Sosial media nədir sualına cavab verməmişdən əvvəl “sosial” və “media” ifadələrini ayrı-ayrılıqda təhlil etməliyik.“Sosial” şəxslərin bir-biriylə məlumat mübadiləsi aparması, bir-birinə informasiya ötürməsi hesab olunur. “Mediaya” isə media internet, veb-saytlar, qəzet, jurnal, radio, televiziya və sair aid edilir.
Keçək sosial mediaya. Sosial media hesab edirik ki, hal-hazırda ən geniş yayılmış əlçatan vasitədir. Sosial media dedikdə şəxslərin bir-birinə məlumat verməsi, informasiya əldə etməsi, yeniliklərə can atmasında kommunikativ vasitə başa düşülür. “İnformasiya” dedikdə “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 2-ci maddəsinə müvafiq olaraq yaranma tarixindən, təqdimat formasından və təsnifatından asılı olmayaraq istənilən fəaliyyət nəticəsində yaradılan, yaxud əldə olunan faktlar, rəylər, bilgilər, xəbərlər və ya digər xarakterli məlumatlar başa düşülür.
Sosial mediadan istifadə edərək gün ərzində bizə lazım olan məlumatları öyrənirik, ölkədə və dünyada baş verən hadisələri operativ qaydadaəldə edirik, işlərimizi qısa zaman içində həll edirik. Sosial şəbəkədən istifadə edərək heç bir yerə getmədən, vaxt itirmədən bizə lazım olanı əldə edə bilərik. Bu çox xoşagələn bir haldır. Amma necə deyərlər, xeyir və şər qardaşdır. Yuxarıda sadaladığımız xoşagəlməyən hal odur ki, bəzi dələduzlar bizim bank hesablarımızı ələ keçirə, pulu mənimsəyə bilər, istədiyimiz malı, pulu alsa da verməyə bilər. Təbii ki, bu xoşagəlməz hallar olduqda yardım üçün hüquqa müraciət etməliyik. Bəs hamı hüquqlarını bilir? Belə olan halda bu məsələləri necə həll edə bilərik? Problemimiz həll etmək üçün kimə və ya haraya müraciət edə bilərik? İndi bu sualların cavablarını axtaraq və izah etməyə çalışaq. Məsələn, onlayn satış həyata keçirən hər hansı bir müəssisənin bank hesablarında problem yarana bilər, bəzi kibercinayətkarlar isə bu fürsətdən istifadə edərək müəssisənin şəxsi hesabındakı məlumatları və pul vəsaitlərini qanunsuz əldə edə bilərlər. Praktikada bu kimi hallara tez-tez rast gəlinir. Belə hallarla qarşılaşan həm hüquqi, həm də fiziki şəxslər qanunla onlara verilən hüquqların müdafiəsi və bərpası üçün Hüquq Mühafizə Orqanlarına müraciət edə bilərlər. Bu kimi cinayətkarlıqla mübarizə sahəsində Daxili İşlər Nazirliyi, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi, Dövlət Təhlükəsizlik Xidməti, Baş Cinayət-Axtarış İdarəsi fəaliyyət göstərirlər.
AR MM-in 21 və 23 cü maddəsinə əsasən, dəymiş maddi və mənəvi ziyanın ödənməsi üçün məhkəyə müraciət etmək olar. Azərbaycan Respublikası Konstitusiyasının 32-ci maddəsində “Şəxsi toxunulmazlıq hüququ” ilə bağlı müddəalar əks olunmuşdur. 32.3-cü maddəsinə müvafiq olaraq, öz razılığı olmadan kimsənin şəxsi həyatı haqqında məlumatın toplanılmasına, saxlanılmasına, istifadəsinə və yayılmasına yol verilmir. Qanunla müəyyən edilmiş hallar istisna olmaqla, heç kəs onun xəbəri olmadan və ya etirazına baxmadan izlənilə bilməz, video və foto çəkilişinə, səs yazısına və digər bu cür hərəkətlərə məruz qoyula bilməz həmçinin, 32.4-cü maddəyə görə hər kəsin yazışma, telefon danışıqları, poçt, teleqraf və digər rabitə vasitələri ilə ötürülən məlumatın sirrini saxlamaq hüququna dövlət təminat verir. Bu hüquq qanunla nəzərdə tutulmuş qaydada cinayətin qarşısını almaqdan və ya cinayət işinin istintaqı zamanı həqiqəti üzə çıxarmaqdan ötrü məhdudlaşdırıla bilər.
Sosial mediadan istifadə edərkən şəxsi məlumatlara toxunmamalıyıq. İnsanların şəxsi həyatına müdaxilə etmək, şəxsi həyatına aid sirləri yaymaq olmaz. Fərdi məlumatlar qanunla qorunur. “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikasının Qanununda göstərilir ki, fərdi məlumatlar — şəxsin kimliyini birbaşa və ya dolayısı ilə müəyyənləşdirməyə imkan verən istənilən məlumatlardır. Fərdi məlumatların qanunsuz olaraq əldə edilməsi, saxlanılması və yayılmasına görə qanunvericilikdə məsuliyyət nəzərdə tutulub.
Sosial media, bizim sadəcə dostlarımızla əlaqə yaratmaq, məlumat vermək və yaxud da görüntülü danışmaq deyil. Tarixi əsrlərə nəzər salsaq görərik ki, mediada neçə-neçə müharibə qurbanları, şəhidlər, yaralılarla bağlı son məlumatlar əhaliyə media vasitəsi ilə çatdırılırdı. Azərbaycan Respublikasının Milli Qəhrəmanı Çingiz Mustafayev göz yaşlarını axıdaraq çəkdiyi kadrlarla, Xocalı həqiqətləri və müsahibələri və başsız bədənləri, ata-analarını əliyalın axtaran körpələri bütün dünyaya tanıtmışdır. Onun sayəsində bütün dünya erməni vəhşiliklərinə şahid olmuşdur. O, ümumilikdə Birinci Qarabağ müharibəsində 18 sənədli filmin müəllifidir. İnanırıq ki, bir vaxtlar “Şuşanı sadəcə dirilər deyil, ölülər də tərk edir” deyən Çingizin ruhu artıq şaddır…
Sosial medianın müsbət və mənfi tərəfləri hər kəsə maraqlıdır. Müsbət cəhətdən sosial media düşünürük ki, xəbər ünvanıdır. Yeni dostlar tapmaq, məlumat mübadiləsi aparmaq, informasiya müharibəsi aparmaq, tez və əlçatan ünsiyyət vasitəsi olması onu digər kommunikasiya vasitələrindən fərqləndirən üstün və müsbət cəhətləridir. Bu qədər geniş ünsiyyət vasitəsinin mənfi tərəflərinin olması da danılmazdır. Sosial media hansı fəlakətləri gətirir bəs ?
Alimlərin araşdırmasına görə sosial mediadan istifadə deppressiya gətirir. Sosial mediadan necə istifadə olunması burda əsas xarakter daşıyır. Paylaşımlar göstərir ki, onlar insan psixikasına necə təsir göstərir. Bununla yanaşı, yuxu, asıllıq, münasibətlər, sağlamlıq baxımından sosial medianın mənfi tərəfləri vardır. Yalnızlıq, həsəd sosial mediadan istifadənin demək olar ən effektiv üsuludur. Bu zaman düşünürük ki, insan sakitləşir, onun hormonları qaydasında işləyir və beyin öz fəaliyyətini düzgün şəkildə görür.
Sosial mediadan istifadə edərkən etik qaydalara riayət etmək vacibdir. Bunun üçün publik şəkildə paylaşılan postlar, yazılar etik çərçivədə olmalıdır. Təbii ki, həmin məlumatların sosial mediada paylaşılması hər kəsin görməsi üçündür. Bu zaman şəxs özünü qarşıdankının yerinə qoymalıdır. Həmin ifadələr ona qarşı işlənsəydi nələr baş verə bilərdi? Həmin şəxs o anda hansı hisləri keçirə bilərdi? Bununla yanaşı həmin kobud və nalayiq ifadələr işlənərkən sosial media içtirakçıları arasında mənfi şəxs qismində yaddaşlarda qalınır.
Sosial media sahəsində cinayətlər də qaçınılmazdır. Bunlar verilərə müdaxilə, sistemlərdən qanunsuz istifadə, qurğulardan qanunsuz istifadə, uşaq pornoqrafiyası ilə bağlı cinayətlər, müəllif hüquqlarının pozulması ilə bağlı cinayətlər aid edilir.
Kompyuter verilərindən qanunsuz istifadə, onların silinməsi, qanunsuz daxil olma dələduzluq hesab olunur.
Uşaq pornoqrafiyası ilə bağlı cinayətlər dedikdə isə məhz yetkinlik yaşına çatmayan, yəni 18 yaşdan aşağı şəxslərə qarşı hesab olunur. Bunlar, komputer sistemi vasitəsi ilə uşaq pornoqrafiyasının yayılması, istifadə edilməsi, təklif edilməsi aid edilir. Bəs bunlara nələr daxildir? Və uşaq pornoqrafiyası materiallarına nələr daxildir ? Bunlar, yetkinlik yaşına çatmayan şəxsin açıq seksual hərəkətlərdə iştirakı başa düşülür.
Müəllif hüquqlarının pozulması ilə bağlı cinayətlərə sənətkarların, ifaçıların, veriliş təşkilatçılarının, əsər, şeir müəlliflərinin hüquqlarının pozulması daxildir.
Cinayət Məcəlləsinin 147, 148-ci maddələrinə görə kütləvi nümayişlərdə, kütləvi informasiya vasitələrində şəxsin həyatına, şərəf və ləyaqətini ləkələmək böhtan atmaq, təhqir etməklə bağlı norma müəyyən olunmuşdur. Həmin normaların sanksiyasında cərimə, ictimai işlər, islah işləri və azadlıqdan məhrumetmə cəzaları nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Konstitusiyasına müvafiq olaraq insanın şərəf və ləyaqəti ən ali dəyərlərdir və dövlət tərəfindən qanunla mühafizə olunur. Düşünürük ki, həmin normaların sanksiyalarında göstərilən azadlıqdan məhrumetmə cəzasının yuxarı həddinin artırılması daha məqsəduyğun olardı.
Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180-ci maddəsinə görə soyğunçuluq – yəni, başqasının əmlakını açıq talamaya görə 3 ilədək müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulmuşdur. Fikrimizcə insanın şərəf və ləyaqətini alçaldan cinayətlərlə, əmlaka qəsd edən cinayətlərin sanksiyası eyni olmalı deyil. Böhtan və təhqir cinayətlərinə görə daha sərt cəzaların tətbiq olunması konstitsion normaların reallaşmasında daha mühüm rol oynayacaqdır.
Maddi zərər kompensasiya ilə bərpa oluna bilər, ancaq mənəvi zərərin bərpası mümkün deyil. Buna görə də, mənəvi zərərin sanksiyasının daha yüksək həddinin olması zəruridir.
148-1-ci maddəsinin tələblərinə müvafiq olaraq, saxta istifadəçi adları ilə, profil və hesablarla kütləvi şəkildə təhqir etmək və böhtan atmaq cinayət məsuliyyəti yaradır.
İnternet şəbəkəsinin geniş yayılması nəticəsində kibercinayətkarlıq inkişaf etmişdir. Kibercinayətkarlar öz fəaliyyətlərini həyata keçirmək üçün ilk növbədə sistemə giriş etməyə cəhd edirlər sonra isə sistemə daxil olaraq dövlət orqanları və yaxud digər qurumların, onlara xas olan məxfi məlumatların yayılması ilə bağlı şəxsləri hədələyirlər. Onlar bunun müqabilində pul tələb edirlər.
Bəs daxildən yaxşı məlumatlandırılmış adam kimdir? Bunlar “insider”lər hesab olunur. Onlar məhz işəgötürənə qarşı qisas məqsədilə terrorçu təşkilatlara kömək edirlər. Terrorçuların fəaliyyəti geniş olmasa da, tədqiqatçılar düşünür ki, onların əməlləri gələcəkdə geniş şəkildə böhran yaradacaq. Xakkerlər təbii ki, hər kəsə məlumdur. Onlar komputer və informasiya əldə etmə sahəsində “usta” hesab olunurlar. Saatlarla bir işin üzərində işləyərək ən gizli, məxfi məlumatların, sirlərin ələ keçirilməsində işləyirlər. Düşünürük ki, xakkerlərin fəaliyyəti gizli, ekran arxasında, saxta profil hesablar vasitəsilə törədilən cinayətlərin üstünün açılması zamanı da çox lazımlı hesab olunur.
Ölkəmizdə kibercinayətkarlığın qarşısının alınmasında bir sıra addımlar atılır. Azərbaycan Respublikası, Konvensiyanın 35-ci maddəsinin 1-ci bəndinə müvafiq olaraq, kompüter sistemləri və kompüter verilənləri ilə əlaqədar cinayətlərin istintaqı və ya digər icraatın aparılması məqsədilə və ya cinayətlərə dair sübutların elektron formada toplanması üçün təxirəsalınmaz yardımın göstərilməsini təmin etmək məqsədilə sutkada 24 saat, həftədə 7 gün ərzində fəaliyyət göstərən əlaqələndirici qurum qismində Dövlət Təhlükəsizlik Xidmətini təyin edir.
“Kibercinayətkarlıq haqqında konvensiyanın təsdiq edilməsi iləbağlı” Azərbaycan Respublikasının Qanunun 13-cü maddəsinə müvafiq olaraq, konvensiyanın iştirakçısı olan hər bir tərəf konvensiyanın 1-12-ci maddələrində nəzərdə tutulmuş əməlin törədilməsinə görə azadlıqdan məhrumetmə cəzası da daxil olmaqla təsirli, mütənasib və inandırıcı cəza tədbirlərinin tətbiq edilməsini təmin etmək üçün zəruri olan qanunvericilik və digər tədbirləri görməyi öz öhdəsinə götürürlər.“Kompüter sisteminə qanunsuz daxil olma”, “Kompüter məlumatlarını qanunsuz ələ keçirmə”, “Kompüter sisteminə və ya kompüter məlumatlarına qanunsuz müdaxilə”, “Kibercinayətlərin törədilməsi üçün hazırlanmış vasitələrin dövriyyəsi”, “Kompüter məlumatlarının saxtalaşdırılması” kimi əməllərə görə Cinayət Məcəlləsində müvafiq maddələrlə (271, 272, 273, 273-1, 273-2) cinayət məsuliyyəti nəzərdə tutulub.
Ədəbiyyat siyahısı :
- Azərbaycan Respublikası Konstitusiyası, 1995, Hüquq Yayın evi – 2022.
- Azərbaycan Respublikası Cinayət Məcəlləsi, Hüquq Yayın evi – B.,2022.
- Azərbaycan Respublikası Mülki Məcəlləsi, Hüquq Yayın evi – B.,2022.
- “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanunu – 3 aprel 1998-ci il
- “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikası Qanunu – 11 may 2010-cu il
- Kibercinayətkarlıq haqqında konvensiyanın təsdiq edilməsi ilə bağlıAzərbaycan Respublikasının Qanunu – 30 sentyabr 2009-cu il
- https://benefisiar.org/huquqi-yardim/21536/kibercinay%C9%99tkarliq-n%C9%99dir-v%C9%99-hansi-novl%C9%99ri-var.html
Həmmüəlliflər:
Fidan Xəlilova
Pünar Yusifli