Bu günlərdə millət vəkili Vahid Əhmədov bildirib ki, təhsil üçün xaricə göndərilən gənclər oradakı yaxşı yaşayışı, əmək haqqının yüksək olmasını görüb geri qayıtmırlar.
Gənclərin geri qayıtmamasının səbəbləri nədir?
Oxumaq üçün xaricə gedən gənclərin xeyli hissəsinin geri qayıtmadığını deyən təhsil üzrə ekspert İlqar Orucov qeyd edir ki, bunun əsas səbəblərindən biri, həmin ölkələrdə bu gənclərə təhsillərini başa vurduqdan sonra böyük iş imkanlarının yaradılmasıdır:
“Biz həmin gəncləri ittiham edə bilmərik ki, nə üçün geri qayıtmırsınız. Beyin axını bəlkə də ölkə üçün hansısa boşluqlar yarada bilər. Bu gənclər Azərbaycanda olsaydı, daha fərqli olardı, amma yenə də seçim onlarındır. Onlar üçün həmin ölkələrin əmək bazarında təkliflər çoxdur. Azərbaycanın isə əmək bazarı kiçikdir. Bu gənclər təhsil üçün getdikləri ölkələrdə daha yüksək əmək haqqı qarşılığında qalırlar”.
Ekspert hesab edir ki, Azərbaycanın əmək bazarında bu kadrlara ehtiyac olduğu təqdirdə onların maddi tələbatları qarşılanmır.
“Əgər biz xaricdə təhsil almış gəncə dünya əmək bazarındakı imkanları yaratmırıqsa, çox zərərli bir tendensiyanın əsasını qoymuş oluruq”, – deyə o, əlavə edib.
Bununla belə, İ.Orucov düşünür ki, həmin gənclərin fəaliyyətlərini xaricdə davam etdirməsinin ölkəmiz üçün xüsusi əhəmiyyəti də var:
“Bu gənclərin xaricdə qalması həm də diaspora fəaliyyətinin güclənməsi üçün faydalıdır”.
Təhsil üzrə digər ekspert Kamran Əsədov rəqəmlərə istinadən bildirir ki, azərbaycanlı gənclər ölkə başçısının 2007-2015-ci il “Xaricdə təhsil” proqramı çərçivəsində ilk dəfə xaricdə təhsilə yollanıblar:
“Yəni, bununla təxminən hər il 400 azərbaycanlı gəncin xaricdə təhsil üçün göndərilməsi planlaşdırılır. Həm indiki, həm də bundan əvvəlki proqramda təhsil üçün göndərilən gənclərin Azərbaycana qayıtması ilə bağlı məcburi tələb yoxdur. Onların ölkəyə qayıtmama səbəblərinə gəldikdə isə, bu gənclərə avropada təhsil aldıqları müddətdə hər ay 3 min dollar təqaüd verilib, lakin ölkəyə qayıtdıqda 600 manat əmək haqqı təklif olunur”.
Ekspert bildirir ki, təklif olunan bu vəsaitin qarşılığında həmin məzunlar gəlib Azərbaycanda işləməzlər:
“Hesab edirəm ki, dövlət hesabı ilə xaricdə təhsil alanların təminatları artırılmalıdır. Əməkhaqqı məsələsi burada ən ciddi faktordur. Perspektivli kadrlara təklif olunan əməkhaqqı onların geri qayıtması üçün yetərli deyil”.
Təhsil üzrə digər ekspert Elşən Qafarov bildirir ki, birinci dövlət proqramında çox ciddi səhvlərə yol verilib:
“Müəyyən tanışlıqlarla məmur övladları da təhsil üçün xaricə getdi, onların bir çoxu bu təhsillərini tamamlaya da bilmədilər. Beləcə, dövlətin vəsaiti havaya sovruldu, layihə iflasa uğradı. Lakin hazırda icra olunan layihənin daha uğurlu olacağına inanıram. Elm və təhsil naziri özü də bu layihədən yararlanan, ölkəyə qayıdan şəxslərdən biridir”.