Bayrağa qarşı hörmətsizlik – bayrağı qəsdən məhv etmək və ya hər hansısa bir hərəkətlə onu zədələmək kimi başa düşülür. Dövlət bayrağına qarşı edilən hörmətsizlik, onu törətmiş şəxs tərəfindən hər hansısa bir hadisəyə qarşı etiraz xarakteri kimi ifadə oluna bilər, lakin hər bir halda bu hərəkət dövlətin milli rəmzlərə və ya hakimiyyət rəmzlərinə münasibətdə təhqiredici davranışla əlaqələndirilir və ya xuliqanlıq motivləri ilə törədilməsinə baxmayaraq, özündə dövlət idarəetməsinə qarşı olan cinayətlər sırasına daxil edilir.
Azərbaycan qanunvericiliyi bu hərəkəti hansı cəza ilə tövsif edir?
Hər bir ölkə kimi, Azərbaycanın da tarixi və dövlətçilik ənənələri onun dövlət rəmzlərində və atributlarında öz əksini tapır. Müstəqil dövlət olaraq, onun dünyada öz məxsusi dövlət rəmzləri – bayrağı, gerbi, himni mövcuddur. Üçrəngli bayrağımız hazırda bizim əsas dövlətçilik rəmzimiz olaraq xalqın müstəqillik və suverenlik iradəsini, milli azadlıq və istiqlal arzularını özündə əks etdirir və Azərbaycanın müstəqilliyinin simvolu kimi çıxış edir.
Təbiidir ki, ölkənin dövlət rəmzlərinə qarşı edilən hörmət bizim milli mentalitetimiz və xalqımıza xas olan bir adət kimi hər bir vətəndaşın bir borcu kimi başa düşülür və bu hal özündə nəinki dövlətə, həmçinin xalqa və millətimizə qarşı edilən hörmət rəmzi olaraq qəbul edilib riayət olunur. Bu səbəbdəndir ki, ölkə başçısı cənab İlham Əliyevin 2009-cu il noyabrın 18-də imzaladığı sərəncamla 9 noyabr tarixi Dövlət Bayrağı günü kimi qeyd olunur.
Lakin buna baxmayaraq, edilən hər bir hərəkətin cəzasının verilməsi təbiidir ki, hər bir qanunverici ölkədə mövcud olmalıdır. Bu baxımdan ölkəmizdə də bu cinayət növü Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 324-cü maddəsində öz əksini tapmışdır. Belə ki, Azərbaycan Respublikasının Dövlət bayrağı və ya Azərbaycan Respublikasının Dövlət gerbi barədə təhqiredici hərəkətlər iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Bununla bağlı olaraq, başqa qanunvericilik aktları da bu məsələni tənzimləyir. Bunlardan, “Azərbaycan Respublikası Dövlət bayrağının istifadəsi qaydaları haqqında” qanuna əsasən, Azərbaycan Respublikasının vətəndaşları, habelə Azərbaycan Respublikasının ərazisində olan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının Dövlət bayrağına hörmətlə yanaşmalıdırlar.
Həmin qanunda eləcə də, bayrağın istifadəsinə qarşı məhdudiyyətlər də göstərilmişdir. Belə ki, Azərbaycan Respublikasının Dövlət bayrağı masaların və ya kürsülərin üstünə örtük kimi sərilə bilməz, oturulan və ayaq basılan yerlərə qoyula bilməz. Bu maddənin pozulması isə inzibati xətalar üzrə cəza tədbirlərinə aid edilir. Yəni, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 584-cü maddəsinə əsasən, Azərbaycan Respublikası Dövlət bayrağının istifadəsi qaydalarının pozulmasına görə vəzifəli şəxslər 400 manatdan 600 manatadək məbləğdə, hüquqi şəxslər 1500 manatdan 2000 manatadək məbləğdə cərimə edilir.
Bəs xarici dövlətlərin bayraqlarını yandırmaq cinayət sayılırmı?
Bəzi ölkələrdə bayrağın təhqir edilməsi cinayət sayılsa da, bu xarici dövlətlərin bayrağına qarşı edilən hörmətsizlik istisna hallar kimi müəyyən edilmişdir. Keçmiş Sovet İttifaqının Cinayət Məcəlləsində də bu cür maddənin yer alması təəcüblü deyil, çünki bu cəza Çar dövründən tətbiq edilmiş bir cəza növü kimi qalmışdır. Məsələn, Rusiyada Federasiyasının Dövlət Bayrağının təhqir edilməsi cinayət məsuliyyətinə cəlb edilsə də, digər dövlətlərin bayraqlarının təhqir olunması Rusiyada cəza növü kimi müəyyən edilməmişdir. Avropa ölkələrindən isə Danimarka, Norveç və İsveç vətəndaşları üçün öz milli bayraqlarının istifadəsi ilə bağlı xüsusi qaydalar mövcud deyildir, lakin onların öz dövlət bayraqlarından müxtəlif sui-istifadələr etmək hüququ olsa da, bu hərəkətin xarici bayraqlara münasibətdə edilməsi istisna təşkil edir.
“Azərbaycan Respublikasında xarici dövlətlərin və beynəlxalq təşkilatların bayraqlarının istifadəsi qaydaları haqqında” Azərbaycan Respublikasının qanununa əsasən, Azərbaycan Respublikasının vətəndaşları, habelə Azərbaycan Respublikasının ərazisində olan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər xarici dövlətlərin və beynəlxalq təşkilatların bayraqlarına hörmətlə yanaşmalıdırlar. Həmin qanunda Azərbaycan Respublikasının ərazisində xarici dövlətlərə məxsus olan bayraqların qaldırıldığı yerlər də müəyyən edilmişdir. Belə ki, qanuna əsasən:
o xarici dövlətlərin diplomatik nümayəndəliklərinin və konsulluqlarının, beynəlxalq təşkilatların nümayəndəliklərinin binaları üzərində, habelə xarici dövlətlərin diplomatik nümayəndəliklərinin və konsulluqlarının və rəhbərlərinin iqamətgahları üzərində;
o xarici dövlətin və ya beynəlxalq təşkilatın yüksək səviyyəli nümayəndə heyətinin Azərbaycan Respublikasına səfəri zamanı protokol qaydalarına uyğun müəyyən edilmiş yerlərdə;
o xarici dövlətin gəmi reyestrində qeydiyyata alınmış gəmilər Azərbaycan Respublikasının daxili sularında üzərkən və ya Azərbaycan Respublikasının limanlarında dayanarkən həmin gəmilərdə;
o Azərbaycan Respublikasında keçirilən beynəlxalq səviyyəli tədbirlərdə.
Qanunda göstərilməyən hallarda hər hansısa digər səbəbdən xarici dövlətin bayrağın yerləşdirilməsi qanunla cəzalandırılır. Yəni, qanunda bu barədə məhdudiyyətlərin tətbiq olunması göstərilmişdir. Belə ki, qanunda göstərilmiş, habelə beynəlxalq hüquq normalarında və diplomatik protokol qaydalarında nəzərdə tutulmuş hallar istisna olmaqla digər hallarda xarici dövlətlərin və beynəlxalq təşkilatların bayraqlarının Azərbaycan Respublikasında qaldırılması və ya yerləşdirilməsi qadağandır və qanunun tələblərini pozan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun məsuliyyətə cəlb edilirlər.
Təbii ki, bu günlərdə dövlət rəmzləri, bayraqlar xalqımız üçün xüsusi əhəmiyyət kəsb edir. Bayrağa hörmətsizlik göstərmək nəzarətsiz etirazlarla nəticələnə bilər, çünki insanlar emosional olaraq öz ölkələrinin simvollarına bağlıdırlar. Ona görə də beynəlxalq təşkilatlar bayraqdan istifadə məsələsinə xüsusi diqqət yetirirlər. Məsələn, idman yarışı zamanı hər hansı ölkənin himni səsləndirilərkən tamaşaçının ayaq üstə dinləməsi həmin ölkəyə münasibətdə edilən hörmət rəmzi kimi başa düşülür və ümumiyyətlə tələb kimi qəbul edilir.
Vəkillər Kollegiyasının üzvü, vəkil Qumru Eyvazova