Ailə, insanın ən dərin tərbiyə aldığı, həyatı öyrəndiyi, həyata hazırlaşdığı bir məktəbdir. Ailə insanın həm fərdi, həm də sosial-mədəni status qazandığı bir məkandır. Uşağın şəxsiyyəti ailə tərbiyəsinin nəticəsidir. Boşuna deməyiblər, hər uşaq ailəsinin güzgüsüdür. Övladlarının şəxsiyyətini verdikləri tərbiyə ilə inşa edən ailələr bununla həm də mənsub olduqları millətin şəxsiyyətini və taleyini inşa etmiş olurlar. Həmçinin, öz tərbiyələrini, əxlaqlarını övladlarının timsalında göstərmiş olurlar. Bu səbəbdən ailə tərbiyəsinin istiqaməti, tərkibi, inqridiyentləri böyük əhəmiyyət daşıyır.
Amma bütün ailələr öz övladını həyata hazırlayanda ehtiyacı olan tərbiyəni vermir, ya da yarımçıq verir. Bunun nəticəsidir ki, min bir zəhmətlə qurulan ailələr asanlıqla dağıdılır. Bunun nəticəsidir ki,oğlanlar ailə dəyərinin mahiyyətini anlamır, qızlar ailə toxunulmazlığının nə demək olduğunu başa düşmür. Ailədəki birlik, bütövlük anlayışı təhrif olunur, tərəflər öz prizmasından baxır hadisələrə. Bu da ailə qavramının özülünü laxladır. Sosiallaşma zamanı insan üçün sosial həyat nə qədər vacib və zəruridirsə, sosial bir cəmiyyətin özəyini təşkil edən ailə institutu da bir cəmiyyət üçün bir o qədər önəmlidir. Bu mənada ailənin möhkəmlənməsi üçün atılacaq hər bir addım böyük əhəmiyyət kəsb edir. Çünki güclü ailə ilə güclü cəmiyyət arasındakı bağ bir-biri ilə düz mütənasibdir. İkisindən birinin zəifliyi digəri üçün təhlükədir.
Boşanma ailənin cəmiyyətdəki statusunu itirməsi ilə başlayır. Davamı aliment çəkişməsi, mülk davası, uşaq himayəsi kimi davalar fonunda ucuz bazar qovğasına dönür. Boşanmalarının səbəbini bir çox hallarda böyüklərin müdaxiləsi kimi hallandırırlar. İş o yerə gəlib çatıb ki, ailə məsələlərindən birbaşa məsul olan Komitə rəsmisi də belə açıqlama verir. Gənc nəslin düzgün yetişdirilməməsi, qızların böyük sözünə dözümsüzlüyü, xəyanət, etibarsızlıq, empatiya hissinin yox olması kimi səbəblər kənara itələnərək bütün günahlar ağbirçək-ağsaqqal üzərində cəmləşir. Böyük məsləhəti ailələrə müdaxilə, tövsiyəsi zorakılıq hesab olunur.
Niyə bu barədə yazdım? Bu yaxınlarda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüquqi-təminat şöbəsinin müdiri Taliyə İbrahimova parlamentin Ailə, qadın və uşaq məsələləri komitəsinin iclasında deyib ki, “Məişət zorakılığının qarşısının alınması haqqında” qanuna təklif edilən dəyişiklə gələcəkdə qayınana, qayınata kənardan ailəyə müdaxilə edəcəkcə, bu, məişət zorakılığı hesab ediləcək.
Qayınana-qayınata müdaxiləsi dedikdə komitə rəsmisi nəyi nəzərdə tutur? Belə anlaşılır ki, böyük məsləhətini, ağsaqqal-ağbirçək tövsiyyəsini də müdaxilə hesab edəcəklər. Çünki müdaxilə dedikdə söhbətin təkcə fiziki zorakılıqdan getmədiyi aşkardır. Siz təsəvvür edirsiniz bu nə deməkdir? Bu böyük bir institutu yerlə-yeksan etmək deməkdir. Bu ailənin qurulmamış dağılması deməkdir. Hər fürsətdə böyüklərin üzünə ağ olmağa, əks-hücuma hazır gəlinin bu fürsəti dəyərləndirməyəcəyini demək olarmı? Təbii ki, yox. Təəssüflə demək məcburiyyətindəyəm, böyüyə hörmət etməyən nəsil formalaşıb. Bunu xalqın içində olan, ətrafında minlərlə qız-gəlini müşahidə etmək iqtidarında olan biri, eyni zamanda daim bu kimi məsələlərdən yazan, araşdıran, fikir bildirən ictimai birlik eksperti kimi əminliklə deyirəm. Gənclər böyük məsləhətinə qarşı dözümsüzdür, məsləhəti əmr, tövsiyyəni göstəriş zənn edirlər. Qabağından yeməz gənc nəsil formalaşır və biz heç nə edə bilmirik.
Ağsaqqalı, ağbirçəyi həyatımızdan qovub çıxarmağa niyə bu qədər can atır Komitə? Ailə quran gənclərə böyüklük edə bilməyəcəksə, o ata-ananın nə dəyəri qalır ailədə? Mən sözün həqiqi mənasında, böyüklükdən danışıram. 20 yaşlı gənclə 50-60 yaşlı bir insanın dünyagörüşü, bildiyi eyni deyil, məsləhət verməyin nəyi pisdir? Evləndirəndə, gəlinə xərc çəkəndə, zinət, daş-qaş alanda, ən bahalı restoranda toy edəndə, ev alıb yerləşdirəndə qayınana-qayınata əziz olur, məsləhət verəndə düşmən? Boşanmaların qarşısını almaq məqsədi ilə təklif verildiyini iddia edir Komitə rəsmisi, bəs bu təklif qanuna çevrilərsə boşanmaların hansı həddə çatacağını təsəvvür edirsinizmi? Azalmayacaq, əksinə birə beş artacaq. Fəlakət bir mənzərə gözləyir bizi. Ağsaqqalı, ağbirçəyi gənc nəsildən uzaqlaşdırmaq, ailəyə yaxınlaşmasına icazə verməmək nə qazandıracaq bu cəmiyyətə?
Əgər qayınana, qayınata gəlinə qarşı fiziki-mənəvi zorakılıq edirsə, bu, əlbəttə ki, qanunla həllini tapmalıdır, tapır da. Biz bunun bir neçə numunəsini görmüşük bu günədək. Amma evindəki yemək qazanının ağzını açdı deyə qaynanasını efirdə müzakirəyə çıxaran gəlinləri də gördük, gəlinin zivəyə asdığı paltarın sırasını bəyənməyib yenidən asan qayınanasının üzünü cıran gəlinləri də tanıdıq, qayınatasının önünə 1 stəkan çay gətirməyib “mən sizə qul gəlməmişəm” deyə çəmkirən gəlinlər də var.
Dünəndən sosial şəbəkələrin qadın qruplarında toy-bayramdır, çal-çağırdır. Qız-gəlinlər virtual platformalarda “biz bunu bacardıq” devizi ilə qol götürüb oynayır. Qayınanasını erməni, qayınatasını faşist kimi gözündə görənlərin şad günü idi. Dişi, dırnağı, alın təri ilə övladı üçün ev qurub, gəlin gətirib, barını görməyən ailə böyüklərinin arxasınca atan kim, tutan kim. Yüzlərlə qız, gəlin eyni şeyi yazırdı. Yaxşı, qoy bu qayınananın 5-i pis olsun, qoy qayınatanın 10-u betər olsun, bəs qalanlar? Gəlini ovcunun içində saxlayan bir qaynananın gəlininin də orada yazdığı cümlələri görəndə heyrətdən dondum. O gəlin ki, pambığa bükülüb, zərxarada saxlanıb, əlinə soyuq su dəyməyib, gözündən kirpik düşəndə qayınana, qayınata təşvişə düşüb, bir istəyinə min “baş üstə” deyilib.
Əslində, ənənəvi azərbaycanlı ailəsindəki parçalanma, nəsillər arası fərqlər, boşanmaların çoxalması, vətəndaş nikahlarının və atasız uşaqların getdikcə artması fonunda bu cür təklif heç də təəccüblü deyil. O vəziyyətin nəticəsi elə belə də olmalı idi. Azərbaycan kimi mental dəyərlərin, milli ənənələrin var olduğu ölkələrdə ailə quruluşu da əhəmiyyətini itirirsə, cəmiyyətin nə qədər aşındığını təxmin edin. Vətəndaş nikahı 10 il əvvəl nadir rastlanan vəziyyət idisə bu gün normal qarşılanır, efirə çıxıb başqa kişi ilə qaçan arvadı üçün ağlayan kişilər adiləşdi, boşanma statistikası haradan hara yüksəldi. Günah da ağsaqqalda, ağbirçəkdə görüldü.
Araşdırılmır. Araşdırılsa boşanmaların əslində böyüklərin müdaxiləsindən yox, başqa səbəblərdən olduğu üzə çıxacaq. Ay ərzində 1500-2000 nikah pozulur ölkə üzrə, dəhşətli rəqəmdir. Qoy bunun 30-40-ı qayınana faktorundan, qayınata müdaxiləsindən boşansın, bəs qalanı? Gənclərin tərbiyəsi, ailə əxlaqı, psixoloji vəziyyətləri, sosial rifahları, eqoları, olmayan empatiyaları, dözümsüzlükləri, xəyanət səbəbləri niyə araşdırılmır? Dağılan ailələrin məsuliyyətini ailə böyüklərinin üzərinə atanda əlaqədar Komitənin işi yüngülləşir?
Əksəriyyətimizin oğlu-qızı var, övladımızın ailəsində problem olanda məsləhət versək, çətin vəziyyətlərdə, krizis anında böyük kimi nəsə tövsiyyə etsək gəlin, ya kürəkən qaçıb polisə şikayət edəcək? Qanun da bizi gənc ailəyə zorakılıqda ittiham edib cəzalandıracaq? Döymədik, söymədik, incitmədik, sadəcə böyüklük etdik, yol göstərdik. Zorakılıq etmiş oluruq? Döyəndə, söyəndə onsuz da qanun o böyüklərin cəzasını verir, yeni təklif deməli müdaxilə adı altında başqa davranışları da zorakılıq hesab edəcək.
Təklif olunan dəyişikliklə ailədə böyük məsləhəti, tövsiyyəsi də ailəyə müdaxilə adı altında zorakılıq hesab ediləcək zənnimcə, bizim etirazımız bunadır. Minillərin dəyərini, ağsaqqalı, ağbirçəyi belə ayaqaltı etmək olmaz. Bu təklif ilə minlərlə gənc qıza böyüyə qarşı dözümsüzlük aşılanır, hörmətsizlik öyrədilir. Kiçik bir mübahisədə, verilən hər hansı bir məsləhəti bəyənməyəndə nəfəsini polisdə dərəcək o gəlinlər. Ailələrin içi açılıb töküləcək, köhnə palan içi eşiləcək. Yaranacaq mənəvi böhranı təxmin etmək heç də çətin deyil. Sonra da əlimiz üzümüzdə “ailələr niyə məhv olur?” deyə təəccüblənəcəyik. Yaxşı, mən vurmadım, sən yıxılmadın, necə oldu bu qəziyyə?
Lalə Mehralı
Sağlam Cəmiyyət Hərəkatının eksperti