Türkiyəli tanınmış məşqçi: “Dedilər onu gətir, futbolçu olmağına icazə verək” – MÜSAHİBƏ

Baxış sayı: 1. 899

“Gencaile.az” saytının “11 sual” rubrikasının budəfəki qonağı futbol üzrə Azərbaycan çempionatında işləmiş ilk əcnəbi mütəxəssis olan və müxtəlif dövrlərdə üç dəfə Tovuz “Turan”ına rəhbərlik etmiş Naci Şensoydur

–  Futbolçu olmaq istəyiniz valideynləriniz tərəfindən necə qarşılanmışdı?

– Valideynlərim müəllim idi və mənə də ali təhsil almaq məsələsini əsas şərt kimi qoymuşdular. Dedilər ki, bizə ali məktəb diplomunu gətirdikdən sonra sənin futbolçu olmağına mane olmayacağıq. Mən də sağ əlimdə kitablar, sol əlimdə isə topla yaşamağa başladım. Nəticədə isə İqtisadiyyat Universitetinin Beynəlxalq Marketinq fakultəsinə daxil oldum və oranı bitirdim. Bununla yanaşı, o vaxtkı Yuqaslaviyada 9, Türkiyədə isə 6 il futbolçu karyeramı davam etdirdim.

– Deyə bilərikmi ki, futbolçu olmasanız, indi beynəlxalq marketinq işi ilə məşğul idiniz?

–  Yəqin ki, elə olardı. Amma mən futbol sahəsini seçdim.

– Yeri gəlmişkən, ailə həyatı qurmağa hazırlaşanda gələcək həyat yoldaşınız futbolçu ilə ailə qurmağa tərəddüd etmədi ki?

– Mənim yoldaşımın atası da keçmiş futbolçu idi və bu səbəbdən belə bir problem olmadı.

– Bəs sonradan necə, həyat yoldaşınız futbol adamı ilə ailə qurmağın peşmanlığını yaşamadı?

– Yox, onsuz da bütün peşələrin özünəməxsus çətinlikləri olur. Guya hansı iş asandır ki?! Amma mənim peşəm elədir ki, əksər hallarda evdən kənarda oluram və birgə zaman keçirmək imkanımız az olur. Bundan əlavə, işimizdən dolayı çox vaxt stress keçirir və əsəbi oluruq. Düzdür, mən işimlə bağlı yaşanan çətinlikləri evimdə, ailəmdə hiss etdirməməyə çalışıram, ancaq yenə də istər-istəməz əhval-ruhiyyəm pis olanda bu, ailəmə də təsir edir. Odur ki, bizim kaprizlərimizə tab gətirdiyinə görə xanımlara təşəkkür düşür.

naci 1– Futbol adamları daim diqqət mərkəzində olan insanlardır. Maraqlıdır, həyat yoldaşınızdan bu səbəbdən qısqanclıq hiss edirsinizmi?

– Əvvəla onu deyim ki, həyat yoldaşım çox sadə adamdır və tanınmış sima olmağı xoşlamır. Qaldı, məni qısqanma məsələsinə, belə bir şeydən söhbət gedə bilməz.

– Futbol adamları adətən evindən, ailəsindən kənarda olur. Siz yaxınlarınızdan uzaqda olanda ən çox hansı problemlə üzləşirsiniz?

– Dediyiniz kimi, idman sahəsində olan adamların ailəsinə vaxt ayırması çətindir. Nəzərə alsaq ki, mən 6 fərqli ölkədə məşqçi kimi çalışmışam, deməli, mənim üçün vəziyyət bir az da qəlizdir. Hərdən düşünürəm ki, necə olub ki, indiyə qədər yoldaşım məndən boşanmayıb. Unutmayın ki, ən çox boşanan peşə sahibləri arasında futbol mütəxəssisləri də var. Amma bilirəm ki, mən ailəm üçün çalışmalıyam və onların ehtiyacını ödəmək üçün hər çətinliyə dözməliyəm. Həmişə ailəm üçün hər şeyin ən yaxşısını etməyə səy göstərmişəm. Hər iki övladımın ali təhsilli olması məni sevindirir. Yəqin ki, həyat yoldaşım da bütün bunları nəzərə alaraq mənimlə yaşamağa davam etməkdədir.

naci 2–  Övladlarınızı sıxmağın tərəfdarı olmusuz, yoxsa sərbəstlik verməyin?

– Livanlı yazıçı və rəssam Xəlil Cibranın yaxşı bir sözü var. Deyir ki, övladlarınıza sevginizi verə bilərsiniz, amma düşüncələrinizi əsla. Mən də övladlarımı bu düşüncə ilə böyütmüşəm. Məncə, onlar bu dünyaya öz fikirləri ilə birgə gəlirlər. Mən sadəcə, onları istiqamətləndirirəm.

– Xasiyyət baxımından hansı sizə bənzəyir: oğlunuz, yoxsa qızınız?

– Bayaq Xəlil Cibrandan misal çəkdim. Bu sualın cavabı üçün də onun dediklərinə müraciət edəcəm. Cibran deyir ki, uşaqlarınızı özünüzə bənzətməyə çalışmayın, çünki ola bilər ki, siz onlara oxşayırsınız. Bu mənada xasiyyətcə mən qızıma, oğlum isə yoldaşıma bənzəyir.

– Məşqçi karyeranızla bağlı ən çox hansı məqama görə təəssüflənirsinz?

– Futbolçu karyeramı bitirdikdən sonra artıq təxminən 20 ildir ki, məşqçi kimi çalışıram. Amma hazırda haqqım olan mövqeydə olmadığımı düşünərəm. İndiyə kimi, Türkiyə ilə yanaşı, Azərbaycan, Serbiya, Bolqarıstan, Albaniya və Səudiyyə Ərəbistanı kimi ölkələrdə çalışmışam. Məsələn, Azərbaycanda işləyəndə ölkənizin milli komandasını çalışdırmaq əsas hədəfim idi, amma alınmadı. Düzdür, həmin vaxt məni Azərbaycan yığmasına dəvət edən mərhum AFFA prezidenti Ramiz Mirzəyev vaxtsız vəfat etməsəydi, yəqin ki, milli komandanı çalışdıracaqdım, amma qismət olmadı. Eləcə də Türkiyə yığmasında mənə etimad göstərilməməsi üzündən təəssüf hissi keçirirəm. Açığı, Türkiyə yığmasının hazırkı məşqçilərindən heç də geri qaldığımı düşünmürəm, hətta onlardan üstün olduğumu düşündüyüm anlar da olur.

– İmkanınız olsaydı, həyatınızda nəyi dəyişərdiniz?   

– Açığı, heç nəyi dəyişmək istəməzdim. Bundan sonra on dəfə də bu dünyaya gəlsəm, Allahın mənə eyni taleni yazmasını, eyni xarakterdə olmağı istəyərdim, çünki öz xarakterimlə qürur duyuram.

Futbolçu həyatınızda yəqin elə hadisələr olub ki, indi də xatırlayanda gülməyə bilmirsinz

–  1991-ci ildə “Vanspor”da forma geyəndə maraqlı hadisə ilə qarşılaşmışdım. Həmin mövsüm “Diyarbakırspor”la oyunda komanda yoldaşlarım süni ofsayd yaratmaq istəyində idilər. Həmin anda bir-birinə kürdcə ”derkeve” deməyi planlaşdırırdılar ki, bunun da türkcə mənası müdafiədən çıxırıq deməkdir. Mən isə rəqib komandanın əksər oyunçularının kürdcə anladığını bildiyimdən onlarla razılaşmır və həmin sözü serb dilində deməyi təklif edirdim. Ancaq mənimlə razılaşmadılar və öz dediklərini həyata keçirməyə qərar verdilər. Oyunun gedişində 2:1 öndə idik və son dəqiqələr idi. Qapımıza uzaq məsafədən cərimə zərbəsi təyin edilmişdi və rəqib oyunçu topu bizim cərimə meydançasına ötürəcəkdi. Bu anda komanda yoldaşlarımızdan biri ”derkeve” dedi. Həmin anda “Diyarbakırspor”lu oyunçuların bu sözü başa düşdüyünü anladıq və həmin komanda yoldaşım bu dəfə müdafiədən çıxmırıq anlamına gələn “Ne derkeve” deməyə başladı. Bir neçə saniyə sonra isə yenidən ”derkeve” dedi. Elə həmin anda məndə çaşqınlıq yarandı və top qapı qarşısına ötürülən anda cərimə meydançasının içərisində qalmaqla özümdə bilmədən süni ofsaydı pozdum. Nəticədə isə rəqib komanda hesabı bərabərləşdirdi. Həmin oyundan sonra baş verənlərə çox gülmüşdük və hələ də o qarşılaşmada baş verənləri yadımdan çıxarda bilmirəm.

Söhbətləşdi: Tural Məmmədov

 naci 5 naci 6 naci

 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir