ad

“Adın nədir? Məhəmməd!”

Baxış sayı: 483

Astroloqlar deyir ki, adlar yeni doğulan körpəyə verilərkən belə, fərqində olmadan adı qoyan onun gələcəyini yazır. Astrologiyada eynilə rəqəmlərin insanların üzərində təsirinin olması kimi, hərflərin də insanlar üzərində çox böyük təsiri olduğu artıq sübut edilib. Hər kəs adının layiqli daşıyıcısı olur. İstər yaxşı, istərsə də pis mənada. Amma insanların adlarına görə onları mühakimə etmək də doğru deyil. Astroloqlar fikirləşir ki, insanların yaxın ətrafında olan mənfi enerjili adları olanlar insana pis təsir edir. Yəni, ətrafında bədbin adlı birisi varsa bu adın sahibi qədər sənə də pis təsir edə bilər.

İnsanın adının taleyinə sirayət etməsi inancı Qədim Misir və hind mədəniyyətindən qaynaqlanır. Maraqlı burasıdır ki, Hindistanda hələ də bu ənənəyə sadiq qalırlar. Hazırda bu ölkədə doğulan hər yeni körpə üçün astroloq-kahin-münəccim çağırılır, o müqəddəs kitabların köməyi ilə uşağa ən uğurlu adı seçir. Ad qoyulma mərasimi xüsusi təşkil edilir. Tanrıya səcdə edərək od ətrafında körpəni dolandırır, oda qansız qurbanlar (meyvə-tərəvəz, paxlalılar, ağartı məhsulları) verilir, Tanrıdan onun adının uğurlu olmasını diləyirlər. Çünki ad insan həyatının demək olar ki yol nişanıdır. Qədim Romada isə belə bir deyim vardı: “Nomen est omen”. Anlamı belədir: “Ad taledir”. Müsəlman adətlərinə görə isə yeni doğulan körpəyə ailə böyüyü ad verir. Ata, ya da baba körpəni qucağına alır və onun qulağına dua oxuyur və 3 dəfə adını təkrarlayır.

adlar

Elə bilirsiniz onlarda hər adı qoymağa icazə var?

Azərbaycanda şəxsiyyəti, şərəf və ləyaqəti alçaldan adlar daşıyan kifayət qədər çox insan var. Vətəndaşlarımız arasında Alabaş, Cinayət, Fəlakət, Traktor, Qarın, Qəmiş, Paçağa kimi adlar daşınyanlar var. Bu ildən bu adların yeni doğulan körpələrə verilməsi qadağandır. Həmçinin bu problem tək bizdə deyil. Belə ki, “Kurtlar Vadisi” serialı çəkilməyə başlayandan sonra Türkiyədə valideynlər öz körpələrinə Memati adı vermək fikrinə düşsə də müvafiq qurum buna izin vermədi. Türkiyənin Ali Məhkəməsi hətta bu barədə qadağa qanunu da qəbul etdi. Çünki bu adın farscadan tərcümədə mənası “ölüm” deməkdir.

Bundan əlavə bir müddət öncə Yeni Zelandiyada körpənlərini Lüsifer (İblis) adlandırmaq istəyən valideynlərin tələbini dövlət rədd etmişdi. Bu ölkədə adla bağlı qadağa olmasa da valideynin öz övladına bu adı verməsinə Yeni Zellandiya hökuməti bərk əsəbləşmişdi. Bu hadisədən sonra hökumət adlar barədə qərar hazırladı və ötən il ərzində valideynlərin körpələrinə vermək istədikləri yüzlərlə absurd ad rədd edildi. İndi bu ölkədə uşaqlara Baron, Yepiskop, Hersoq, General, Hakim, Kral, Cəngavər və Cənab adlarının verilməsi də qadağandır.

Pakistanda isə son illər yenidoğulmuşlara Məhəmməd adının verilməsi qadağan edilib. Buna səbəb, bu adın Pakistanda çox yayılması və hər hansı cinayət hadisəsi baş verdikdə suçlunu yaxalama zamanı böyük çaşqınlıq yaratmasıdır. Azərbaycanda da müvafiq komissiya bir çox adının uşaqlara verilməsini qadağan edib. Bu qadağanın qoyulmasına səbəb valideynlərin uşaqlarına əcaib adlar seçməsidir. Ölkəmizdə qəribə adlı kifayət qədər çox adam yaşayır. Təmir, Zimkan, Dövlətqar, Nəci, Ququş, Alabas, Aktiv, Duran, Qədeş, Hüseynşir, İbniş,Qutabə, Beytul, Rəhmət, Tola, Traktor, Oktyabr, Sovet, Faiz,Variş, Aydabala, Paçağa, Qarın, İnqraz, Şapələk, Təyyarə və bu kimi daha nə qədər adlar da bir zamanlar valideynlərin öz övladlarına verdikləri adlardandır.

 

Həm milli ad seçin, həm də mənası gözəl

Bir neçə ay öncənin söhbətidir, məktəbdən qızımı götürməyə getmişdim. Həyətdə zəngin çalınmağını gözləyirdik. Zəng vuruldu, uşaqlar hay-küylə həyətə axışdı. Hərə öz valideynini axtarır. Yaxınımdan bir səs eşitdim: “Gülçiçək, Gülçiçək, buradayam gəl”. Anası idi, qızını götürməyə gəlmişdi. Adı eşidən bütün valideynlər çevrilib baxdı, ad üzümüzdə təbəssüm yaratdı. Axı daha qoyulmur belə adlar.

Doğrusu, uşaqlara həm milli köklü, həm də müasir ad seçməyin tərəfdarıyam. Həmçinin mənası gözəl, bütün dillərdə səslənməsi estetik, virtual platformada istifadəsi rahat olmalıdır. O səbəbdən uşaqlara ad seçəndə tərkibində ə, ü, ğ, x, ö, ş kimi hərflər olan adlar olmamasına diqqət etmək lazımdır ki, virtual platformada yazıldıqda dəyişikliyə uğramasın. Məsələn, Lalə adını virtual məkanda ya Lala, ya da Lalə olaraq yazmalı oluruq, amma Sevda adını olduğu kimi yazırıq. Bu hərfləri ona görə deyirəm ki, onlar olanda ad başqa dillərdə başqa cür tələffüz edilir. Məsələn Əli adını başqa dildə tələffüz edəndə Ə hərfi A ilə əvəzlənir, amma tutaq ki Azad adı dəyişmir. Çox görürəm, uşağına Məhəmməd adı verib onu Maqa, Mika çağıranları. Adı bəyənərək, sevərək qoymaq lazımdır uşağa, nə uşaq, nə valideyn narahat olmamalıdır o addan.

Ölkəmizin adqoyma mədəniyyətində təkrarlanan ad çoxdur, bir sinifdə 3 Mədinə, 4 Məhəmməd, 2 Hüseyn, 5 Zəhra olur. Kim olduğu anlaşılsın deyə ayama qoşulur uşaqlara – eynəkli Məhəmməd-qara Məhəmməd, balaca Zəhra-uzun Zəhra, arıq Hüseyn, kök Hüseyn. Əslində ad alternativimiz çoxdur, amma var olan adları bəyənməyən olanda da yaradıcılığı olan özü yeni ad yarada bilər, milli köklü və gözəl mənası olan. Bütün hallarda uşaqlara gözəl ad verin ki, utanmasın adından.

adlar

Adını sevməyən xoşbəxt olmur

Bir qız tanıyırdım, Balabacı qoymuşdular adını, nə məktəbdə, nə yaxın çevrəsində heç kimlə ünsiyyət qurmurdu qız, yeni tanışlıqlardan qaçırdı həmişə. Valideyninə yalvarırdı adını dəyişsinlər deyə, əhəmiyyət vermirdilər. 18 yaşı olan kimi dəyişib Nazlı etdi. Anası öz nənəsinin adını vermişdi, dəyişməyə icazə vermirdi, dəyişəndə də “haqqım haramın olsun” demişdi övladına.

İllər əvvəl Salyanda dərmandan zəhərlənib ölən qız vardı, adı Gülmira. Onun adı özündən əvvəl doğulmuş iki bacısına da verilib. Hər iki Gülmira uşaq ikən ölüb – biri su quyusuna düşüb ölüb, onun ölümündən sonra doğulan qıza da Gülmira adı verilib, o da yanğında ölüb. Ailə ölən qızlardan sonra doğulan 3-cü qız övladlarına da Gülmira adını verib, o qız da dərmandan zəhərlənib öldü. Ad taledir deməli.

Tanıdığım bir ailənin oğul balasının adını Güloğlan qoyublar. Baba öz adını verib uşağa, anası uşağın adını qətiyyən tələffüz etmir, “ürəyim”, “balam” kimi əzizləyici sözlərlə çağırır. Adqoyma haqqında danışanda ananın gözləri dolur, kövrəlir. Ona öz övladına ad qoymaq haqqını tanımayıblar, bir dəfə qəhərlənərək “balamın adını Cavidan” qoymaq istəyirdim, babası icazə vermədi ki, öz adımı qoyacam”

 

Ad ananın haqqıdır

Doğuş bir qadının verdiyi ən böyük imtahandır, biz o imtahandan dəfələrlə keçirik. Balamıza ad qoymaq ən birinci bizim haqqımızdır. Uşağın 9 ay ana bətnində zülmünü biz çəkirik, doğuş ağrısını çəkirik, qazı var, qulaq ağrısı, diş ağrısı – hamısını balamızla birgə keçiririk. O bir dəfə ağrıdan qışqıranda biz min dəfə “can bala, anan ölsün, ağrın mənə gəlsin” deyirik. Gecələri dirigözlü sabah edirik, qucağımızda uşaq evdə o yan-bu yana yol metrələyirik.

Bunu bizimlə birlikdə kim edir? Ata, nənə-baba şirin yuxuda olanda biz mürgülü-mürgülü doğan günəşi salamlayırıq. Ad bizim haqqımızdır əziz babalar, əziz nənələr. Yalnız bizim razılığımız olandan sonra bizim uşağımıza ad qoyula bilər – əgər seçilən adı bəyənsək. Nənəni-babanın hörməti, xətri əzizdir, amma ad valideynin haqqıdır. Güloğlan, Baloğlan, Atamoğlan baba, elə baba ol ki, qoy gəlinin, oğlun, qızın, kürəkənin özü təklif eləsin sənin adını qoymağı. Zorla gözəllik olmaz.

 

Lalə Mehralı




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir