issizlik

Statuslarından xəbərsiz işsizlər

Baxış sayı: 497

Heç bir işi, gəliri olmayan şəxslər var, “işsizəm” deyirlər. Onların heç də hamısı rəsmi olaraq işsiz statusunda deyillər. Bu statusda olsalar, üstünlüklərindən yararlana bilərlər. Bəzilərinə bu status verilmir, bəzilərinin isə heç bundan xəbəri yoxdur. Bəs işsiz statusu necə alınır? Kimlərə verilir, kimlərə yox? Hüquqşünas Araz İsmayılov deyir ki, işsiz kimi qeydiyyata alınmaq üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Məşğulluq Agentliyinin yerli qurumlarına, DOST mərkəzlərinə və ya “Əmək və məşğulluq“ altsisteminə (ƏMAS) onlayn qaydada müraciət etmək lazımdır. Müraciət şəxsiyyət vəsiqəsi ilə edilir. Müraciətdən sonra 5 iş günü müddətində münasib iş təklif etmək mümkün olmadıqda və ya şəxsin göndəriş verilmiş işə qəbul edilməsindən işəgötürən tərəfindən imtina edildikdə, şəxsin işsiz və işaxtaran kimi qeydiyyata alınması barədə qərar qəbul olunur: “Əgər 5 iş günü ərzində şəxsə münasib iş təklif edilərsə və şəxs həmin işdən imtina edərsə, onun işsiz olaraq qeydiyyata alınmasından imtina edilir. Bu halda işsiz kimi qeydiyyata alınmaq üçün təkrar 1 aydan sonra müraciət etmək olar”.

 

Münasib iş nədir?

Şəxsə münasib iş təklif olunursa, amma şəxs işdən imtina edirsə, istəsə, işaxtaran kimi qeydiyyata düşə bilər. İşlər olduqca ona bildirilir. Təcrübədə də görürük ki, heç də işsiz olub müraciət edən hər kəs işsiz statusu ala bilmir. A.İsmayılov buna ən çox problem yaradan məsələnin “münasib iş” yanaşmasının olduğunu dedi: “Müraciət edən şəxsə münasib işin təklif edilib-edilmədiyi də mübahisəlidir. Münasib iş anlayışının izahı qanunda da doğru göstərilməyib. Orada münasib iş deyəndə, şəxsin peşəsinə, ixtisasına, təcrübəsinə, səhhətinə uyğun iş nəzərdə tutulur. Əməkhaqqı amili isə nəzərə alınmır. Təklif edilən işin əməkhaqqısı vətəndaşları qane etmir. Bu səbəbdən vətəndaşlar əksər hallarda işdən imtina etməyə məcbur qalırlar. “Yox” deyəndə isə işsiz statusu ala bilmirlər”.

Pay torpağın varsa…

A.İsmayılovun sözlərinə görə, işsiz statusu almaq problemi yaşayanların digər önəmli bir qismi pay torpağı olanlardır: “Kənd təsərrüfatına yararlı torpaq payı olanlar da məşğul şəxslər siyahısına aid edilir. Hər pay torpağı olan məşğul şəxs kimi qiymətləndirilməməlidir. Bəzilərinin əkinçiliklə məşğul olmaq istəyi və ya bacarığı olmaya bilər. Əkinçilik üçün ərazidə su imkanlarının məhdud olması, şəxsin hansısa ehtiyac səbəbilə pay torpağının olduğu yerdə deyil, başqa bölgədə məskunlaşması da mümkündür”.

A.İsmayılov işsiz statusunu əldə etmək hüququ olmayan kateqoriyaları da açıqladı: “Əgər şəxs 15 yaşına çatmayıbsa, əmək qabiliyyəti yoxdursa, təhsil müəssisəsində əyani təhsil alırsa, yaşa görə əmək pensiyası və ya yaşa görə müavinət alırsa, işsiz kimi qeydiyyata alınmır. Səhhəti ilə əlaqədar işçinin müvafiq vəzifədə (peşədə) çalışmasının sağlamlığı üçün təhlükəli olması barədə tibb müəssisəsinin müvafiq rəyi varsa, əmək funksiyasının müəyyən müddətdə icrası zamanı müvafiq iş yerində peşə xəstəliyinə tutulmanın yüksək ehtimalı varsa, işsiz olsalar belə, işsiz kimi qeydiyyata alına bilmirlər. “Məşğulluq haqqında” qanunun 4-cü maddəsində məşğul olan şəxslərin siyahısı göstərilib. Buraya əmək müqaviləsi və mülki müqavilə ilə işləyənlər, ödənişli təhsil alanlar və s. aiddir”.

 

İşsizlərə dövlətin təminatları

Hüquqşünas bildirdi ki, işsiz statusunda olan şəxslərə dövlət bir sıra təminatlar verir: “Belə təminatlardan biri özünüməşğulluğa kömək göstərilməsidir. Özünüməşğulluq proqramı çərçivəsində işsiz və ya işaxtaran şəxslər öz iqtisadi fəaliyyətləri ilə bağlı ideya təqdim edə bilərlər. O ideyanı həyata keçirmək üçün dövlət vəsaiti hesabına birbaşa natura şəklində mal, material və digər əmlakın verilməsi ilə dəstək göstərilir”.

A.İsmayılov bildirdi ki, bir qrup işsiz statusunda olan şəxslərin işsizlikdən sığorta ödənişi almaq hüququ var: “Bu şəxslər müəssisənin ləğv edilməsi, işçilərin sayı və ya ştatların ixtisar edilməsi, habelə əmək müqaviləsinin müddətinin bitməsi nəticəsində əmək münasibətlərinə xitam verilmiş şəxslərdir. Müəssisənin ləğvi və ya ixtisar nəticəsində işsiz qalan şəxslərə ilkin müraciət zamanı 6 ay, təkrar müraciət zamanı 3 ay işsizlikdən sığorta ödənişi təyin edilir. Əmək müqaviləsinin müddəti qurtarması maddəsi ilə işdən azad olunan işsiz şəxslərə isə sığorta ödənişi 3 ay müddətində təyin edilir və bu şəxslərə təkrar sığorta ödənişi təyin olunmur. Sığorta ödənişi şəxsin itirilmiş orta aylıq əməkhaqqısının 50 faizi məbləğində hesablanır. İlk 2 təqvim ayı üçün həmin 50 faizlik məbləğ tam olaraq ödənilir. 3-4-cü aylar üçün 50 faizlik məbləğin 80 faizi, 5-6-cı aylar üçün 70 faizi, təkrar müraciət zamanı isə minimum sığorta ödənişi ödənilir”.

 

Bəs heç vaxt işləməyənlər?

Bəs şəxs heç yerdə işləməyibsə, bu halda necə olur? Hüquqşünas bildirdi ki, bir şəxs heç vaxt işləməyibsə, o da işsiz statusu almaq üçün müraciət edə bilər. Lakin həmin şəxslər işsizliyə görə sığorta ödənişi ala bilmirlər. Hansı hallarda işsiz kimi qeydiyyatımızın ləğv olunmasına gəlincə, A.İsmayılov bildirdi: “Şəxs artıq məşğul hesab edilirsə, yaşa görə əmək pensiyası və ya yaşa görə müavinət təyin edilibsə, əyani formada təhsil müəssisəsinə qəbul olubsa, vəfat edibsə və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında xəbərsiz itkin düşmüş, ölmüş elan edilibsə, işsiz kimi qeydiyyata alınması üçün təqdim olunmuş sənədlərdə və məlumatlarda təhrif olunan və ya düzgün olmayan məlumatlar aşkar olunubsa, özü işsiz kimi qeydiyyatdan çıxarılma barədə elektron ərizə təqdim edibsə, şəxsin işsiz statusu ləğv edilir. Hər hansı əsas olmadığı müddətcə, yəni işsiz şəxslərin qeydiyyatının ləğv edilmədiyi müddətcə işsiz statusu olduğu kimi saxlanılır və bu statusda qalmaq konkret zaman dilimi ilə məhdudlaşmır. Bundan başqa, şəxs 1 (bir) il müddətində ona təklif olunan münasib işlərdən imtina etdikdə, işsiz kimi qeydiyyatdan müvəqqəti çıxarılır. İşçi hərbi xidmətə çağırıldıqda orada olduğu müddətdə, azadlıqdan məhrum edildikdə həmin müddətdə də işsiz kimi qeydiyyatdan müvəqqəti çıxarılır”.

 

Aygün Asimqızı




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir