efzeleddin R

İntihar, saxta qurtuluş yolu, yaxud yolun qurtarması – 5-Cİ YAZI

Baxış sayı: 687

“Hər kəs kimsəyi diriltsə (ölümdən qurtarsa) bütün insanlara həyat bəxş etmiş kimidir. (Maidə surəsi, ayə. 32).

Bu məqaləmiz, intihar haqda olan silsilə məqalələrimizin sonuncusudur. Burada, intihar fikrində olan şəxslə qısa bir dialoq qurmaq istərdim…

Öncədən söyləyim ki, üzləşdiyiniz bir sıra inthar düşüncələri bu mövzudan xaricdir. Çox vaxt depressiya ilə birlikdə görülən intihar düşüncələrinin çox həssaslıqla müalicə edilməsi lazımdır. Çünki intihar düşüncələri bir çox dinamikadan qaynaqlana bilər. Ancaq intihar düşüncəsi çox zaman, insan motivasiyasında ciddi bir azalma nəticəsində meydana çıxır. İntihar əksər hallarda əvvəlcədən siqnallar versə də, bəzən qəfil baş verə də bilir. Hər halda, intihar düşüncələri hər zaman nəzərə alınmalı və onları ört-basdır etməyə çalışmadan dəyərləndirilməli, bu sahədə ixtisaslaşmış şəxslərə müraciət edilməlidir. Amma biz burada bir sıra tövsiyələr verməklə, ilkin düşüncələri yönəltmək istəyirik.

– İntihar, fərdin psixoloji, fizioloji, iqtisadi və sosial problemlərin həlli kimi irəli sürdüyü dağıdıcı və pozucu bir davranışdır. İlk olaraq bir məsələyə aydınlıq gətirək. Siz güclü emosional və ya fiziki ağrının təzyiqi altındasınızsa, qavrayış və düşüncələrinizin bu basqıdan çox təsirlənməsi təbidir. Buna görə də, anlamalısınız ki, hal-hazırda düzgün düşünə bilmir, məsələləri doğru şəkildə analiz edib, uyğun nəticə çıxarmaq qabiliyyətinə malik deyilsiniz. Buna görə də, intihar etmək istəyinizi dediyiniz zaman, sizi sərt tənqid etməyən, mübahiyəsə girişməyən, ciddiyə alan bir ailə üzvü, dost, yaxud psixoloq və ya terapevtə niyyətinizi söyləyin. Çünki hazırkı vəziyyətinizdə yalnız onlar sizə düzgün məsləhət verə bilər.

– Diqqət etməlisniz ki, sizi həddindən artıq incidən bu sarsıntılara son qoymaq, həyatına son qoymaqla eyni mahiyyəti daşımır. Siz fiziki, yaxud ruhi cəhətdən rahatlamaq istəyirsiniz, lakin unudursunuz  ki, rahatlıq yalnız sağ olanda hiss edə biləcəyiniz bir duyğudur.

– İntihar sizə filmlər, kliplər, roman, povest, hekayələr və yaxud sosial mediada təqdim olunduğu kimi romantik və şahşahalı bir addım deyildir. İntihar, ölümdür. Hər kəs bir gün öləcəkdir. Bu dünyada yaşayan heç bir canlı əbədi yaşamır və müəyyən bir müddətlik ömrə malikdir. Beləliklə, ölümü tezləşdirərək onu romantikləşdirmək sadəcə bir xəyal məhsuludur. İntihar qəhramanlıq deyildir. Sonunda hər kəsin üzləşəcəyi bir həqiqət qəhramanlıq sayıla bilməz. İnthar cəmiyyətdə heç bir zaman uğur sayılmayıb və alqışlanmayıb. Yeganə bacarıq sayıla bilən məsələ isə çətinlik zamanı ayaqda dura bilmək, bunun üçün səy göstərmək və mübarizə aparmaqdır.

– Özünüzü daha da pisləşdirən şeylər etməyin. Kədərli musiqi dinləmək, müəyyən fotolara baxmaq, köhnə məktubları oxumaq və ya sevilən birinin məzarını ziyarət etmək mənfi emosiyaları artıra bilər. Sizə sevinc gətirən və sizi az da olsa xoşbəxt hiss etdirən şeylərə vaxt ayırın.

– Əgər intihar edərək kimisə cəzalandırmaq və ya sizə acımasını istəyirsinizsə, bu məntiqli və doğru seçim sayıla bilərmi? Əgər onlar sizi sevirlərsə, sizə acıyacaqlar, sevmirlərsə, acımayacaqlar. Yaxşı sizi sevən bir şəxsi niyə incitmək və cəzalandırmaq istəyirsiniz? Sizi sevməsi üçünmü? Axı o, artıq sizi sevir və əgər sevirsə intiharın nə mənası var? Məsələnin başqa bir baxış bucağı ilə baxsaq, insan sevidiyini, yaxud onu sevəni incitməməlidir.

Amma sizi daha çox sevməsini istəyirsinizsə, siz olmadıqdan sonra onun sizi (yəni olmayan bir şeyi) sevməsinin hansı anlamı qalacaq?

Lakin sizi sevmirsə, onda bir azca düşünün, sizi sağlığınızda sevməyən insan yoxluğunuzu niyə sevsin? Siz bununla istəyinizə nail ola bilməyəcəksiniz.

Həmçinin, sizin dəyərli sayılmanız, hansısa bir fərdin sizi sevməsindən asılı olduğunu düşünmək, sadəlöhvlük deyilmi? İnsanlar onlara dəyər qatan bir şeylər üçün fədakarlıq edirlər, sizə qiymət verməyən bir şəxs üçün özünü fəda etmək məntiqlidirmi? Bir anlıq düşünün ki, indi hansısa bir filmin, musiqinin, şerin, sözün və yaxud hadisədən təsirlənən duyğularınız sabit deyil və onlar daim dəyişir. Bu gün hiss etdiyiniz şey dünən hiss etdiyiniz və ya sabah və ya gələn həftə hiss etdiyiniz kimi olmayacaqdır.

– Hələ gələcəkdə həyatınızda əldə edə biləcəyiniz çox şey var. Həyatda sizi qürurlandıracaq, rahatladacaq çoxsaylı təcrübələr üçün hələ vaxtınız vardır. Sizə həzz və zövq bəxş edən hisləri yaşamaq gücünüz, kədərli duyğuları yaşamaq gücünüzlə bərabərdir. Sizə sevinc gətirən şeylərə vaxt ayırın. İndi bəzi şeylər sizə həzz gətirməsə, ya az həzz versə belə, özünüzü əvvəllər həzz aldığınız şeyləri etməyə məcbur edin.

– İntiharı düşünmək ağlını itirmək, zəiflik və ya əskiklik mənasına deyil. İntihar haqqında düşünən və ya ölmək istəyən şəxs mütləq bunu etmək məcburiyyətində də deyil. Bir çox insan özünü öldürməyi düşünə bilər, amma onların böyük əksəriyyəti bunu etmir. Belə bir düşüncənin zehninizdən keçməsi sizi həddindən artıq vəhşətə salmamalıdır. Sadəcə səbirli olun və bir müddət gözləyin. Amma özünüzü ümidsiz hiss edir, yata bilmir, iştahanızı anormal şəkildə əldən vermiş, iş qabiliyyətinizi mənən itirmisinizə, həmçinin, intihar düşüncələriniz ciddi şəkildə niyyət və plana çevrilibsə, ən qısa zamanda mütəxəssisdən kömək alın. Unutmayın, çətinliklərini müvəqqəti və qarşısı alınması mümkün problemlərdir. Sadəcə olaraq siz durbinin böyütücü tərəfi ilə məsələyə baxırsınız, onu böyük, özünüzü isə kiçik görürsünüz.

– Özünüzə zərər verə biləcəyiniz mühitlərdən və əşyalardan tamamilə uzaq durun. Sizi sərxoş edən, özünü idarə etmənizi məhdudlaşdıran maddələrdən istifadə etməyin. Narkotik və alkoqol depressiyanı artıra, problemləri həll etmək qabiliyyətinizə mane ola bilər və impulsiv hərəkətlərə səbəb ola bilər.

– İstəməsəniz belə, hər gün hökmən ən az 30 dəqiqə evdən kənara, təbiəti bol olan və yaxud sevdiyiniz başqa bir məkana gedin.

– Sizin üçün əvvəllər sevimli olan idmanla məşul olun. Ən azından gündə 30 dəqiqə  məşq etməyi hədəfləyin. Ancaq üç dəfə 10 dəqiqəlik şəklində olarsa, əhval-ruhiyyənizə daha çoz müsbət təsir göstərəcəkdir.

– Tənha qalmamağa səy göstərin. Yalnızlıq intihar düşüncələrini daha da pisləşdirə bilər. Ən azından, sizə yaxın olan insanların, yaxud psixoloqun telefon nömrəsini qeyd edin, intihar düşüncələriniz sizi incitdiyi zaman onunla əlaqə saxlayın.

– Sevdiyiniz insanla mümkünsə hər gün üz-üzə görüşməyə çalışın. Əgər elə bir şəxs həyatınızda yoxdursa, dini inancınızdan yardım ala bilərsiniz. İnsana boyun damarından daha yaxın olduğunu buyuran Allah-taala ilə ülfət və ünsiyyət qurmaq həmişə insan həyatına öz həlledici təsirini qoymuşdur. Əslində, insan hər bir şeydən öncə öz Yaradanı ilə ən gözəl bağlılığı qurmalı, könlünü Onun sevgisi ilə doldurmalı, ümid və təvəkkül ilə həyatını zinətləndirməlidir. Unutmayın, indi heç vaxt keçməyəcək kimi görünən çətinliklər bir gün keçəcək, yaşadığınız hər nədirsə, siz bu qaranlıq tuneli də adlayacaqsınız, tunelin sonunda sizi aydınlıq gözləyir. Dünyada xoşluqlar və sevinclər əbədi olmadığı kimi, çətinliklər və ağır günlər də əbədi deyil. Hər gecənin bir gündüzü, hər qışın bir baharı var. Öz oxu və günəşin ətrafında daim fırlanan bu yer kürəsində şərait və vəziyyətlər daim dəyişir. Ümudvar ol! Özünə və yaxşılıqlara güvən! Yaradana güvən! Onun izni ilə şəfa bəxş edən mütəxəssislərə güvən! Qurtuluş ümid və səy ilədir!

 

PhD. Əfzələddin Rəhimli

İlahiyyat üzrə fəlsəfə elmlər doktoru,

Peşəkar ailə müşaviri, Həyat koçu




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir