Bu günlərdə peşə məktəblərinə tələbə qəbulunun I mərhələsinin nəticələri açıqlanıb. Peşə Təhsili üzrə Dövlət Agentliyindən verilən məlumata görə, 2022-2023-cü tədris ili üzrə tələbə qəbulu 66 peşə məktəbində 127 ixtisas olmaqla 23 min 340 yer üzrə aparılıb. İlk mərhələdə www.portal.edu.az platforması vasitəsilə 22 min 16 nəfərdən 59 min 993 müraciət daxil olub. Alınan nəticələr builki müraciətçi sayının ötən ilin analoji göstəriciləri ilə müqayisədə 48 faiz çox olduğunu göstərir. Xüsusilə də, dövlət vəsaiti hesabına qəbul planının 1880 plan yeri artırılması (13 faiz) peşə təhsilini gənclərimiz üçün daha əlverişli edib. Ümumilikdə son iki il ərzində peşə təhsili müəssisələrinə qəbul olunanların sayında 17.3 faiz artım baş verib.
“Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”na görə, növbəti 4 il ərzində peşə təhsili müəssisələrinə qəbul olunanların sayı 17140 tələbəyə çatdırılacaq. Bu o deməkdir ki, sənədin əhatə etdiyi dövr ərzində peşə təhsili müəssisələrinə qəbul olunan tələbələrin sayı 11000 nəfər, yəni 50 faiz artacaq.
Bu il peşə təhsili almaq istəyən şəxslər, əsasən İKT, turizm, sənaye və iaşə istiqamətlərində olan ixtisasları seçməyə üstünlük veriblər. Son illərin göstəriciləri üzərindən aparılan təhlil göstərir ki, aşpaz, bərbər, dərzi kimi ənənəvi ixtisaslarla yanaşı, dövrün tələbləri ilə ayaqlaşan qrafik dizayner, kompüter operatoru, əməliyyatçı mühasib kimi ixtisaslara maraq olduqca böyükdür.
Keyfiyyətin zəmanəti sayılan vasitələrdən biri də peşə təhsilində tətbiq edilən DUAL təhsil proqramlarıdır. Əmək bazarının tələblərinə uyğun ixtisaslı kadr tələbatının ödənilməsi məhz həmin təhsil proqramlarının əhatə dairəsinin artırılması hesabına ödəniləcək. Ötən tədris ilində 240 tələbəni əhatə edən proqrama cari tədris ilində 9 regionda 25 ixtisas üzrə 50 işəgötürənlə əməkdaşlıq çərçivəsində 920 tələbənin cəlb olunması planlaşdırılır. Dual Təhsil sistemi tələbənin tədris ili boyunca peşə təhsili müəssisələrində nəzəri biliklərlə yanaşı, qabaqcıl şirkətlərdə işəgötürənlərlə birgə praktik bacarıqlar əldə etməsini təmin edən təhsil proqramıdır. Proqram müddətində tələbələr ilk 1 ayı peşə təhsili müəssisəsində nəzəri biliklər əldə edirlər. İkinci aydan etibarən həftədə 3 gün olmaqla peşə təhsili müəssisəsində nəzəri biliklərə, 2 gün ərzində isə iş yerində praktiki bacarıqlara yiyələnirlər.
Peşəkar olmağın yolu təcrübədir. Peşəkarlara olan ehtiyacı ödəməyin yolu isə müasir infrastrukturu və təhsil proqramları olan peşə təhsil mərkəzləridir. 4 il sonra əmək bazarında müasir peşə təhsil mərkəzlərinin hazırladığı təcrübəli kadrlar öz bacarıqları ilə yüksələcəklər.
Təhsil naziri Emin Əmrullayev deyir ki, peşə məktəblərinə qəbul üçün ərizə verənlərin sayı son dövrdə 30 faiz artıb: “Qəbul isə 12 faiz artıb. Hazırda təhsil alanların sayı isə 26500 nəfərdir. Sovet dövründə ali təhsil müəssisələri üçün qəbula plan yerlərinin sayı 15-16 min idisə, hazırda bu rəqəm 48 min civarındadır. Son 5 ildə əhalinin demoqrafik inkişafı ilə əlaqəli ərizə və qəbul arasındakı fərq 2-dən aşağı düşüb. Ərizə verən şəxslərdən təxminən 48 mini qəbul olur. Əvvəllər Azərbaycanda peşə təhsili bir növ dalan rolunu oynayırdı. Sonu bağlı olan kanal idi. İnsanlar peşə təhsili alırdılar, amma heç bir yerdə işlə təmin oluna bilmirdilər. İndi isə vəziyyət dəyişib. İndi insanlar yüksək peşə ixtisas təhsilində öz ixtisaslarına uyğun olaraq imtahan vermədən universitetə qəbul ola biləcəklər”. Nazirin sözlərinə görə, hazırda peşə təhsilinin həm nüfuzunun qaldırılmasına, həm də peşə təhsilinin insanlarımız üçün nə qədər faydalı olması, qısamüddətli peşə kurslarının fəaliyyəti və yüksək peşə təhsili üzrə kadrların hazırlanması istiqamətində işlər davam etdirilir.
Təhsil eksperti Kamran Əsədov qeyd edir ki, son illərdə peşə təhsili müəssisələrinə qəbul olunanların sayının artmasına əsas səbəb illər ərzində peşə təhsili istiqamətində həyata keçirilən islahatlardır. Eyni zamanda, hazırda peşə təhsili müəssisələrinin maddi texniki bazası yaxşılaşdırılır: “Son bir neçə ildə yeni peşə təhsili müəssisələri açılıb və onların texniki təminatı yenilənib. Eyni zamanda, xarici ölkələrlə bu sahədə bağlanan əməkdaşlıq sazişləri nəticəsində bu sahədə yeni dövr başlamış oldu. Bu gün görürük ki, on beş minə yaxın gənc peşə təhsili almaqda maraqlıdır. Gənclərin alitəhsilli şəxslərə nisbətən əmək bazarında rahat şəkildə iş tapa bilməsi bu istiqamətə olan marağı artıran səbəblərdəndir”.
Qeyd edək ki, “Təhsil haqqında” qanuna edilən dəyişikliyə əsasən, peşə təhsil mərkəzinə qəbul olunan şəxslərə yüksək texniki peşə təhsili ilə yanaşı, tam orta təhsil almaq hüququ verilir. Əlavə edilən digər yeni bəndə əsasən, yüksək texniki peşə təhsili səviyyəsi üzrə ixtisas proqramlarının müvafiq ixtisaslar üzrə ali təhsil proqramlarına uyğunluğu təmin edilir. Eyni zamanda, bu təhsil səviyyəsini müvəffəqiyyətlə başa vuran məzunların topladıqları kreditlər bakalavriat səviyyəsinin uyğun ixtisaslarında ali təhsil müəssisələri tərəfindən nəzərə alınacaq.
Millət vəkili Ceyhun Məmmədovun sözlərinə əsasən, müasir dövrdə əmək bazarının inkişaf xüsusiyyətlərinə uyğun olaraq onun peşə ixtisasına, peşə biliklərinə malik şəxslərlə təmin edilməsi kifayət qədər aktuallıq kəsb edir. Belə ki, ümumilikdə dövlət və iqtisadiyyatın müəyyən sahələri üçün müvafiq alitəhsilli mütəxəssislərlə yanaşı, müxtəlif peşə sahələri üzrə zəruri bilik və vərdişlərə malik mütəxəssislərin hazırlanması da vacibdir. Müxtəlif sahələrdə çalışmaq üçün mütləq şəkildə ali təhsilə malik olmaq zəruri deyil. Bu mənada müəyyən peşə ixtisası üzrə biliklərin əldə edilməsi ilə də iqtisadi və sosial həyatın müəyyən sferalarında əmək fəaliyyəti ilə məşğul olmaq mümkündür. Peşə təhsilinin əhəmiyyəti həm də onunla bağlıdır ki, ümumilikdə əmək bazarının tələbatına uyğun olaraq orta məktəbi bitirən şəxslərin əmək bazarına ixtisassız girişinin qarşısı alınır. Eyni zamanda, onların ilkin bilik və bacarıqlar ilə təmin olunması səbəbilə əmək fəaliyyətinə daha hazırlıqlı başlaması, daha sonra gələcəkdə inkişaf və karyera yönümlü istiqamətdə bu təcrübənin onlar üçün yararlı olması səbəbindən peşə təhsili mühüm əhəmiyyət kəsb edir: “Bu baxımdan yaxşı olardı ki, orta məktəblərdə şagirdlərə peşə təhsilinin istiqamətləri haqqında geniş məlumat verilsin, ilkin bilik və bacarıqlar aşılansın. Cəmiyyətimizdə elə bir fikir formalaşıb ki, orta məktəbi bitirən hər kəs ali təhsil almalıdır. Bəzən müəyyən peşə sahəsinə marağı və istəyi olan gənc valideynlərinin təkidi ilə ali məktəblərə imtahan vermək məcburiyyətində qalır. Biz bu stereotipləri qırmalıyıq, həmin gənclərə dəstək olmaq üçün müəyyən mexanizm hazırlanmalıdır. Cəmiyyətdə peşə təhsilinin vacibliyinin, əhəmiyyətinin qəbul edilməsi üçün müəyyən işlərin sürətləndirilməsi xüsusi əhəmiyyət daşıyır. Xüsusilə regionlarda qızların peşə təhsilinə marağının artırılması, onların təhsilə cəlb edilməsi gələcək həyatlarını qarant altına almağa imkan verir. Tarixin müəyyən dövrlərində peşə təhsili sosial-iqtisadi inkişafda mühüm rol oynamışdır. İkinci Dünya müharibəsindən sonra çökmüş iqtisadiyyatı yenidən dirçəltmək üçün bacarıqlı peşə təhsili mütəxəssislərinə ciddi ehtiyac yaranmışdır. Hal-hazırkı dövrümüzdə də dəyişən, modernləşən dünyada bu cür mütəxəssislərə olan tələbat danılmazdır. Bu, bizim üçün də keçərlidir. Hazırda ölkədə iqtisadiyyatın, sənayenin, kənd təsərrüfatının hərtərəfli inkişaf etdirilməsində kadrlara böyük ehtiyac var. Qeyd edim ki, ölkədə kənd təsərrüfatının əksər sahələrinin inkişafı üçün hər cür şərait var. Bağçılıq, meyvəçilik, barama istehsalı, pambıqçılıq və s. sahələrə marağın artırılması və bu sahələr üzrə peşətəhsilli mütəxəssislərin hazırlanması ölkəmizin aqrar inkişafına böyük töhfə verə bilər”.
Millət vəkili bildirir ki, bu gün Azərbaycanda yaradılan yeni peşə məktəbləri əlbəttə ki, sovet vaxtında mövcud olan peşə məktəblərindən böyük dərəcədə fərqlənir. Sovet vaxtında daha çox orta məktəbdə böyük nəticələr əldə edə bilməyən uşaqlar 8-ci sinifdən peşə məktəblərinə üz tuturdular və bu, adi bir praktika idi. Bu gün isə peşə məktəbləri çox böyük hörmətəlayiq məktəblər olmalıdır. Son illərdə bəzi xarici tərəfdaşlarla Azərbaycanda bir neçə peşə məktəbi açılıb və bu peşə məktəblərinə orta məktəbdə yaxşı oxuyan uşaqlar da üz tuturlar. Bunu həvəsləndirmək vacibdir, çünki bizə peşəkar kadrlar lazımdır.
Sevinc QARAYEVA