Nermine Abbasova

Payız-qış aylarında niyə daha çox halsızlıq hiss edirik?

Baxış sayı: 435

Payızın gəlişi ilə bir çox insan özünü əvvəlki aylardan daha yorğun, halsız və enerjisiz hiss etməyə başlayır. Səhər yataqdan qalxmaq çətinləşir, gün ərzində yuxululuq artır, işə və gündəlik fəaliyyətlərə həvəs azalır. Bəzən bu vəziyyət sadəcə havaların dəyişməsi ilə əlaqələndirilir. Halbuki mövsümi dəyişikliklərlə yanaşı, orqanizmdə gedən bir sıra fizioloji proseslər də halsızlığın artmasına səbəb ola bilər.

Payız-qış aylarında günlərin qısalması, günəş işığının azalması, fiziki aktivliyin aşağı düşməsi, qidalanma rejiminin dəyişməsi və infeksiyalara daha çox məruz qalmaq bədənin ümumi enerji balansına təsir göstərir. Bununla yanaşı, davamlı halsızlıq bəzən orqanizmdə olan problemin ilk əlaməti də ola bilər.

 

Günəş işığının azalması orqanizmə necə təsir edir?

Payız və qış aylarında gün işığının müddəti azalır. Günəş işığı insanın bioloji ritminin tənzimlənməsində mühüm rol oynayır. İşıq azaldıqca yuxu və oyanıqlıq rejimində dəyişikliklər yarana, insan gün ərzində daha yuxulu və enerjisiz hiss edə bilər.

Günəş işığının azalması D vitamini səviyyəsinin aşağı düşməsi ilə də əlaqəli ola bilər. Xüsusilə qapalı məkanlarda çox vaxt keçirən insanlarda bu ehtimal artır. D vitamini çatışmazlığı əzələ zəifliyi, yorğunluq və ümumi halsızlıqla müşayiət oluna bilər.

Lakin hər halsızlığı yalnız D vitamini çatışmazlığı ilə əlaqələndirmək düzgün deyil. Bu əlamətin arxasında müxtəlif səbəblər dayana bilər.

 

Soyuq hava niyə insanı daha tez yorur?

Soyuq havalarda orqanizm bədən temperaturunu qorumaq üçün daha çox enerji sərf edir. Bundan başqa, insanlar bu aylarda adətən daha az hərəkət edir, açıq havada keçirdikləri vaxt azalır.

Fiziki aktivliyin azalması da öz növbəsində insanın gün ərzində daha süst və yorğun hiss etməsinə səbəb ola bilər. Hərəkətsizlik yuxu keyfiyyətinə, əhval-ruhiyyəyə və ümumi enerji səviyyəsinə də təsir göstərir.

Bu səbəbdən havaların soyuması ilə idmanı və gündəlik hərəkəti tamamilə dayandırmaq əvəzinə, fiziki aktivliyi hava şəraitinə uyğun davam etdirmək daha faydalıdır.

xestelik

Qidalanmadakı dəyişikliklər də rol oynayır

Soyuq aylarda insanların qidalanma vərdişləri də dəyişir. Daha kalorili, yağlı və karbohidrat baxımından zəngin qidalara üstünlük vermək, meyvə-tərəvəz qəbulunun azalması orqanizmin ehtiyac duyduğu bəzi vitamin və mineralların kifayət qədər alınmamasına gətirib çıxara bilər.

Dəmir, B12 vitamini, fol turşusu və digər qida maddələrinin çatışmazlığı yorğunluq və halsızlığın səbəblərindən biri ola bilər. Xüsusilə menstruasiyası çox olan qadınlarda dəmir çatışmazlığına diqqət yetirmək lazımdır.

Bu səbəbdən halsızlıq uzun müddət davam edirsə, təsadüfi şəkildə vitamin və mineral preparatları qəbul etməkdənsə, səbəbi müəyyənləşdirmək daha doğrudur.

 

Payız-qış infeksiyaları da orqanizmi zəiflədir

Soyuq mövsümdə respirator virus infeksiyalarının yayılması artır. Bəzən insan xəstəliyi ağır keçirməsə belə, infeksiyadan sonra bir müddət halsızlıq, diqqət dağınıqlığı və tez yorulma davam edə bilər.

İnfeksiya zamanı immun sisteminin fəaliyyəti artır və orqanizm bərpa olunmaq üçün əlavə enerji sərf edir. Buna görə xəstəlikdən sonra özünü əvvəlki kimi enerjili hiss etməmək müəyyən müddət normal ola bilər.

Lakin halsızlıq həftələrlə davam edirsə və gündəlik fəaliyyətə ciddi təsir göstərirsə, bunun səbəbi yalnız keçirilmiş infeksiya kimi qəbul edilməməlidir.

 

Yuxu rejimi niyə pozulur?

Payız-qış aylarında günlərin qısalması və günəş işığının azalması yuxu-oyanıqlıq ritminə təsir göstərə bilər. Bəzi insanlar daha çox yatmaq istəsələr də, səhər oyandıqda özlərini dincəlmiş hiss etmirlər.

Keyfiyyətli yuxunun müddəti qədər onun rejimli olması da əhəmiyyətlidir. Gec saatlarda yatmaq, yatmazdan əvvəl uzun müddət telefon və digər ekranlardan istifadə etmək, gün ərzində kifayət qədər hərəkət etməmək yuxunun keyfiyyətini aşağı sala bilər.

Daimi halsızlıq zamanı ilk diqqət edilməli məqamlardan biri də yuxunun müddəti və keyfiyyətidir.

 

Halsızlıq bəzən xəstəliyin əlamətidir

Halsızlıq çox geniş yayılmış və qeyri-spesifik əlamətdir. Buna görə onu hər zaman mövsümlə əlaqələndirmək düzgün deyil.

Dəmir çatışmazlığı və anemiya, qalxanabənzər vəzinin fəaliyyətində pozulmalar, qan şəkərinin dəyişməsi, bəzi infeksiyalar, yuxu problemləri, psixoloji gərginlik və digər vəziyyətlər uzunmüddətli yorğunluq və halsızlığa səbəb ola bilər.

Xüsusilə halsızlıqla yanaşı başgicəllənmə, nəfəs darlığı, ürəkdöyünmə, səbəbsiz çəki itkisi, həddindən artıq yuxululuq, temperatur, gecə tərləmələri və ya əhval-ruhiyyədə ciddi dəyişikliklər müşahidə olunursa, həkim müayinəsi vacibdir.

xestelik

Halsızlığın qarşısını almaq üçün nələr etmək olar?

Payız-qış aylarında orqanizmin enerji səviyyəsini qorumaq üçün bir neçə sadə vərdişə diqqət etmək mümkündür:

yuxu rejimini qorumaq;

gün ərzində kifayət qədər hərəkət etmək;

mümkün olduqda gündüz saatlarında açıq havada gəzmək;

balanslı və müxtəlif qidalanmaq;

kifayət qədər maye qəbul etmək;

mövsümi tərəvəz və meyvələrdən istifadə etmək;

uzun müddət qapalı məkanda qalmamaq və otaqları mütəmadi havalandırmaq;

stress və həddindən artıq iş yükünü azaltmağa çalışmaq.

Vitamin və mineral preparatlarını isə yalnız ehtiyac olduqda və həkim məsləhəti ilə qəbul etmək daha məqsədəuyğundur.

Payız-qış aylarında müəyyən qədər yorğunluq və yuxululuğun artması təbii ola bilər. Amma insan hər gün özünü gücsüz hiss edir, əvvəlki fəaliyyətlərini yerinə yetirməkdə çətinlik çəkir və bu vəziyyət uzun müddət davam edirsə, bunu sadəcə “mövsümün təsiri” kimi qəbul etmək olmaz. Orqanizmin verdiyi siqnalları vaxtında qiymətləndirmək və lazım gəldikdə tibbi müayinədən keçmək halsızlığın əsl səbəbini müəyyənləşdirməyə kömək edir.

 

Nərminə Abbasova

Terapevt, ailə həkimi




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir