227, İtaliyada 130, İspaniyada 113 qadın öldürülmüşdür. Nəzərə alsaq ki, COVİD-19 Pandemiyasının davam etdiyi bu son 2 ildə məişət zorakılıqlarının sayı artıb: “Burada bir məsələni də qeyd etmək istərdim ki, dünyagörüşü və patriarxal mədəniyyət bütün dünyada baş verən zorakılıq hallarına öz təsirini göstərməkdədir. Çox maraqlıdır ki, qadınlar bir sıra hallarda döyülməyə haqq qazandırırlar. Məsələn, ABŞ – 13%, Rusiya – 25%, Türkiyə – 25%,Fransa – 7%,İsveçrə -16%,Polşa – 10%,Pumıya – 11% qadınlar bu halı normaq qarşılayırlar. Azərbaycan gəldikdə isə qeyd etmək istərdim ki, aparılan təhlillər zamanı kişilərin 41%-i , qadınların 34,7%-i bildirib ki, “Qadın öz ailəsini qoruyub saxlamaq üçün zorakılığa dözməlidir”. Bütün bunlar bir daha onu göstərir ki, zorakılığa münasibət bir çox hallarda patriarxal mədəniyyətin və dünyagürüşünün nəticəsində formalaşır. Bu yanaşmanı aradan qaldırmaq uzun bir prosesdir”.

H. Hüseynova bildirir ki, qadın və qızlara qarşı zorakılıq ailələri və cəmiyyətləri bir araya gətirən ictimai əlaqələri zəiflədir və bütövlükdə, qlobal sülh, təhlükəsizliyə zərbə vurur. Həmçinin ölkələrin sosial sabitliyə və iqtisadi inkişafa nail olmasına mane olur. Məişət zorakılığı qadınlar, uşaqlar, ailələr və bütövlükdə cəmiyyət üçün ağır fiziki, emosional, iqtisadi və sosial nəticələr doğurur. Həmçinin qadınlara qarşı zorakılığın mühüm nəsillərarası fəsadları da var. Bunların sırasında körpə ölümü səviyyəsinin yüksək olması, uşaqların təhsil göstəricilərinin aşağı düşməsi, onların psixi, psixoloji və fiziki sağlamlıqlarında problemlərin yaranması, uşaqların zorakılığa məruz qalma və ya yetkinlik dövründə zorakılıq törətməsı, boşanma səviyyəsinin artması və ailələrin dağılması, qohumlararası münasibətlərin korlanması və s. təsirləri göstərmək olar. Bundan əlavə, qadınlara qarşı zorakılıq qadınlar və onların ailələri, habelə icmalar, cəmiyyətlər üçün əhəmiyyətli miqyasda iqtisadi yük yaradır. Qadınlara qarşı zorakılıq fərdlər, icmalar, ailələr və dövlət üçün doğurduğu xərclərdən başqa, bütün səviyyələrdə böyük iqtisadi xərclər doğurur. Bu, məşğulluğun və məhsuldarlığın aşağı düşməsi ilə nəticələnir, sosial xidmət sistemlərinin, ədliyyə sistemlərinin, tibb müəssisələrinin və işəgötürənlərin resurslarını tükədir.

H. Hüseynova vurğulayır ki, məişət zorakılığı baş verdikdə zərərçəkən şəxs və ya ailə üzvüləri, qohum, qonşu, bələdiyyə, icra nümayəndəliyi, QHT nümayəndəsi tərəfindən dərhal Daxili İşlər Nazirliyinin nəzdində fəaliyyət göstərən “102” xidmətinə, Təcili Tibbi Təxirəsalınmaz Yardımın “103”, Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı mübarizə İdarəsinin “152” xidməti zəng mərkəzlərinə, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin “860” və Azərbaycan Respublikasının Baş Prokurorluğunun “961”çağrı mərkəzinə müraciət edə bilər. İlk növbədə zorakılığı törətmiş şəxs və qurbanın vəziyyəti qiymətləndirilməlidir. Məsələnin həlli isə bu və ya digər qurum tərəfindən deyil, sistemli şəkildə həyata keçirməlidir. Əlbəttə ki, bu gün ölkədə məişət zorakılığının qurbanları üçün sığnacaqlar yetərli deyil. Lakin bu sahədə işlər görülür.

Millət vəkilinin dediyinə görə, “Məişət zorakılığının qarşısının alınması haqqında” Qanun 2010-cu ildə qəbul olunub. Qanuna əsasən, məişət zorakılığı “yaxın qohumluq münasibətlərindən, birgə və ya əvvəllər birgə yaşamaqlarından sui-istifadə etməklə, bu qanunun şamil edildiyi şəxslərin birinin digərinə qəsdən fiziki və ya mənəvi zərər vurmasıdır”. Qanunda məişət zorakılığı ilə üzləşmiş şəxslərin hara müraciət etməsi, ilkin olaraq hüquqi və psixoloji yardımların göstərilməsi, qadının sığınacağa göndərilməsi və sosial yönümlü yardımların göstərilməsi öz əksini tapsa da, bunları yerinə yetirmək üçün nə təlimatlandırılmış polis, psixoloq, sosial işçilər, ictimai vəkillər kimi mövcud insan resursları, nə də sığınacaqlar və müvəqqəti yaşayışla təmin edilmək üçün nəzərdə tutulan proqramlar yetərli səviyyədə deyil. Qanunda nəzərdə tutulan qısa və uzunmüddətli mühafizə orderlərinin verilməsində və onların icrasında da ciddi pozuntular müşahidə olunur: “Baxmayaraq ki, bu sahədə qanunvericilik formalaşıb, lakin reallıqda bir çox çətinlikləri müşahidə edirik. İlk növbədə, qeyd etmək lazımdır ki, bu sahədə peşəkar mütəxəssislərin azdır. Zərər çəkən şəxslərə və onların uşaqlarına göstərilən  xidmətlər daimi yaşayış yerindən asılı olmayaraq dərhal göstərilməlidir. Qeyd olunan məsələlərin lazımi səviyyədə yerinə yetirilməməsi zərər çəkən şəxslərin, xüsusilə də qadınların və uşaqların hüquqlarının bərpa olunmasında ciddi problemlər yaradır. Bunun üçün Daxili İşlər Nazirliyinin yerli idarələrində qadın polislərin, inspektorlarının və ya sosial işçilərin sayının artırılmasına ehtiyac var: “Məişət zorakılığının qarşısının alınması haqqında” Qanunun qəbul edilməsindən 10 ildən çox müddət keçir. Hazırda bu Qanunun tətbiqi zamanı yaranan bəzi çətinlikləri müşahidə edirik. Təcrübə göstərir ki, bu Qanunun təkmilləşdirilməsinə ehtiyac vardı. Məişət zorakılığı əməlini tam şəkildə kriminallaşdırmaq (cinayət işi kimi qəbul edilməsi) məqsədilə qanunvericiliyi yenidən nəzərdən keçirilməsi əsəs məsələlərdəndir”.

H.Hüseynova qeyd edir ki, 2020-ci ilin noyabr ayında Prezident İlham Əliyevin Sərəncamı ilə “Azərbaycan Respublikasında məişət zorakılığı ilə mübarizəyə dair 2020–2023-cü illər üçün” Milli Fəaliyyət Planı təsdiqlənib. Bu Planın icrasının təmin edilməsi ilə bağlı Nazirlər Kabinetinin Sərəncamı da mövcuddur: “Məişət zorakılığı ilə mübarizəyə dair Milli Fəaliyyət Planının yerinə yetirilməsi ilə bağlı tədbirlərin həyata keçirilməsi bizim bu istiqamətdə bir sıra nəticələr əldə etməyimizə müsbət təsir göstərəcəkdir. Xüsusilə də, məişət zorakılığının qarşısının alınması istiqamətində görülən işlərin səmərəliliyini artırmaq üçün qabaqlayıcı tədbirlərin gücləndirilməsi, zorakılıqdan zərər çəkmiş şəxslərə təxirəsalınmaz və hərtərəfli yardım göstərilməsi, xidmətlərə çıxışın əlçatan olması sahəsində mühüm işlər görülməlidir. Məişət zorakılığı ilə mübarizə sahəsində normativ hüquqi aktlarda nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi və səmərəliliyinin artırılması da qarşıda dayanan məsələlərdəndir. Bunun üçün həm yerli qanunvericiliyin təhlili aparılmalı, müsbət beynəlxalq təcrübə öyrənilməlidir.

zorakiliq

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova deyir ki, ailədaxili münaqişələrə, zorakılığa münasibət hər ailədə eyni deyil. İnsanlar çox hallarda ictimai qınaq səbəbindən bu kimi cinayətlərə səbəb olan halları – qadınların ailədə şiddətə, təzyiqlərə məruz qalmasını gizli saxlayırlar. İstər qonuşlar, istərsə də yaxın ailə üzvləri, valideynlər, zərər çəkənin özü də bu kimi hallar haqqında müvafiq qurumlara vaxtında məlumat vermir. Münaqişə ağır sonluqla nəticələndikdən, xəsarət və cinayət halları baş verdikdən sonra məlumat verilir: “Bu səbəbdən də biz bu insanlara vaxtında köməklik göstərə bilmirik. Əgər zorakılıq halı varsa bunun qarşısı vaxtında alınmalıdır. Bu kimi hallara laqeyd, biganə yanaşmaq olmaz. Münaqişələrin sonunun cinayətlə nəticələnməsini gözləmək doğru deyil. Məsələyə vaxtında müdaxilə olunmalıdır”.

ZORAKILIQ

Millət vəkili Tamam Cəfərovanın sözlərinə əsasən, qadınlara qarşı zorakılıq insan hüquqlarının kobud şəkildə pozulması olmaqla, qadınların öz hüquq və azdlıqlarından istifadə etməsi və dünyada prioritet olan gender siyasətinin həyata keciriməsi yolunda ən ciddi maneədir. Statistikaya görə, dünyada hər 3 qadından biri nə vaxtsa zorakılığa məruz qalıb. Zorakılığı törədənlərin əksəriyyəti kişilərdir. Bunun əsas səbəbi qadınlar və kişilər arasında cəmiyyətdə əsrlər boyu mövcud olan bərabərsizlikdir.

Millət vəkilinin fikrincə, qadınlara qarşı zorakılığın ən geniş yayılmış forması məişət zorakılığıdir. Qadınlar məhz öz evlərində ən yaxınları: ataları, qardaşları, ərləri, birlikdə yaşadıqları kişilər tərəfindən zorakılığa məruz qalırlar. Baxmayaraq ki, məişət zorakılığı hallarını ciddi və təkrarlanan qanun pozuntusu hesab etmək olar, onların ciddliyi çox zaman kifayət qədər qiymətləndirilmir və günahkarlar nadir hallarda məsuliyyətə cəlb edilirlər. Məişət zorakılığı təkcə qadınlara qarşı zorakılıq deyil, ailənin digər üzvlərinə qarşı və həmçinin digər üzvləri tərəfindən törədilə bilər. Son aylarda Azərbaycanda ailədaxili münaqişələrin və məişət zorakılığı hallarının sayı xeyli artıb. Demək olar əksər ailələrdə məişət zorakılığı özünü müəyyən formalarda biruzə verir. Kimdəsə bu fiziki, cinsi şiddət, kimdəsə də psixoloji təzyiq və təcrid edilmə kimi formalarda müşahidə olunur. Ailə-məişət zəminində baş verən cinayətlərin sayında sürətli artması, xüsusən də ailədə qadınlara qarşı zorakılıq səbəbindən ölüm hallarının sayının çoxalması narahatlıq doğurur. Təssüf ki, hər həftə mətbuatda həyat yoldaşına şiddət tətbiq edən, öldürən kişilər haqqında xəbərlərlə rastlaşırıq. Son vaxtlar kişilərin qadınlar tərəfindən öldürülməsi hallarına da rast gəlirik. Bütün bunların məişət zəminində baş verməsi o deməkdir ki, ailələrdə ciddi problemlər var. Əgər ailədaxili problemlər vaxtında həll olunsaydı, bu şiddət, qətl, yaxud intihar səviyyəsinə çatmazdı”.

T. Cəfərova bildirir ki, təəssüf ki, bu gün Azərbaycan cəmiyyətində məişət zorakılığı hələ də ailənin daxili məsələsi sayılır, zorakılıq edən, şiddət törədən tərəf deyil, zorakılığa məruz qalan tərəf qınanılır. Qətl hadisələrinin artmasının səbəblərindən biri də zorakılıqdan şikayət edən qadınlara qarşı mənfi ictimai qınağın olmasıdır. Yəni, zorakılığa məruz qalan qadın hüquq-mühafizə orqanlarına müraciət etmək istədikdə çox ciddi qınaqla qarşılaşır. Bəzi hallarda hüquq-mühafizə orqanları da bu məsələlərdə yetərincə həssaslıq göstərmir:

“Yaxşı olardı ki, belə hallarda qadınların müraciətinə qadın polislər baxsın. Bunun üçün qadın polislərin sayının artması çox vacibdir. Ümumiyyətlə, məişət zorakılığı sahəsində ixtisaslaşmış polis işçiləri olmalıdır və onlar üçün xüsusi təlimlər keçirilməlidir. Məişət zorakılığının qarşısının alınması üçün qabaqlayıcı tədbirlərin keçirilməsi çox vacibdir. Cəmiyyətdə zorakılığa qarşı maarifləndirmə işlərinin aparılması güclənməlidir və bu tədbirlər müxtəlif hədəf qrupları arasında tətbiq olunmalıdır”.

aile

Psixoloq Vəfa Əkbərin söylədiyinə görə, ailədaxili konfliktlər bir çox səbəblərdən baş verir. Ancaq ən başlıca səbəb tərəflərin bir-birini başa düşməməsidir: “Evdə iki yetkin insan, ailənin bünövrəsi bir-birini anlamır, başa düşmür və ya başa düşmək istəmir. Tərəflərdən biri istismar olunur və ya təzyiq altında qalır. Bu hal çox davam etdiyi təqdirdə qarşı tərəf öz haqqını sözlə tələb edə bilmədiyi üçün şiddətə əl atır. Ailədaxili konflikləri, problemləri tərəflər qonum-qonşu, qohum əqrabaya danışmaq yerinə psixoloqa müraciət etməlidirlər. Psixoloqla söhbət tərəflər arasındakı anlaşılmazlığın, gərginliyin aradan qaldırılmasına yardımçı ola bilər”.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir