zorakiliq

Məişət zorakılığı törədənlərə mühafizə orderinin verilməsi qaydası dəyişir

Baxış sayı: 519

Uzunmüddətli mühafizə orderinin verilməsi qaydası dəyişdi. Bu, Milli Məclisin bugünlərdə keçirilən iclasında müzakirəyə çıxarılan və qəbul edilən “Məişət zorakılığının qarşısının alınması haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapmışdı.

Layihəyə əsasən, məişət zorakılığı ilə bağlı hərəkətləri törətmiş şəxs verilmiş xəbərdarlığa əməl etmədikdə, prokurorun da uzunmüddətli mühafizə orderinin verilməsi üçün məhkəməyə müraciət etmək hüququna malik olması təklif edilirdi.

Qeyd edək ki, qüvvədə olan qanuna görə zərər çəkmiş şəxs və müvafiq icra hakimiyyəti orqanı (yerli icra hakimiyyəti orqanları) belə hüquqa malikdir.

Xatırladaq ki, mühafizə orderi – məişət zorakılığı törətmiş şəxsin zərər çəkmiş şəxsə qarşı edə biləcəyi hərəkətlərə tətbiq olunan məhdudiyyətlər haqqında aktdır.

aile

Qeyd edək ki, zərər çəkmiş şəxsə qısamüddətli və ya uzunmüddətli mühafizə orderi verilə bilər.

Qısamüddətli mühafizə orderində məişət zorakılığını törətmiş şəxsə aşağıdakılar qadağan edilə bilər:

-məişət zorakılığının təkrar törədilməsi;

-zərər çəkmiş şəxsin olduğu yer ona məlum olmadıqda həmin şəxsin axtarılması;

-zərər çəkmiş şəxsə narahatlıq gətirən digər hərəkətlərin edilməsi.

aile davasi

Uzunmüddətli mühafizə orderində aşağıdakılar nəzərdə tutula bilər:

-məişət zorakılığını törətmiş şəxsin yetkinlik yaşına çatmamış uşaqları ilə ünsiyyət qaydaları;

yaşayış sahəsindən və ya birgə əmlakdan istifadə qaydalarının müəyyən edilməsi;

-zərər çəkmiş şəxsə tibbi və hüquqi yardımın göstərilməsi ilə bağlı xərclərin məişət zorakılığını törətmiş şəxs tərəfindən ödənilməsi şərtləri;

-mühafizə orderinin tələblərini icra etməyən şəxsin qanunvericiliyə uyğun olaraq məsuliyyətə cəlb olunmasının izah edilməsi haqqında məlumat.

Uzunmüddətli mühafizə orderinin verilməsi barədə qərardan qanunvericiliklə müəyyən edilmiş qaydada şikayət verilə bilər. Yuxarı instansiya məhkəməsinə şikayətin verilməsi mühafizə orderi üzrə qərarın icrasını dayandırmır.

Uzunmüddətli mühafizə orderinin surəti onun çıxarıldığı gün tərəflərə verilməlidir.

 

Xalid Məmmədov




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir