kola

Süni dadlandırıcı kansoregen tərkiblidir?

Baxış sayı: 568

Diet Coke ( Colanın bir növü), saqqız, qatıq və digər qida məhsullarında tapılan və hər gün milyonlarla insan tərəfindən istehlak edilən məşhur süni dadlandırıcı  olan aspartamın uzun müddətdir ki, sağlamlığa  mənfi təsiri qızğın müzakirə mövzusudur.

Yadınızdadırsa, bir neçə gün qabaq Ümumdünya Səhiyyə Təşkilatının ( ÜST) Xərçənglə Mübarizə üzrə Beynəlxalq Agentliyi aspartamı kansoregen  maddə  hesab etdiyini  bildirdi.  Lakin ÜST aspartamın  gündəlik qəbulunun  maksimum səviyyəsinin dəyişməyəcəyini  və bu sahədə daha çox araşdırmanın aparılmasına ehtiyacın olduğunu vurğuladı.

 

Bəs süni dadlandırıcılar nədir?

Aspartam iki amin turşusunun fenilalanin və aspartikin birləşməsidir. Aspartam 1965-ci ildə “Searle” əczaçılıq şirkətində işləyən və xoraların müalicəsini tapmağa çalışan kimyaçı tərəfindən təsadüfən aşkar edilmişdir. Aspartam şəkərə bənzər enerji səviyyəsinə malikdir – bir qramında təxminən dörd kalori var – lakin şəkərdən təxminən 200 dəfə şirindir. Bu, o deməkdir ki, kalori səviyyəsini aşağı saxlayaraq şəkəri əvəz etmək və qidanı maksimum  şirinləşdirmək üçün çox daha az miqdarda istifadə edilə bilər.

Qeyd edək ki, aspartam ilk və yeganə süni dadlandırıcı deyil. Saxarin 1879-cu ildə kəşf edilən  ilk dadlandırıcı maddə olub.  Məhsulları süni şəkildə şirinləşdirmək üçün də istifadə olunur, lakin onun dadı acıdır. Bitki yarpaqlarından əldə edilən steviya kimi digər təbii dadlandırıcılar son illərdə populyarlıq qazanmışdır.

 

Hansı məhsullarda aspartamdan istifadə olunur?

Dünyada minlərlə məhsulun hazırlanmasında aspartamdan istifadə edilir. Bir çoxu pəhriz, yüngül və ya sıfır kalorili kimi satılır. Aspartam sərinləşdirici içkilərə, saqqızlara, şirniyyatlara, jele, qatıqlara, süd məhsullarına, öskürək damcılarına, diş məcunlarına və mağaza desertlərinə əlavə edilir. O, həmçinin tez-tez çay və qəhvəyə qarışdırılan dadlandırıcı kimi də  istifadə olunur. Hazırda bir çox dərman  növünə  bir az şirinlik qatsın deyə aspartamdan istifadə edilir.

 

Aspartamın istifadəsi necə təsdiqini tapdı?

ABŞ -ın Ərzaq və Dərman İdarəsi ilk dəfə 1974-cü ildə aspartamın qidalarda  istifadə olunduğunu təsdiqləmişdi  və bu qərar dərhal mübahisə doğurmuşdu. 1il sonra onların kanserogen olduğunu bildirən sübutlar təsdiqini tapdı və bu fikrin yalan olduğu xəbəri yayıldı.  1981-ci ildə FDA onun istifadəsini yenidən təsdiqləyərək, məhsullarda istifadənin olduqca cüzi olduğunu bildirdi.Artıq  dünyada 90-dan çox ölkə  dadlandırıcıdan istifadəyə  icazə verib.Ümumdünya Səhiyyə Təşkilatı və digər beynəlxalq səhiyyə orqanları aspartam üçün qəbul edilən maksimum gündəlik qəbulu gündə bədən çəkisinin hər kiloqramı üçün 40 milliqram olaraq təyin edib.  Bir qutu dietik sərinləşdirici içkinin tərkibində 200-300 milliqram aspartam varsa,  bu, o deməkdir ki, çəkisi 70 kiloqram olan yetkin  bir insan 9-14 ədəd sərinləşdirici içərək gündəlik dozanı aşa bilər.

 

Dadlandırıcılar nəyə görə mübahisəli hesab edilir?

İtalyan tədqiqatçılarının 2010-cu ildə apardıqları araşdırmada aspartamın erkək siçanlarda qaraciyər və ağciyər xərçənginə səbəb olduğu bildirilib. 2010-cu ildə Danimarkada aparılan bir araşdırma zamanı süni şirinləşdirilmiş içkilər qəbul edən qadınlarda vaxtından əvvəl doğuş müşahidə olunub.

Uzun bir araşdırmadan sonra, 2013-cü ildə Avropa Qida Təhlükəsizliyi Təşkilatı məqbul gündəlik qəbulu aşmamaq şərti ilə aspartam və onunla əlaqəli məhsulların ümumi əhali üçün təhlükəsiz olduğuna qərar verdi.  Bu ilin may ayında ÜST bütün şəkərsiz dadlandırıcıların istifadəsinə qarşı tövsiyələr verən yeni təlimatlar yayımlayıb və mövcud dəlillərin onların uzunmüddətli kilo verməyə kömək etmədiyini və diabet və ürək problemləri riskinin artması ilə əlaqələndirilə biləcəyini söyləyib.

 

Leyla Şıxəli




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir