kisi-qadin

“Öz istəyi ilə ərinin ayağını yuyursa – problem yoxdur, məcburən edirsə – bu, zorakılıqdır”

Baxış sayı: 664
“Xəzər” TV-də yayımlanan “Təsir dairəsi” verilişində aparıcı Lalə Azərtaşın səsləndirdiyi fikirlər müzakirələrə səbəb olub. Aparıcı verilişdə boşanmadan danışarkən, geniş müzakirəyə səbəb olan bu fikirləri səsləndirib: “Ailələrin dağılmasının qəti əleyhinəyik. Bu da yeni çıxıb. Qadınsan, ailən varsa, kişinin ayağını da yuyacaqsan, hələ nənə-babalarımız demiş, ayağının kirini, suyunu da içəcəksən”.Aparıcının səsləndirdiyi fikri qadının şəxsiyyətinə qarşı təhqir hesab edənlər də var, fikrin məcazi mənada işləndiyini əsas gətirərək məsələyə hörmət, qayğı prizmasından yanaşanlar da.“Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova mövzu ilə bağlı  deyir ki, aparıcının mövqeyi şəxsi seçimdir, amma o halda ki, qarşı tərəfin istəklərinin əleyhinə olmasın: “Əgər hansısa hərəkət qarşı tərəfin istəyinin əleyhinə deyilsə, o, zorakılıq sayılmır. Təlimlərin birində iştirakçılardan bir nəfər – qadın müəllim özü demişdi ki, həyat yoldaşının ayağını yumaqdan zövq alır. Amma bu, o demək deyil ki, bunu təbliğ edə, ənənə kimi qələmə verəsən. Elə adamlar var ki, kobud şəkildə həyat yoldaşına “az, dur gəl, ayağımı yu” deyir. Bəzən qaynana gəlini məcbur edir ki, “ərinin ayağını yumaq sənin borcundur” və s. Bu, zorakılıqdır”.“Lakin kimsə bunu qayğı, nəvaziş olaraq edirsə, buna da qarışa bilmərik. Elə adamlar da var ki, bundan iyrənir, qəbul edə bilmir. Onlara bunu etmək zorakılıqdır. Hər kəsin öz seçimi var, hörmət etmək lazımdır. Amma xoş qarşılamayan insana məcazi mənada da olsa, bu fikri demək və “ailəndir, buna dözməlisən” söyləmək düzgün deyil. Bir də ki, ayağının suyunu içmək məsələsi, ümumiyyətlə, iyrənclikdir. Axı bu, xalqın elə murndarlığı yoxdur”, – deyə həmsöhbətimiz bildirib.

Onun sözlərinə görə, bu cür deyimlər öz təsdiqini tapmayıb: “Mən vaxtilə gəlin-qaynana münasibətlərini araşdırırdım. Deyirdilər, gəlin qaynana-qaynatanın dabanını təmizləyirsə, o, yaxşı gəlindir. “Qadın ərinin ayağını da yuyar, suyunu da içər” kimi deyimlərə də rast gəldim. Lakin bunların elə sadəcə bir deyim olduğunu gördüm, kiminsə etdiyini eşitmədim. Bir çox deyimlər var ki, onlar da ilkin versiyadan çox fərqlənir. Buna görə dildən-dilə keçən bu cür fikirləri televiziya kimi geniş auditoriyaya xitab edən yerdən səsləndirməyimiz düzgün deyil”.

Zeynalova ailə daxilində öhdəliklərin paylanması, qarşılıqlı anlaşma məsələlərinə də toxunub: “Qadına dəyər vermək lazımdır. O görsə ki, yaxşı hazırlamadığı yeməyi belə, həyat yoldaşı bəh-bəhlə yeyir, ona xoş sözlər deyir, təbii ki, xanım daha da həvəslənəcək, yoldaşına daha çox qayğı göstərəcək. İndi xanımına ev işlərində belə, kömək edən kişilər var. Bu, o demək deyil ki, onlar xanımalarına kömək etməklə aşağılanır və yaxud kişilik statusları aşağı düşür. Ailə içində hər şey ola bilər. Elə hadisə ola bilər ki, kişi evdə yemək də bişirə bilər, uşağa da baxa bilər, bunda pis nəsə yoxdur. O ailələr möhkəmdir ki, onlarda ərlə arvad öz aralarında öhdəlikləri paylaşa bilirlər. Yoxsa məcburi öhdəliklər qoymaq düzgün yanaşma deyil”.

“Mən xanımın təhqir edilməsinin də əleyhinəyəm. Nəzərə almaq lazımdır, televiziya elə bir yerdir ki, oradan səslənən bir söz bir anda 7-8 milyon insana fərqli cür təsir edə bilər. Hazırda da sosial şəbəkədə bunu müşahidə edirik. Bu dəqiqə insanların psixoloji durumu elədir ki, hər kəs baş verənləri öz həssas vəziyyətinə uyğun qəbul edir. İndi efirdən bu cür fikir səsləndirildikdə kimlərsə deyə bilər ki, bu, ənənəmizdir, etməliyik. Bu halda davranış dəyişmiş olur. Təsadüfi deyilən bir fikir çox şeyi dəyişə bilər. Qadını hansısa formada idarə edən qruplar var. Onların yanaşmasını da nəzərə almaq və ehtiyatlı cümlələr qurmaq lazımdır”, – deyə müsahibimiz fikrini yekunlaşdırıb.

 

Banu Çiçək




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir