Nermine Abbasova

Nərminə Abbasova: “Bu vəziyyətə əhəmiyyət verməyənlər erkən diaqnoz şansını itirirlər”

Baxış sayı: 539

Əlləri, ayaqları daim, hətta yayda da soyuq olan, buz bağlayan, üşüyən insanlar hansı həkimə gedəcəklərini bilmirlər. Çoxu hətta bu problemlə bağlı həkimə getməyin lazım olduğunu da güman etmir. Soyuq qış aylarında əl-ayağımızın üşüməsi normaldır. Ona görə də qalın corab və əlcək geyinirik. Bəs, hava o qədər soyuq olmasa da, niyə əllərimiz və ayaqlarımız daha soyuq olur?

Mövzu ilə bağlı oxucularımızı məlumatlandıran MayoMed Medikal Fizioterapiya və Reabilitasiya Mərkəzinin təsisçisi və baş həkimi, terapevt, ailə həkimi Nərminə Abbasova bildirdi ki, ayaq və əl kimi əzaların soyuqlamasına səbəb olacaq bir çox müxtəlif xəstəliklər var.

Nərminə xanım qeyd edib ki, əslində, əllərin və ayaqların daha soyuq olması normaldır, çünki o bölgəni qoruyan yağ təbəqəsi yoxdur və nisbətən az tük var. Onun sözlərinə görə, ancaq hər bir normal hesab olunan hal da insandan insana dəyişir:

“Əl və ayaqlarda soyuqluğun əsas səbəbi qan dövranının pozulmasıdır. Bu əzalara aparan nazik qan damarları daralırsa və ya qan axını müxtəlif səbəblərdən bütün bədənə yayıla bilmirsə, əllər və ayaqlar soyuqlaşır. Şəraitdən asılı olaraq dəyişsə də, soyuq əllər və ayaqlar çox vaxt fərqli bir xəstəliyin əlaməti ola bilər. Bu xəstəliklər sırasında periferik neyropatiya, periferik arteriya xəstəliyi, hipotiroidizm, raynaud xəstəliyi, anemiya, yüksək xolesterol, buerger xəstəliyi var.

Qeyd edim ki, diabet xəstəliyinin bir növü hesab edilən periferik neyropatiya ayaqlarınızdakı sinirləri zədələyir. Əsəblər zədələndiyi üçün ayaqlarınız toxunanda isti olsa belə, soyuqluq hiss edə bilərsiniz. Diabetlə yanaşı, periferik neyropatiya regional zədələr, otoimmün xəstəliklər, həddindən artıq spirt istehlakı, vitamin çatışmazlığı, sümük iliyi pozğunluqları, qeyri-aktiv tiroid və müxtəlif dərmanlar da səbəb ola bilər.

Periferik arteriya xəstəliyi isə ayaqlarınızda qan axınını yavaşladır və ya hətta tamamən qapadır. Bu, diabetlə əlaqəli olsa da, siqaret, yüksək təzyiq, yüksək xolesterin və yaş kimi bir çox fərqli səbəbə görə baş verə bilər. Belə xəstəliklə meydana gələn qan dövranının pozulması nəticəsində ayaqlarda ağrı və soyuq ayaqlar meydana gələ bilər”.

Terapevt qalxanabənzər vəzinin zəif işləməsi ilə baş verən hipotiroidizmdən də bəhsetdi. Bildirdi ki, hipotiroidizm tiroid bezinin zəif işləməsi vəziyyətinə aiddir. Onun sözlərinə görə, qalxanabənzər vəzinin az fəaliyyət göstərməsi kifayət qədər hormon istehsal edə bilmir və nəticədə ayaqlarda soyuqluq yarana bilər:

“Raynaud fenomeni olaraq da adlandırılan Raynaud xəstəliyi, qanı ürəkdən bədənin digər nöqtələrinə daşıyan damarlarda problem olduğu bir vəziyyətdir. Temperatur enən kimi əl və ayaqlarınızda soyuqluq hiss olunur. Bundan əlavə, qan axını düzgün təmin olunmadığı üçün burun, dodaq, qulaq və məmə kimi nöqtələrdə soyuqluq hiss edə bilərsiniz.

Raynaud xəstəliyi ümumiyyətlə soyuq iqlimlərdə yaşayan insanlarda görülür və kişilərdən daha çox qadınlarda təsadüf edilən bir vəziyyətdir. Əllərə və ayaqlara qan axını düzgün davam etmədiyi üçün onlar solğun mavi rəngə çevrilə və qızdırıldıqda ağrı hiss edə bilərlər. Bu xəstəliyə səbəb ola biləcək onlarla müxtəlif vəziyyət və dərmanlar var.

Anemiyaya gəlincə, bu, qan hüceyrələrinin çatışmazlığının səbəb olur. Anemiyanı qan xəstəliyinin bir növü kimi təyin etmək mümkündür. Bu, bədəninizdə kifayət qədər qan hüceyrəsinin olmadığını və ya ağciyərlərinizin oksigen almaq üçün kifayət qədər sağlam olmadığını göstərir. Nəticədə qan axını sağlam olmadığı üçün əlləriniz və ayaqlarınız soyuqlaşacaq. Anemiya da müxtəlif xəstəliklərin əlaməti ola bilər”.

Həkim onu da vurğuladı ki, digər xəstəlik, yəni buerger xəstəliyi bilavasitə tütün istifadəsi ilə baş verən bir xəstəlikdir. Beləki tütün çəkən insanların əl və ayaqlarının damarları şişir. Həkim deyir ki, bu, qan axınını yavaşladır, laxtalar və infeksiyalar yaradır. 45 yaşdan aşağı yaşlı kişilərdə olduqca çox yayılıb. Tək müalicə üsulu isə tütündən imtina etməkdir:

“Yüksək xolesterol təkbaşına bir xəstəlik sayıla bilər, lakin müxtəlif xəstəliklərə səbəb ola biləcək bir vəziyyət deyil. Xolesterolun yüksək olması nəticəsində damarlarda xolesterin və iltihab yığılır. Bu, damarları daraltdığı üçün qan axını pozulur. Nəticədə yenidən soyuq əllər və ayaqlar meydana gəlir. Bu əzaların daim soyuq olması bəzi xəstəliklərin əlaməti ola bildiyindən xroniki olaraq müəyyən hallarla qarşılaşırsınızsa, mütləq həkimə müraciət etməlisiniz. Məsələn, əl və ayaqlarınızdakı yaralar asanlıqla sağalmırsa, özünüzü yanmış hiss edirsinizsə, çəkiniz artırsa və ya azalırsa, hərarətiniz varsa, əlinizdə, ayaqlarınızda və ya digər nöqtələrdə oynaq ağrısı varsa, dəriniz çox qırmızıdırsa, dərinizdə qalınlaşma hiss edirsinizsə – yəni bütün bu əlamətlər əl və ayaqlarınızdakı soyuqluğun xəstəliyin yalnız bir parçası olduğunu göstərir. Təəssüf ki, bir çox insanlar bu vəziyyətə əhəmiyyət vermədikləri üçün erkən diaqnoz şansını itirirlər. Vücudunuzdakı dəyişiklikləri izləməli və qeyri-adi vəziyyətləri bir mütəxəssislə müzakirə etməlisiniz. Qeyd etdiyim kimi, soyuq əl və ayaqlarınız xroniki hala düşübsə, mütləq həkimə müraciət etməlisiniz”.

 

(Həkimlə əlaqə saxlamaq istəyənlər Əhməd Rəcəbli 207-də yerləşən MayoMed klinikasına müraciət edə (TEL: (012) 464 86 93; 464 86 94; 464 86 95) və ya  (051) 866 02 20; (051) 567 66 96 mobil nömrələri ilə birbaşa Nərminə Abbasova ilə əlaqə saxlaya bilərlər.)




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir