pese

Peşə seçərkən nələrə diqqət etməli? – ARAŞDIRMA

Baxış sayı: 506

İnsanın həyatının ən vacib, mürəkkəb və taleyüklü məsələlərindən biri peşə seçimidir. Nə üçün biz bu və ya digər peşəni seçirik? İnsana elə gəlir ki, yəqin bu sualın cavabı peşə fəaliyyətinin özünə olan marağı ilə bağlıdır. Lakin psixoloqlar insanları əmək fəaliyyətinin beş əsas motivini müəyyən ediblər:

1)  Maddi vəsait əmək haqqı.

2)  İşin stabitliyi insan ona görə işləyir ki, bu iş onun gələcəyinə ümid verir, çünki stabil və etibarlıdır.

3) Həmkarlarla ünsiyyət insan ona görə işləyir ki, onu maraqlı insanlar, mehriban kollektiv əhatə edir və bu ünsiyyət ona sevinc gətirir.

4) Peşənin nüfüzlü olması hər bir insan seçdiyi peşənin cəmiyyətdə, onu tanıyanlar arasında nüfüzlü olmasını istəyir.

5) Peşəkarlıq öz ixtisasını mükəmməl bilmək, yüksək peşəkarlıq insana əmək fəaliyyətindən həzz almağa stimul verir.

 

Qeyd edək ki, 240 minə yaxın peşə növü var. Bunların ən əsaslarına nəzər salaq:

 

İnsan – təbiət

İnsan – texnika

İnsan – insan

İnsan – işarələr sistemi

İnsan – bədii obraz

 

“İnsan-təbiət” peşə növünün nümayəndələrinə təbiətə məhəbbət hissi xasdır. Əgər şəxs təbiətə öz iş yeri, yaradıcılıq emalatxanası kimi münasibət bəsləyirsə, bu tip peşələr ona uyğundur, əgər təbiətə yalnız təmiz hava udmaq, gəzmək, istirahət etmək kimi münasibət bəsləyirsə, bu tip peşələr ona yararsızdır.

“İnsan-texnika” bu tip peşələrdə istifadə edilən texniki obyektlərin xüsusiyyətləri əsasında peşə tələbləri müəyyən əlamətlərə görə dəqiq müəyyənləşə bilər. Texniki obyektlərin emalı, çevrilməsi, yerdəyişməsi, qiymətləndirilməsi zamanı işçidən hərəkətlərin konkretliyi, dəqiqliyi, müəyyənliyi, tələb olunur. Bu sahədə praktik təfəkkürün böyük rolu var. Texniki fantaziya, texniki obyekt və onların hisslərini xəyalən birləşdirmək və ayırmaq qabiliyyəti bu sahədə müvəffəqiyyətin mühüm amillərindəndir.

“İnsan-insan” peşə növündə əməyin əsas məzmunu insanlar arasında münasibətlərin, qarşılıqlı təsir əlaqələrinin qurulmasından ibarət olur. Əgər belə münasibətlər çətinliklə qurulursa, işdə də çətinliklər yaşanacaq. Bu baxımdan insanlar arasında münasibət, ünsiyyət yaradılması, insanları başa düşmək, onları tanımaq, insanlarla “dil tapmaq”, onların xüsusiyyətlərini fərqləndirə bilmək qabiliyyəti mühüm rol oynayır. Bu tip peşələrdə müvəffəqiyyətlə işləmək üçün sadalanan şəxsi keyfiyyətlər aparıcı rol oynayır: insanlarla iş prosesində daima yaxşı əhval-ruhiyyənin olması, ünsiyyətə ehtiyac, özünü xəyalən başqasının yerində təsəvvür etmək qabiliyyəti, bunun nəticəsində insanların məqsəd, niyyət və əhval-ruhiyyələrini başa düşmək, insanların qarşılıqlı münasibətlərini araşdırmaq bacarığı, çoxlu sayda insanların şəxsi keyfiyyətləri haqqında məlumatları yadda saxlamaq qabiliyyəti, hər tip insanla “dil tapmaq” bacarığı, səbr, hövsələ, təmkin, mülayimlik insanları dinləməyi bacarmaq.

“İnsan-işarələr” biz gündəlik həyatımızda işarələr sistemi ilə təsəvvür etdiyimizdən də çox rastlaşırıq. Bu işarələr rəqəm, kod, şərti işarə, çertyoj, təbii və süni dillərdən ibarətdir. İstənilən halda insan işarəni, nişanı real obyekt və ya hadisənin simvolu kimi qəbul edir. Ona görə də işarə sistemi ilə işləyən mütəxəssis bir tərəfdən bu və ya digər simvollarla işarə edilən cisimlərin, maddələrin real fiziki, kimyəvi, mexaniki xassələrini mücərrədləşdirməli, digər tərəfdən bu işarələrin ifadə etdiyi real hadisə və obyektlərin xüsusiyyətlərini təsəvvür etməli, qavramalıdır. Başqa sözlə, bu tip peşələri seçənlər güclü inkişaf etmiş mücərrəd təfəkkürə və yaradıcı təxəyyülə malik olmalıdır.

“İnsan – bədii obraz” incəsənət, musiqi, bədii ədəbiyyat, aktyor, səhnə fəaliyyəti ilə bağlı peşələrin tələbləri əsasən bunlardan ibarətdir: insan incəsənətə, yaradıcılıq təxəyyülünə, obrazlı təfəkkürə sahib olmalı, yüksək əməksevərliyi ilə fərqlənməlidir. Bu sahə ilə bağlı əməyin son nəticəsinin müşahidəsi, çox vaxt iş prosesinin asanlığı barədə səhv təsəvvür formalaşdırır. Bilmək lazımdır ki, ilk baxışda asan və sadə görünən bu nailiyyətlərin arxasında gündəlik gərginlik dayanır. İncəsənət işçisi öz əməyinin nəticəsindən razı qalması üçün ictimai rəyə real qiymət verməli (layiq olduğundan artıq şan-şöhrətə, populyarlığa iddia etməməli), daim məqsədə can atmalıdır.

Hər bir peşə növü insan qarşısında müəyyən tələblər qoyur. Peşə seçimi zamanı sanqviniklər mühəndis, rəhbər, məşqçi, pedaqoq, həkim, kommersant, tibb bacısı, satıcı, psixoloq, sürücü, jurnalist və s. kimi peşələrə üstünlük verirlər.

Sanqviniklər səbr, təmkin tələb edən, yeknəsək işləri xoşlamırlar. Məsələn; proqramçı, saatsaz və s.

Xolerikləri təmin edən peşələr: menecer, cərrah, tikinti işçisi, çilingər, aşbaz, məşqçi və s. Xoşlamadığı peşələr: mühasib, kitabxanaçı və s.

Fleqmatiki təmin edən peşələr: diş texniki, iqtisadçı, mühasib, kompüter mühəndisi, katibə, makinaçı, tikişçi, aşbaz, proqramçı, çilingər və s. Xoşlamadığı peşələr: artist, kommersant, dəllək və s.

Melanxoliki təmin edən peşələr: kompüter mühəndisi, bioloq, kitabxanaçı, müsiqiçi, katibə, makinaçı, gülçü və s. Xoşlamadığı peşələr: təyyarəçi, sürücü, cərrah, bir sözlə risk və məsuliyyət tələb edən işlər. Hansı peşəni seçməyinizdən asılı olmayaraq çalışın öz peşənizin peşəkarı olasınız!




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir