Sosial fobiya

Sosial fobiya nədir və onunla necə mübarizə aparmalı? – PSİXOLOQ RƏYİ

Baxış sayı: 1. 514

Tanımadığı bir şəxslə ünsiyyət qurmaq, nəsə soruşmaq bəziləri üçün adi görünsə də, bir çoxları üçün bu, çətin bir prosesdir. Belə adamlar tanımadıqları şəxslərlə danışan zaman üzü qızarır, səsi əsir, əl-ayağı titrəyir və s. Onlar kütlədən, başqalarının müşahidə obyektinə və gülüş hədəfinə çevrilməkdən, əks cinsin nümayəndələri ilə söhbət etməkdən qorxur, daim həyəcan və narahatlıq keçirirlər.

PRİM – “Psixososial Reabilitasiya və İnkişaf Mərkəzi”nin direktoru, psixoloq M.Almara Ağaqızı deyir ki, sosial ünsiyyətdə problemi olmayan insan üçün sosial fobiya sözü ancaq kütlə qarşısında çıxış edə bilməyən insan assosiasiyasını verə bilər. Ancaq belə asan olsaydı, bu insanlar yalnız ictimai çıxışlardan imtina edib, başqa sahələrdə işləyərək rahat həyatlarını davam edə bilərdilər. Amma təəssüf ki, sosial fobiyalı insanları nəinki kütlə ilə təmas qorxudur, həmin qorxu insanın yaşadığı bütün həyat sahələrinə öz mənfi təsirini göstərir.

Almara Melikova

Mütəxəssis deyir ki, adətən sosial fobiyalar yeniyetməlik və gənclik illərində yaranır. Çox vaxt sosial fobiyaların yaranması ilə psixogen və sosial təsirlər üst-üstə düşür. Sosial fobiyanı inkişaf etdirən səbəblərə müəyyən vəziyyətlər (sinifdə dərsi danışmaq, imtahan vermək, kütlə qarşısında çıxış etmək, səhnəyə çıxmaq) və müəyyən qrup insanlarla (müəllimlər, hüquq-mühafizə orqanlarının işçiləri, daha yüksək sosial təbəqədən olanlar və ya əks cinsin nümayəndələri ilə) əlaqədə olmaq, ünsiyyət qurmaq daxildir. Qohumlarla və ya yaxın tanışlarla ünsiyyət isə qorxu yaratmır.

Sosial fobiyanın səbəblərindən də bəhs edən psixoloq bunun əsasən düzgün olmayan, həddən artıq ciddi tərbiyə, valideynlərin səhv davranışı, hadisələrin qeyri-adekvat qiymətləndirilməsi, uşağın gücü çatmayan tapşırıqların verilməsi və həddən artıq tələbkarlıq, tez-tez baş verən ailə konfliktləri, böyümə dövründə tez-tez tənqidə məruz qalma, somatik xəstəliklər və s. səbəblərdən baş verdiyini deyir.

Psixoloq onu da qeyd edir ki, insanların çoxu, bu xəstəlikdən əziyyət çəkənlər belə sosial fobiyalarının olmasından xəbərsizdilər. Onlar sosial fobiyaların özündə büruzə verən əlamətlərini utancaqlıq, qapalılıq, komplekslər kimi qiymətləndirirlər. Belə adamlar ilk növbədə onlarda sosial fobiyanın olduğunu öyrənməlidirlər. Bunun üçün də mütəxəssisə müraciət etməlidirlər. Sosial fobiyadan əziyyət çəkən adamlar bilməlidirlər ki, bu fobiya yaxşı öyrənilib və müalicə olunur. Müalicə zamanı xüsusi dərman preparatları da təyin olunur. Bu dərman preparatları sosial fobiya zamanı narahatlıq yaradan halların, həyacanın azalmasına kömək edir. Bu dərmanlar asılılıq yaratmır və yaxşı mütəxəssisin köməyi ilə sosial fobiya müalicə olunur. Müalicənin yaxşı nəticə verməsi həm də bu halın vaxtında aşkarlanması və müalicə olunması ilə də bağlıdır. Belə ki, ilkin mərhələlərdə bu xəstəlik daha asan müalicə olunur. Sosial fobiyanı nadir hallarda şəxs özü müalicə edir. Bir çox hallarda inadkar adamlar bu xəstəliyin əlamətlərini nisbətən azalda bilərlər.

Almara Ağaqızı bu problemin həll yollarından da danışdı və aşağıdakı fikirləri səsləndirdi: “Sosial fobiyanın müalicəsində ilk addım insanın hansı vəziyyətlərdə özünü narahat hiss etdiyini müəyyən etməkdir. Məsələn, başqa insanlarla yemək yeməkdən, söhbətlərə qatılmamaqdan, insanların sıx olduğu yerlərdə təşvişli olmaqdan narahat olub-olmadığını və bu vəziyyətlərlə qarşılaşdıqda necə davrandığını müəyyən etmək lazımdır. Terapiya prosesində insanın özünü narahat hiss etdiyi vəziyyətlərlə bağlı hiss etdiyi hiss və düşüncələrə nəzarət etmək vacibdir. Bundan əlavə, insanın qaçdığı və qorxduğu vəziyyətlərdən qaçmasını azaldaraq, sosial situasiyalarda hiss etdiyi təşvişi idarə etməsinə kömək edilməlidir. Koqnitiv Davranış Terapiyası sosial fobiyanın müalicəsi üçün təsirli psixoterapiya üsuludur.”

 

Təqdim etdi: FATEH




4 şərh “Sosial fobiya nədir və onunla necə mübarizə aparmalı? – PSİXOLOQ RƏYİ

  1. Şəhanə

    Sosial fobiyanın öhdəsindən gəlmək üçün psixoloji dəstək almaq insanın özünə inam qazanmasına və başqaları ilə ünsiyyət qurma bacarıqlarının inkişafına kömək edir.

    Cavabla
  2. İslam Mehdi

    Ailəsində və ya yaxın qohumları arasında sosial fobiyası olan insanaların bu xəstəliyə tutulma riski daha yüksəkdir.

    Cavabla
  3. Psixoloq Ceyran

    Hər on nəfərdən birində həyatının hər hansı bir dövründə sosial fobiya müşahidə oluna bilər. Ümumiyyətlə, bu vəziyyət şəxsiyyət xüsusiyyəti olaraq qiymətləndirilir və müalicə edilə bilən problemdir. Ancaq insana həddindən çox narahatlıq verməyə başlasa mütəxəssislərə müraciət olunmalıdır.

    Cavabla

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir