su

Dağ suyu, bulaq suyu adıyla içdiyimiz kran suyu

Baxış sayı: 458
Bir müddət əvvəl Qida Təhlükəsizliyi Agentliyi satışda olan suların monitorinqini həyata keçirib. Məlum olub ki, uzun illər bulaq suyu, dağ suyu adı altında içdiyimiz sular, hər gün içdiyimiz kran suyunun eyni imiş. Yəni işbazlar suyu krandan doldurub, bizə sırıyıblar. Biz də saf millətik axı. Hər şeyə xarici görünüşünə baxıb qiymət veririk. Su butulkasının üzərində də dağ suyu etiketini görüb, inanmışıq ki, bəs Bakının göbəyində dağ suyu içirik. AQTA-nın xəbərdarlıq etməsi nəyi dəyişəcək ki, onsuz da yenə satan satacaq, alan alacaq. Xəbərdarlıq heç nəyi dəyişmir.

“Azad İstehlakçılar” Birliyinin sədri Eyyub Hüseynov bildirir ki, həmin sular insanların gözü qarşısında, kiminsə qonşuluğunda hazırlanır. Ekspert deyir ki, prezident İlham Əliyev buna ictimai nəzarətin olması ilə bağlı dəfələrlə ictimaiyyətə xəbərdarlıq edib. Eyyub Hüseynov hesab edir ki, ictimai nəzarət olmasa, ictimai nəzarət kütləvi informasiya vasitələriylə sıx əməkdaşlıqda olmasa bu vəziyyət davam edəcək.

Eyyub Hüseynov

“Təəssüflər olsun ki, AQTA hər şeyi əhatə edə bilmir. Ölkədə belə saxta mallar, o cümlədən saxta sular mövcuddur. Gərək elə bir iş qurulsun ki, dövlət orqanları və kütləvi informasiya vasitələri və ictimaiyyətin sıx əməkdaşlığı olsun. Çox təəssüflər olsun ki, siz jurnalistlərin əməyini dövlət orqanları qiymətləndirə bilmir və yaxud da buna qadir deyil.

Dövlət orqanları sizlərə məktublar yazmalı, təşəkkürlər bildirməlidir. Araşdırmalar aparmalıdır. O zaman KİV-nin də cəmiyyətdə rolu artar. Təəssüf ki, bu əməkdaşlıq yoxdur.

Cənab prezident çağırışlar edir. Lakin ictimai nəzarətə biz nail ola bilmirik. İndi ictimai nəzarətlə məşğul olan insanların özlərinə bir ictimai nəzarət lazımdır”-deyə ekspert vurğulayıb. Eyyub Hüseynov qeyd edib ki, belə olan şəraitdə AQTA da lazım olan hədəflərə çata bilməz.

“Çox yaxşıdır ki, AQTA-nın fəaliyyəti ərzində iki mühim tədqiqatını görmüşük. Bir kəllə qəndlərlə bağlı idi. Bu zaman açıq şəkildə məhsulların adını, məhsullara kimyəvi maddələr qatan müəssisələrin adını, qəndlərin növünü dedi. İndi isə açıq şəkildə suların markalanması və bioloji göstəriciləri düz olmayan sular barədə məlumat verdi. AQTA-nın bu kimi fəaliyyətləri dəstəklənməlidir”-deyə ekspert əlavə edib.

P.S. Bəzən düşünürəm ki, görəsən AQTA “8 km bazarı”nda və yaxud Sabunçu bazarında monitorinq aparırmı? Bu bazarlarda hər cür məhsullar anti-sanitariya şəraitində satılır… Görünən odur ki, “görünmür”…

 

İradə Cəlil




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir