yemeye ne var

Göyərti ruleti belə hazırlanır – “YEMƏYƏ NƏ VAR?”

Baxış sayı: 575

“Gencaile.az” saytının “Yeməyə nə var?” rubrikasında bu gün sizə göyərti ruletinin hazırlanma qaydasını təqdim edəcəyik.

Həm isti, həm soyuq yeyilə biləcək çox ləzzətli bir qəlyanaltıdır. Göyərtilər nə qədər müxtəlif olsa bir o qədər dadlı olar.

 

Lazım olan ərzaqlar:

Xəmir üçün:

1 yumurta

yarım ç.q maya

3 st. un

1 ç.q. duz

2 x.q mayonez

Təxminən 1 st. su

İçi üçün:

1 dəstə turşəng ( mən əvəzinə 2 x.q. zirinc vurdum)

2 dəstə şomu (ispanaq), 2 dəstə keşniş, 2 dəstə şüyüd

1 dəstə göy soğan

80 qr kərə yağı ( ərinmiş)

goyerti ruleti

Hazırlanma qaydası:

Əvvəlcə içliyi hazırlayın. Göyərtilər təmiz yuyulub quruduqdan sonra xırda doğrayın. Az yağda bir az pörtlədib duz, istiot və zirinci vurub qarışdırın. Xəmir üçün bir qabda un, yumurta, mayonez , duz və mayanı qarışdırın. Məndə instant maya, yəni özü aktivləşən maya olduğu üçün birbaşa qatıram. Sizdə quru mayadırsa bir az ilıq suda açıb əlavə edin. İlıq suyu az-az xəmirə əlavə edərək yoğurun. Mayalanmağını gözləmədən xəmiri  3 kündəyə bölün. Hər kündəni nazik yayın. Yaydığınız xəmirin üzərinə fırça ilə ərinmiş kərə yağı çəkin. Və içlikdən bir qat hər tərəfinə yayın. 3 qatı üst-üstə eyni qayda ilə edib, sonda rulet kimi bükün və kənarlarını bağlayın. Listi yağlayıb ruleti qoyun, üzərinə yumurta çəkib küncüt səpin,ruleti bir neçə yerdən çəngəl ilə deşin. Sobada 180 dərəcədə 30-40 dəqiqə, üzəri qızarana qədər bişirin. Süfrəyə isti və ya soyuq halda verə bilərsiz.

 

Təqdim etdi: İlahə Atəş




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir