Zalsburq

Musiqinin yarandığı evdən REPORTAJ

Baxış sayı: 443

Zalsburqun köhnə küçələri ilə gəzərkən Qərbi Avropanın turizm marşrutlarında çox məşhur olan skripkalı bir insanın canlı heykəli ilə mütləq qarşılaşacaqsınız. Heykəlin arxasındakı evin fasadındakı yazını oxuduqda dərhal bunun Amadeus Motsart olduğunu təxmin edəcəksiniz.
“Motsartın doğulduğu ev” (Motsart Geburtshause 9) – bu yazı dünyaca məşhur binanın sarı divarındakı lövhədə həkk olunub. Dahi musiqiçinin minlərlə pərəstişkarı və adi turistlər Zalsburqda həmişə bu ünvana gəlirlər. Bu küçə orta əsr evləri, kiçik mağazalar və kafelərlə zəngindir. Burada demək olar ki, hər bir binanın öz tarixi dəyəri var. Küçə boyunca Motsartın klassik musiqisi ətrafa yayılır. Şəhərin muzey yerləşən ərazisi də bəstəkarın adını daşıyır – “Bürünc heykəlli Motsartplatz”.

“Tanrının vergisi”

Muzey dahi bəstəkarın valideynlərinin yaşadığı, doğulub böyüdüyü evdə yerləşir. Binanın 3-cü mərtəbəsində 8 otaqlı ev muzeyə çevrilib. Bura gələn insanlar 18-ci əsrin abı-havasına qərq ola, dahi bəstəkarın həyat və yaradıcılığına aid eksponatlarla tanış ola bilirlər. Bu ev klassik musiqisevərlərin xüsusi marağındadır.

Bəstəkarın ailəsi 1773-cü ildə bu binaya köçüb və 17 il bu mənzildə yaşayıb. Ev Motsart ailəsi ilə mehriban münasibətdə olan Hoqenauer ailəsinə məxsus idi, buna şahidlik edən çoxlu məktublar qorunub saxlanılıb. Volfqanqın valideynləri Leopold və Anna Maria Motsart toylarından dərhal sonra burada mətbəx, kiçik iş otağı, qonaq otağı və yataq otağından ibarət olduqca təvazökar bir mühit yaradaraq məskunlaşıblar. Ailənin 7-ci övladı Volfqanq 1756-cı il 27 yanvarda bu mənzildə dünyaya gəlib. Gələcək bəstəkar uşaqlığını bu sadə binada keçirib. 5 yaşlı Volfqanq ilk əsərini də bu evdə yazıb. 7 yaşında bacısı ilə birlikdə Vyanaya ilk qastrola bu evdən yollanıb. 11 yaşı olanda ilk operası Zalsburqda səhnəyə qoyulub. Bacısı sonralar deyirdi: “4 yaşında atamız Volfqanqı əyləndirmək üçün ona klavişdə bir-iki parça ifa etməyi öyrədərdi. O bir qədər sonra bu parçaları heç bir səhvə yol vermədən ifa edirdi. Beş yaşında isə özü kiçik parçalar bəstələməyə başladı və atamız heyrət içində onları nota yazırdı”. Dindar atası uşağın istedadını “Tanrının vergisi” adlandırırdı.

Binanın əsas hissəsi müharibə vaxtı dağıdılıb

Müharibə zamanı – 1944-cü ildə muzey binasının əsas hissəsi Amerika aviasiyası tərəfindən dağıdılıb və ondan yalnız rəqs sinfinin yerləşdiyi hissə qalıb. Sonradan bina təmir olunub. Muzeyin açılışına Beynəlxalq Motsart Fondu yardım edib. 1996-cı ildə bəstəkarın yaşayış evi yenidən muzey olaraq açılıb.

Volfqanqın 17 yaşı olanda o, atası, anası Anna Mariya və bacısı Nanerl ilə birlikdə Hanibal meydanında (indiki Makart Platz) yerləşən başqa bir evə köçüb. Beləcə, Motsart ailəsi 26 ilə yaxın Zalsburqda yaşayıb.

Vunderkind Motsart

Bəstəkarın ev muzeyini ziyarət etmək istəyən turistlər məşhur binanın arko qapısından daxil olub dar və qaranlıq pilləkənlərlə 3-cü mərtəbədəki mənzilə qalxırlar. Divarda həkk olunan “Vunderkind Motsart” yazısı muzeyə aparan yola bələdçilik edir.

Muzeydə bütünlüklə məşhur bəstəkarın həyat və yaradıcılığına, həmçinin Zalsburqda musiqinin inkişafına həsr olunmuş kiçik, lakin çox maraqlı kolleksiya qorunur. Sərgilər “Motsart və Opera” və “Motsart Vyanada” adlanır. Otaqların hamısında Motsartın əsərləri səslənir.

Volfqanq mənzildəki oval otaqda anadan olub. Bu gün muzeydə bəstəkarın özünə məxsus ilk alətləri – skripka, viola, pianino, ailə portretləri və bəstəkarın pərəstişkarları üçün heç də az dəyərli olmayan digər əşyalar saxlanılır. Eksponatlar arasında bəstəkarın sağ ikən çəkdirdiyi yeganə portreti, saçının bir teli, məktublar kimi nadir eksponatları görmək olar. Muzeyin divarlarında dahi bəstəkarın şəxsən yazdığı yüzlərlə musiqi notu var. Yarımçıq qalmış “Motsart fortepianoda” tablosu qarşısında ziyarətçilər xeyli ayaq saxlayır. Muzeydə bəstəkarın istifadə etdiyi orijinal mebel parçaları, uşaqlıqda yatdığı beşik və qarderob da qorunur.

Motsart haqqındakı əfsanələr

Dövründə Motsarta münasibət həmişə ideal olmayıb. Bələdçi məlumat verir ki, bəstəkarın musiqisi ilk baxışdan yüngül olsa da, kifayət qədər çoxqatlı, dərin idi və bəzən çətin qavranılırdı: “Motsartın bəzi operaları hətta repertuardan çıxarılırdı, çünki insanlar hələ yeni musiqi cərəyanlarına hazır deyildi”.

Motsart haqqındakı hekayətlər əfsanəyə bənzəyirdi. Qəzetlər onun Almaniya, İngiltərə, İsveçrə, İtaliya, Fransa və başqa ölkələrdəki qeyri-adi konsertləri barədə məlumat verirdi. Sonralar bəstəkar yazıb: “Heç kim musiqi bəstələmək qanunlarının öyrənilməsinə mənim qədər əmək sərf etməyib. Mən bütün məşhur bəstəkarların musiqi əsərlərini böyük səy və diqqətlə öyrənmişəm”.

Muzeyin kolleksiyası Motsartın həyatı haqqında hər şeyi deyir: “Bəstəkar 36 yaşına çatmadan vəfat edib. Motsartın ölümünün səbəbləri haqqında “xəstəlik, zəhərlənmə” və s. kimi versiyalar bu gün də müzakirə mövzusudur. “Rekviyem” bəstəkarın son əsəridir. O, bu əsəri tamamlamadan dünyadan köçüb”.

 

Ən çox ziyarət edilən muzeylərdən biri

İkinci mərtəbədə “Motsart və Teatr” ekspozisiyası maraq doğurur. Burada bəstəkarın əsərləri əsasında səhnələşdirilmiş əsas tamaşaların dekorasiyaları, geyimləri, səhnə rekvizitlərini görmək olar.

Motsartın ev muzeyindən 10 dəqiqəlik məsafədə ikinci “Motsart muzeyi” də yerləşir. 18 avro ödəməklə hər iki muzeyə giriş bileti əldə etmək olur. Amma turistlər daha çox bəstəkarın doğulduğu evə – ev muzeyini ziyarət etməyə üstünlük verirlər. Bələdçi bunu qürurla vurğulayır: “Bura dünyanın ən çox ziyarət edilən muzeylərindən biridir. Zalsburqa gəlib muzeyə baş çəkməyən insan çətin tapılar”.

Muzey il boyu açıqdır. Giriş biletinin qiyməti böyüklər üçün 11 avro, 15-18 yaşlı uşaqlar üçün 4 avro və 6-14 yaşlı uşaqlar üçün 3,5 avrodur. Tələbələrə endirim var. Ailə biletləri 27 avrodur. Media işçiləri üçün giriş pulsuzdur.

 

Təranə Məhərrəmova




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir