ad

Biznesə öz adımızı qoymaq nə dərəcədə doğrudur?

Baxış sayı: 431

Tez-tez müxtəlif adlarda ictimai məkanlara rast gəlirik. Xüsusilə restoran və gözəllik salonlarında insanların öz adlarını və ya yaxınlarının adlarını daşıyan bizneslər artmaqdadır. Şəxsi adla brendləşən bizneslər nə dərəcədə ciddi qəbul olunur? Yəni, insan adları olan bizneslərin uğurlu olma ehtimalı varmı?

Rəqəmsal marketinq və biznesin inkişafı üzrə menecer Rəqsanə Məmmədova bildirdi ki, sahibkarlar bizneslərinə öz adlarını, övladlarının və ya yaxınlarının adlarını verərək brend inşa etməyə çalışırlar: “Bu tendensiya təbiidir. Axı hər insan istəyir ki, onun yaratdığı iş şəxsiyyəti ilə bağlansın, dəyər qazansın və bir gün mirasa çevrilsin. Lakin sual ortaya çıxır: şəxsi adla yaradılan brend nə dərəcədə etibarlı, ciddi və uzunmüddətli ola bilər?”

R.Məmmədova şəxsi adla brendləşən bizneslərin üstünlüklərindən bəhs etdi:

 

1) Etibar və şəxsiyyət

Şəxsi ad brendə əlavə dəyər qata bilər. Müştəri anlayır ki, burada bir insanın məsuliyyəti dayanır. Bu yaxınlıq və güvən yaradır.

 

2) Xatırlanması asandır

Qısa, aydın və düzgün seçilmiş adlar tez yadda qalır. Bu da ilkin mərhələdə brendin tanıtımını asanlaşdırır.

 

3) Sahibkarın şəxsi reputasiyası brendi gücləndirir

Əgər sahibkar artıq bir sahədə tanınırsa, bu ad brend üçün güclü startdır”.

 

Marketinqdə "ucuz" və "baha"nın fərqi

R.Məmmədova həmçinin bu biznesin risklərindən də danışdı:

1) Şəxsi reputasiya bizneslə birləşir

Gələcəkdə sahibkarın şəxsi həyatı və davranışı brendin imicinə birbaşa təsir edir.

 

2) Biznes böyüdükdə məhdudlaşdırıcı ola bilər

Bir gün siz biznesi satmaq, korporativ modelə keçmək və ya digər ölkələrə açılmaq istəyəcəksiniz. Şəxsi ad bəzən buna əngəl yaradır.

 

3) Qlobal miqyasda anlaşılması çətin ola bilər

Lokal adlar beynəlxalq genişlənmədə düzgün qəbul olunmaya bilər”.

 

Uğurlu olmaq üçün nə lazımdır?

Onun sözlərinə görə, şəxsi adla yaradılan biznes uğurlu ola bilər, sadəcə doğru istiqamət budur:

-Adla deyil, həll etdiyin problem və dəyərinlə brendləş

-Şəxsi reputasiyanı qorumağa daim diqqət et

-Brend strategiyası, vizual kimlik və xidmət standartları adın arxasındakı gücü göstərməlidir

-Uğur yalnız adda deyil, təcrübədə, keyfiyyətdə və nəticələrdədir

R.Məmmədova deyir ki, bir məşhur qayda var: “İnsan əvvəlcə brendi sevir. Sonra həmin brend ona insan adını sevdirir”.

 

Sərvanə Rəmixanova




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir