TELEFON

15 yaşadək uşaqlara süni intellekt qadağası – Azərbaycan buna getsə...

Baxış sayı: 565

Türkiyə 15 yaşdan kiçik uşaqlar tərəfindən süni intellektdən istifadəni qadağan etməyi planlaşdırır. Hakimiyyət orqanları bildirir ki, son aylarda məktəblilərin sinif yoldaşlarının şəkillərini ədəbsiz formaya salmaq üçün süni intellektdən istifadə etməsi halları ictimai etirazlara səbəb olub.

Qeyd edilir ki, yeni qaydalar real həyatda cinayət sayılan hərəkətlərin süni intellektdən istifadə edildikdə də cinayət hesab ediləcəyi prinsipini təsdiqləyəcək. Buraya fırıldaqçılıq, təhqir, şəxsi hüquqların pozulması və terror təbliğatı daxildir. Hakimiyyət orqanları onu da vurğulayır ki, tədbirlər əsasən uşaqları süni intellekt texnologiyalarının vura biləcəyi zərərdən qorumağa yönəlib.

Yalnız Türkiyə deyil, Avropa İttifaqında da uşaqların onlayn təhlükəsizliyi əsas prioritetlərdən biridir. Burada süni intellekt də daxil olmaqla rəqəmsal xidmətlərdən istifadə üçün minimum yaş həddi müəyyənləşdirilməsi və 16 yaşdan aşağı şəxslər üçün valideyn nəzarətinin gücləndirilməsi ilə bağlı təkliflər irəli sürülüb. AI texnologiyalarından istifadə zamanı uşaqların şəxsi məlumatlarının qorunması, psixoloji zərər və qeyri-etik məzmun risklərinin azaldılması əsas məqsəd kimi göstərilir.

ABŞ-də federal səviyyədə uşaqların süni intellektdən istifadəsini tam qadağan edən qanun yoxdur, lakin Konqresdə azyaşlıların AI əsaslı chatbotlardan istifadəsinin məhdudlaşdırılması ilə bağlı qanun layihələri müzakirə olunur. Eyni zamanda bəzi texnologiya şirkətləri öz daxili qaydaları ilə müəyyən yaşdan aşağı istifadəçilərin AI xidmətlərinə çıxışını məhdudlaşdırır və ya əlavə nəzarət mexanizmləri tətbiq edir.

Süni intellekt dünyasında uşaqların hüquqlarını necə qorumaq olar? –  Beynəlxalq təcrübə - Muallim.edu.az

Avstraliya, Cənub-Şərqi Asiya və digər regionlarda da uşaqların onlayn mühitdə qorunması ilə bağlı sərt yanaşmalar mövcuddur. Bu ölkələrdə sosial media və rəqəmsal platformalar üçün yaş məhdudiyyətləri tətbiq olunur və bu məhdudiyyətlər dolayısı ilə süni intellekt alətlərindən istifadəyə də təsir göstərir. Bəzi hallarda hökumətlər uşaqlar üçün riskli hesab edilən AI tətbiqlərinə çıxışı müvəqqəti olaraq bloklayır və ya ciddi nəzarət altına alır.

Ümumilikdə, beynəlxalq praktikada yanaşma ondan ibarətdir ki, real həyatda cinayət və ya hüquq pozuntusu sayılan hərəkətlər süni intellektdən istifadə edilməklə törədildikdə də eyni hüquqi məsuliyyət doğurmalıdır.

 

Azərbaycanda da belə qadağalara gedilə bilərmi? Faydası olacaqmı?

Klinik psixoloq, psixoterapevt Rövşən Nəcəfov mövzu ilə bağlı bildirir ki, süni intellekt artıq təkcə texnoloji yenilik deyil, uşaqların psixoloji inkişafını, hüquqi müdafiəsini və ictimai təhlükəsizliyi birbaşa maraqlandıran məsələdir. Onun fikrincə, şəxsiyyətin formalaşdığı yaş dövründə rəqəmsal alətlərdən nəzarətsiz istifadə tərbiyəyə, özünəinam hissinə və sosial münasibətlərə mənfi təsir göstərir. “Texnologiya bilik və yaradıcılıq üçün geniş imkan açır, lakin məqsəddən kənar istifadə təhqir, şantaj, manipulyasiya və qorxu kimi davranış formalarını gücləndirə bilər. Ona görə də yaş hədlərinin qoyulması sırf qadağa kimi yox, uşaqların müdafiəsi və tərbiyəsi baxımından qiymətləndirilməlidir”, – Nəcəfov söyləyib.

Sevgi xəstəlikləri müalicə etmir – arayış tələb etmək düzgündür” - Rövşən  Nəcəfov

Psixoterapevt qeyd edir ki, Azərbaycanda da oxşar diskussiyaların aparılması aktuallaşır: “Sadə qadağa ilə məsələ həll olunmur, çünki qadağa çox vaxt marağı artırır və gizli istifadəni genişləndirir. Əsas məqsəd süni intellektdən məsuliyyətli istifadə mədəniyyətinin formalaşdırılması olmalıdır. Bu mədəniyyət hüquqi düşüncə, etik normaların anlaşılması və psixoloji yetkinliyin qorunması ilə mümkündür. Uşağın hansı davranışın cinayət, hansı hərəkətin hüquqi pozuntu olduğunu anlaması cəmiyyətin gələcəyi üçün vacibdir. Vacib olan qadağa yox, anlayışın formalaşmasıdır. Maarifləndirmə burada həlledici rol oynayır. Məktəblərdə bu mövzuların izahı təmin edilməli, media savadlılığı, hüquq və psixologiya üzrə baza bilikləri tədrisə daxil edilməlidir. Fərqli yaş qruplarına uyğun tədris materialları hazırlanmalı, ailələr də prosesə cəlb olunmalıdır. Çünki uşağın təhlükə anlayışı və məsuliyyət hissi ilk növbədə evdə formalaşır”.

Rövşən Nəcəfovun sözlərinə görə, texnologiyanın yanında elm dayandıqda o fayda gətirir: “Əks halda texnologiya tərbiyə boşluğunu genişləndirir və cəmiyyətdə riskləri artırır. Süni intellektin yaratdığı rəqəmsal mühit nəzarətsiz qalarsa, uşağın inkişafına təsir edən təzyiq və zorakılıq formaları görünməz şəkildə yayılır. Ona görə də bu məsələdə məqsəd təkcə alətləri məhdudlaşdırmaq deyil, rəqəmsal mühitdə özünü qorumağı bacaran və sağlam düşüncəyə malik nəsil yetişdirməkdir. Bu həm dövlətin, həm məktəbin, həm də ailənin üzərinə düşən birgə məsuliyyətdir”.

 

Afaq Mirayiq




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir