Maaşın hesaba köçdüyü gün çoxları üçün ayın ən rahat anıdır. Ancaq məhz həmin gün verilən qərarlar növbəti 30 günün maliyyə taleyini müəyyən edir. Pulun nə qədər qazandığından çox, maaş günü onunla nə etdiyin vacibdir. Düzgün qurulmuş maaş günü vərdişləri borc yükünü azalda, yığımları artıra və maliyyə stressini minimuma endirə bilər. Mütəxəssislər hesab edir ki, maaşdan-maaşa yaşamağın əsas səbəbi gəlirin azlığı deyil, plansız maaş günü davranışıdır.
Beləliklə, maaş günündə tətbiq edilməli 6 əsas vərdişi təqdim edirik:
1) Əvvəl özünüzə ödəyin
Ən vacib qayda budur: maaş daxil olan kimi onun ən azı 10%-ni yığım və ya investisiya hesabına köçür. Əksəriyyət əvvəl xərcləyir, sonda isə “qalanı yığmağa” çalışır. Düzgün yanaşma isə bunun əksidir, beləliklə, gələcək “özün” də maaş almış olur.
2) Avtomatik maaş sistemi qurun
Yığım və əsas xərcləri avtomatlaşdırmaq maliyyə intizamını gücləndirir. Maaş daxil olan kimi bir hissənin avtomatik yığım hesabına keçməsi və aylıq xərclərin birbaşa tutulması səhvləri və gecikmələri minimuma endirir.
3) Vacib xərcləri prioritetləşdirin
Kirayə, kommunal ödənişlər, sığorta və abunəliklər kimi qaçılmaz xərcləri əvvəlcədən planlaşdır. Avtomatik ödənişlər gecikmə cərimələrinin və kredit tarixçəsində problemlərin qarşısını alır.
4) Borcları azaldın
Yüksək faizli borclar yığımın “səssiz düşmənidir”. Borc nə qədər uzun sürərsə, bir o qədər az yığım mümkün olur. Mümkünsə, maaşdan ayrılan vəsaitlə faizi yüksək olan borcları azaltmaq prioritet olmalıdır.

5) Fövqəladə fond yaradın
Qlobal iqtisadi qeyri-müəyyənlik şəraitində 6 aylıq ehtiyat fondu artıq lüks yox, zərurətdir. Hər maaş günündə az da olsa bu fonda vəsait ayırmaq gələcək risklərə qarşı real qoruma yaradır.
6) Özünüzü də mükafatlandırın – amma ölçülü
Ağıllı maliyyə planı sevincdən imtina demək deyil. “Əyləncə fondu” yaradaraq özünə ölçülü şəkildə xərcləmək motivasiyanı qoruyur, amma əsas hədəfləri sabotaj etmir.
Sərvanə Rəmixanova












































































































































































