menzil

Bakıda daşınmaz əmlakın qiymətlərini kim qaldırır?

Baxış sayı: 528

Davamlı olaraq mediada daşınmaz əmlak üçün kredit faizlərinin aşağı salınması müzakirə edilir. Lakin təəssüf ki, kimsə əmlakın dəyərinin iki dəfə bahalaşmasından, qiymətinin aşağı salınmasından danışmır. Halbuki daşınmaz əmlakın qiymət artımının qarşısını almaq lazımdır.

Bu fikirləri daşınmaz əmlak üzrə ekspert Elnur Azadov daşınmaz əmlak əldə etmək üçün kredit faizlərinin aşağı salınması məsələsini şərh edərkən dedi.

Elnur Azdov

“Müqayisə üçün baxın, 2006-2007-ci illərdə 1 otaqlı mənzillərin qiyməti 44-45 min manat idisə, hazırda həmin mənzillərin dəyəri iki dəfə artıb. Yaxşı olardı ki, iqtisadçıların da siyasəti qiymət artımının qarşısının alınmasına yönəldilsin”, – ekspert deyir.

Elnur Azadovun fikrincə, bahalı olduğu üçün insanlar milyonlarla pulu sadəcə əmlaka yatırmalı olurlar.

“Yaşadığımız, işlədiyimiz yer, sənaye, istehsal müəssisələri, bir sözlə hər şey əmlakdır. İş görmək üçün gərək əmlaka pul qoyasan. Daşınmaz əmlakın qiymətində artım heç də yaxşı bir şey deyil, bu bütün iqtisadi prosesləri pozur, dayandırır. Pul daşınmaz əmlakda yatır, ölkədə digər proseslərin icrasına imkan qalmır. Daşınmaz əmlak qiymətləri yüksək olmazsa, əhali gedib elə avadanlıq alar, digər sahələrə pul yatırar ki, iqtisadiyyat da önə gedər. Lakin təəssüflər olsun ki, kimsə bunu düşünmür”, – deyə ekspert bildirib.

Onun sözlərinə görə, daşınmaz əmlakın qiymətlərini aşağı düşürmək üçün şirkətlər arasında yüksək səviyyədə rəqabət yaranmalıdır, bank sektoru tikinti şirkətlərinə dəstək olmalıdır. Çünki ölkə iqtisadiyyatını bank sektoru formalaşdırır:

“Kimdəsə pul olmamalıdır, hamı iş görmək üçün banklara getməlidir. Lakin tikinti şirkətləri banklardan faydalana bilmirlər, səbəb də faizlərin çox yüksək olmasıdır. Ümumiyyətlə, tkinti şirkətləri monopoliyanın yüksək olduğu yerdə qiymətləri qaldırırlar”.

İllər öncəki rəqəmlərə nəzər salan ekspert xatırladıb ki, 2006-cı ildə armaturun qiyməti 600 manatdan min manata qalxıb. Həmin ərəfədə əmlakın da qiyməti 25-30 faiz yüksəlib. Son iki il ərzində armaturun qiyməti 780 manatdan 1250-1280 manatadək qalxıb. Bu da monopoliyanın olmasını sübut edir.

“Sual yaranır ki, hansı əsasla armaturun qiyməti 70 faiz qalxmalı idi? Sadəcə 20-30 faizədək qiymət qalxa bilərdi, amma 70 faiz çox yüksək rəqəmdir”, – deyə o, əlavə edir.

 

Bürokratiya və bahalı mənzillər

Ekspert Bakıda daşınmaz əmlakın qiymətinin baha olmasının əsas səbəbləri kimi bürokratik əngəlləri və süni surətdə çətinləşdirilmiş icazə prosedurunu görür:

“Tikinti şirkətləri müvafiq dövlət qurumlarından icazələrin alınmasında əziyyət çəkirlər. Onlar bir binanı tikmək üçün çox ağır və böyük prosedurdan keçməli olurlar. Yəni, inşaat normativləri onların maraqlarına ziddir”.

Azadov qeyd edir ki, yaşayış sahəsi bazar iqtisadiyyatını formalaşdırır. Mənzil nə qədər ucuz olarsa, digər əmlakların da qiyməti aşağı olar”.

İnşaat materiallarının daşınma xərclərinə də diqqət çəkən ekspert bildirir ki, armatur hansısa regionda istehsal olunmur. Ümumiyyətlə, regionun uzaqlığından asılı olaraq inşaat materiallarının daşınma xərci artır.

 

Bakıda torpaq bahadır

İstehlakçıları ən çox düşündürən sual isə bir mənzilin maya dəyəri ilə bağlıdır. E.Azadovun hesablamalarına görə, tikinti şirkətinin gördüyü işin keyfiyyətindən asılı olaraq, 1 kvadratmetr mənzilin maya dəyəri 400-600, hətta 700 manata başa gəlir.

Bakıda torpağın çox baha olduğunu vurğulayan ekspert həmçinin bildirir ki, qiymətlərin yumşaldılması üçün tikintisi aparılan binaların sayı da çox olmalıdır:

“Orta hesabla 2017-ci ildən etibarən Bakı və Sumqayıt şəhərlərində təxminən 150-dək bina inşa olunur, yaxud da bunların bir qisminin inşası başa çatıb. Bunların içində həmçinin inşası yeni başlayanlar da var. Əslində Bakı şəhəri üçün bu rəqəm çox deyil”.

Azadov Bakıda tikinti prosesinin qarşısını almağın mümkünsüzlüyünə də diqqəti yönəltdi:

“Bakıda tikintinin qarşısını almaq mümkün deyil. Çünki binaların sayı çox olanda rəqabət, həmçinin istehlakçının seçimləri çox olur. Seçim olmayanda, istehlakçı baha satılan mənzili almaq məcburiyyətində qalır”.

 

Nigar İsgəndərova




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir