Tatuaj

Tatuya marağın artması təhlükəlidir, yoxsa?

Baxış sayı: 556

Son zamanlar Qərb ölkələrində olduğu kimi Azərbaycanda da tatulara maraq xeyli artıb. Qadınların da tatulara marağının getdikcə artması müşahidə olunur.

Qeyd edək ki, tatu sözü Taita dilində “tatau” sözündən götürülüb, mənası “insan bədənində yazı” deməkdir.

Tatunun tarixi kökləri qədim Misirə gedib çıxır. Araşdırmaçılar tatunun o dövrün kölələrinə vurulduğunu iddia edir. Xristianlıq incəsənətin bu növünü qadağan etsə də, Qədim Roma və Yunanıstanda məhbuslara, kölələrə, günahkarlara tatu vurulurdu.

Buna baxmayaraq, bəzi xristianlar bədənlərində İsanın simasını, xaçı əks etdirən tatular gəzdirirdilər. Bundan başqa, qədim Hindistanda, Afrikanın müxtəlif bölgələrində tatudan mənfi enerjidən, pis ruhlardan qurtulmaq üçün istifadə olunurdu. Eləcə də, müxtəlif soylar, nəsillər öz nümayəndələrinə tatu vurmaqla hansı qəbiləyə aid olduqlarını bədənlərinə həkk edirdilər. Əhalinin hansı qrupa, hansı təbəqəyə aid olduğunu müəyyən etmək üçün də qədim tatulardan istifadə olunurdu.

Tatu sözünü Avropaya ilk dəfə Ceyms Kuk gətirib. Əsrlər ötdükcə döymə sənəti öz aktuallığını itirmişdi. Avropanın unutduğu tatunu amerikalılar yenidən gündəmə gətirdi. Əsasən, dənizçilər arasında geniş yayılan tatu o dövrlərdə insanların vətənpərvərliyini, dini inancını, romantik məhəbbətini əks etdirirdi. Lakin gigiyenik normalar gözlənilmədiyinə görə lisenziyasız döymə uzun müddət qadağa olundu.

Hazırda isə dünyada tatulardan istifadə geniş dəb halını alıb. Bəziləri nəinki bədəninə, hətta gözünün içinə qədər tatu etdirməkdən çəkinmir.

Mütəxəssislər bildirir ki, tatu insan orqanizmində bəzən ciddi xəstəlik yarada bilir. Belə ki, əgər tatu iynəsi düzgün texnologiya ilə sterilizə olunmazsa, QİÇS, Hepatit B, C, D virusları, allergik xəstəliklər, xərçəngə yol aça bilər.

Tibb elmləri doktoru, professor Adil Qeybulla mövzu ilə bağlı aşağıdakıları dedi:

image_750x_641158d20c430.jpg (60 KB)

“Ümumiyyətlə tatuaj hələ qədim dövrlərdən mövcud olan ənənədir. Müxtəlif insanlar müxtəlif qruplara, klanlara, ideyalara mənsub olduğunu göstərmək, ayırmaq üçün müxtəlif vasitələrdən istifadə edir və bunu da özlərinin üzərində fiksə etməyə çalışıblar.

Qədim dövrlərdə təbii boyalardan istifadə ediblər. Tatuaj həmin boyanın dəridə, dermada fiksə olunmasından və uzun müddət orada qalmasından ibarətdir.

Hazırda daha müasir və rəngli boyalardan istifadə edərək, daha müasir, daha estetik tatuajlar yaratmağa çalışırlar. Artıq xanımlar arasında da tatuaja meyillilik artıb. Şəxsən mən bunu dövrün bir standartı sayıram. Çünki estetik görünüşə tələbat artıb, indi xanımların cəmiyyətdə rolu artıb, onlar daha çox ictimai fiqura çevriliblər, ona görə də bu cür tatuajlar müəyyən mənada geniş tətbiq olunur.

Kriminal aləmdə və yaxud ayrı ayrı qruplarda, seperatçı təşkilatlarda fəaliyyət göstərənlər arasında tatuajlar daima istifadə olunub. Onların istifadə etdikləri tatuajlarda özlərinə məxsus nişanlar və bu nişanların mənası olub.

Bəzi insanlar isə tatuajla ayrı-ayrı situasiyalara, şəxslərə öz münasibətlərini göstərməyə çalışıblar. Yəni, tatuaja müraciətin çox sayda səbəbləri var və düşünürəm ki, buna normal yanaşmaq lazımdır.

O ki, qaldı fəsadlara, tatuajda istifadə olunan boyalar dermada dəridə fiksə olunub qalırlar, onların orqanizmə ciddi təsirləri yoxdur. Hazırda tatuajda istifadə olunan boyaların orqanizmə toksik və yaxud digər təsirləri ilə bağlı kifayət qədər tədqiqatlar aparılıb. Sadəcə diqqət etmək lazımdır ki, istifadə olunan boyalar daha çox təhlükəsizlik parametrlərinə cavab versin, konkret tanınmış firmalara aid olsun, “əldə düzəlmə” boya olmasın” və ən əsası sterlizə qaydalarına ciddi şəkildə əməl olunsun”.

Qeyd edək ki, indinin özündə belə tatu dindarlar arasında birmənalı qəbul edilmir, çünki dini təsəvvürə görə, insanın özünə və kiməsə zərər yetirməsi günah sayılır. Tatu da özünə zərər vermək kimi anlaşıldığından İslamda haram kimi qəbul edilir.

 

Xalidə Gəray




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir