Təəssüf ki, biz çox zaman ən güclü haqsızlığı ən yaxın adamlarımızdan görürük. İnsanların əksəriyyəti həyatın çox erkən dövrlərində edilən bu haqsızlığı bütün həyatı boyu unuda bilmir. Trend-in Rusiya KİV-ə istinadən verdiyi məlumata görə, bunu psixoloqlar da təsdiqləyirlər. Mütəxəssislər uşaqların ən çox nədən incidiklərini, valideynin məhz hansı söz, fikir və ifadələrinin uşaqların gələcək həyatında iz qoyduğunu öyrənib və valideynləri uşaqlara münasibətdə hansı səhvlərə yol verməməyi müəyyənləşdiriblər.
Alimlərin fikrincə, böyüməkdə olan uşaqların öz valideynlərindən inciməsinin ən geniş yayılmış səbəbi valideynin uşağın fikri ilə razılaşmaq istəməməsi və ya baçarmaması, “Çox şey istəyirsən!”, “Mən nə deyirəm, onu edəcəksən” kimi ifadələr işlətməsidir. Uşağın yaddaşında bu cür sözlər uzun illər qalır.
Yaxın adamın haqsız mühakiməsi qədər heç nə güclü şəkildə yaralamır. Təəssüf ki, çox tez-tez valideynlər öz uşaqlarını hətta heç etmədikləri əməllərə görə ədalətsiz şəkildə mühakimə edirlər. Bu küskünlük də uşağın bütün ömrü boyu yaddaşında qala bilər.
Yaxın yaşlı qohumun satqınlığını uşaqların əksəriyyəti heç vaxt unutmur. Verilən vədə əməl etməmə, uşağın məhrəm sirlərinin başqa adamlara verilməsi, başqa adamların maraqlarının uşağın maraqlarından üstün tutulması, yaşlı adamların belə hərəkətləri uşağa və onun valideynlərinə münasibətinə çox güclü şəkildə mənfi təsir göstərir.
Biganəlik uşaqlara münasibətdə yol verilən ən ciddi səhvlərdən biridir. “Nə edirsən et, mənə dəxli yoxdur”. Valideynin uşağa bu cür münasibəti uşağı heç də daimi qadağa və diktələrdən az incitmir. Ata-ana tərəfindən öz doğma övladına qarşı belə biganə, kənarlaşdırıcı münasibət ciddi psixoloji zədələrə səbəb ola bilər ki, bu da onun bütün gələcək həyatında silinməz iz qoya bilər.
Kiçik yaşlarında valideynlərin uşağı qardaşları, bacıları və ya dostları ilə müqayisə etməsi onun qəlbinə çox güclü yara vura bilər. Xüsusilə də bu, çox vaxt keyfiyyətləri müqayisə edilənin xeyrinə olmadıqda.
Uşaqları aldatmaq olmaz. Çox tez-tez valideynlər uşaqlarını aldadırlar. Lakin belə yalan, hətta ən xeyirxah məqsədlər üçün edilsə belə, uşağın öz valideynlərinə qarşı ciddi incikliyinə səbəb ola bilər.
Heç vaxt “Mən sənə inanmıram” deməyin. Hətta öz uşaqlarını çox sevən valideynlər belə, öz uşağının gücünə inanmadığını nümayiş etdirməklə çox böyük səhvə yol verirlər. Uşağın beynində əbədi kök sala biləcək “Ver, mən daha yaxşı edirəm”, “Onsuz da səndə heç nə alınmayacaq”, “Axı sən belə bacarıqla kimə lazımsan?” kimi ifadələr onun gələcək həyatında ciddi iz qoya bilər.
Uşağın valideynindən küsməsi üçün çoxlu səbəblər ola bilər. Onlardan bəziləri heç bir iz qoymadan, çox tez unudulur, bir hissəsi isə uzun müddət yaddan çıxmır. Ona görə də bütün valideynlərin məhz hansı hərəkətin, sözün və ya emosiyanın (və ya onların olmamasının) uzun illər ciddi incikliyə səbəb olaraq körpənin bütün gələcək həyatına təsir edəcəyini bilmələri çox vacibdir.