Azərbaycanda son illərdə ailə institutunun qorunması, reproduktiv sağlamlıq, ana və uşaq ölümü, eləcə də gender balansı ilə bağlı məsələlər daha ciddi şəkildə gündəmə gəlməyə başlayıb. Milli Məclisdə keçirilən son plenar iclasda parlamentin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova tərəfindən “Ailə planlaşdırılması və reproduktiv sağlamlıq haqqında” qanunun qəbul edilməsinin vacibliyinin vurğulanması da bu istiqamətdə yeni müzakirələrə səbəb olub.
Deputat bildirib ki, Azərbaycanda doğulan oğlan və qız uşaqları arasındakı fərq əvvəlki illərlə müqayisədə müəyyən qədər azalsa da, statistika hələ də narahatedici olaraq qalır. Hazırda ölkədə hər 100 qız uşağına 113 oğlan düşür. Halbuki beynəlxalq tibbi göstəricilərə əsasən bioloji norma hər 100 qıza qarşı 105-107 oğlan hesab edilir. Mütəxəssislər bildirirlər ki, bu fərq cəmiyyətdə uzun illərdir mövcud olan sosial stereotiplərdən, xüsusilə oğlan uşağına verilən üstünlükdən qaynaqlanır.
Hicran Hüseynova çıxışında diqqəti başqa bir mühüm problemə də yönəldib. Onun sözlərinə görə, Azərbaycanda ana və uşaq ölümü göstəricilərində artım müşahidə olunur. Belə ki, 2020-ci ildə hər 100 min diri doğulana düşən ana ölümü göstəricisi 15,8 olduğu halda, 2025-ci ildə bu rəqəm 27,1-ə yüksəlib. Bir yaşadək uşaqlar arasında ölüm göstəricisi isə 9,8-dən 13,7-yə çatıb. Deputat hesab edir ki, bu rəqəmlər ana və uşaq ölümünün səbəblərinin daha ciddi araşdırılmasını və yeni hüquqi mexanizmlərin tətbiqini zəruri edir.

Mövzu ilə bağlı “Gencaile.az” saytına danışan sosioloq Ebru Özkan bildirir ki, gender balansının pozulması təkcə tibbi və ya statistik problem deyil, bu, daha çox cəmiyyətin sosial düşüncə sistemindən qaynaqlanan məsələdir:
“Azərbaycanda və ümumiyyətlə region ölkələrinin bir çoxunda ailə daxilində oğlan uşağına daha çox üstünlük verilməsi ənənəsi hələ də qalmaqdadır. Bunun əsas səbəblərindən biri patriarxal düşüncə modelidir. İnsanlar düşünür ki, oğlan ailənin davamçısıdır, soyadı yaşadır, valideynə gələcəkdə dəstək olur. Qız uşağı isə müəyyən mənada ‘müvəqqəti ailə üzvü’ kimi qəbul edilir. Bu düşüncə tərzi illərlə formalaşdığı üçün onu qısa müddətdə dəyişmək mümkün deyil”.
Sosioloqun fikrincə, problemin həlli üçün yalnız inzibati tədbirlər kifayət etmir:
“Maarifləndirmə işləri çox vacibdir. Məktəblərdə, universitetlərdə, mediada gender bərabərliyi ilə bağlı davamlı sosial kampaniyalar aparılmalıdır. İnsanlara izah edilməlidir ki, övladın cinsiyyəti onun dəyərini müəyyən etmir. Əks halda statistik fərqlər azalsa belə, problemin mahiyyəti qalmaqda davam edəcək”.
Ebru Özkan qeyd edir ki, reproduktiv sağlamlıq məsələsi qadınların sosial vəziyyəti ilə də birbaşa əlaqəlidir:
“Qadının iqtisadi müstəqilliyi, təhsil səviyyəsi və qərarvermə imkanları artdıqca ailə planlaşdırılması ilə bağlı seçimlər də daha sağlam şəkildə formalaşır. Əgər qadın ailə daxilində öz qərarını sərbəst verə bilmirsə, bu, reproduktiv sağlamlıq məsələlərinə də təsir edir”.

Hüquqşünas Ləman Qarayeva isə hesab edir ki, ayrıca qanunun qəbul edilməsi hüquqi baxımdan olduqca vacib addım ola bilər:
“Hazırda reproduktiv sağlamlıq və ailə planlaşdırılması ilə bağlı məsələlər müxtəlif qanunvericilik aktlarında hissə-hissə öz əksini tapsa da, vahid hüquqi çərçivənin olmaması müəyyən boşluqlar yaradır. Bu səbəbdən ayrıca qanunun qəbul edilməsi həm vətəndaşların hüquqlarının müdafiəsi, həm də dövlətin bu sahədə məsuliyyətinin müəyyənləşdirilməsi baxımından vacibdir”.
Onun sözlərinə görə, yeni qanun yalnız tibbi məsələləri deyil, sosial və hüquqi aspektləri də əhatə etməlidir:
“Burada qadınların təhlükəsiz tibbi xidmətlərə çıxış hüququ, reproduktiv məlumat almaq hüququ, ailə planlaşdırılması xidmətlərinin əlçatanlığı, erkən nikahların yaratdığı risklər və selektiv abortlarla bağlı müddəalar öz əksini tapmalıdır. Bundan başqa, regionlarda yaşayan qadınların tibbi xidmətlərə çıxış imkanlarının artırılması ilə bağlı dövlət öhdəlikləri də qanunda aydın şəkildə göstərilməlidir”.
Ləman Qarayeva hesab edir ki, qanunun qəbulundan sonra onun tətbiq mexanizmləri də ciddi nəzarətdə saxlanılmalıdır:
“Bəzən qanun qəbul olunur, amma praktik nəticə vermir. Əsas məsələ qanunun işlək mexanizmlərlə müşayiət olunmasıdır. Dövlət qurumları, səhiyyə müəssisələri və sosial xidmət orqanları arasında koordinasiya gücləndirilməlidir”.

Türkiyədə fəaliyyət göstərən ginekoloq Aygün Musayeva isə bildirir ki, ana və uşaq ölümünün artması səhiyyə sistemində müəyyən problemlərin mövcudluğundan xəbər verir:
“Hamiləlik dövründə düzgün tibbi müşahidə aparılmadıqda həm ana, həm də uşaq üçün ciddi risklər yaranır. Riskli hamiləliklərin erkən aşkar olunması çox vacibdir. Bəzi qadınlar hamiləlik müddətində mütəmadi müayinələrdən keçmir, bəzən isə regionlarda keyfiyyətli tibbi xidmətə çıxış çətin olur. Bu faktorlar ölüm riskini artırır”.
Həkimin sözlərinə görə, reproduktiv sağlamlıq anlayışı yalnız doğuş prosesi ilə məhdudlaşmır:
“Reproduktiv sağlamlıq qadının həm fiziki, həm psixoloji, həm də sosial rifahını əhatə edir. Ailə planlaşdırılması qadının sağlamlığını qorumağa kömək edir. Ardıcıl və nəzarətsiz hamiləliklər qadın orqanizmi üçün ciddi təhlükə yarada bilər. Buna görə də ailələrin maarifləndirilməsi çox önəmlidir”.
Aygün Musayeva hesab edir ki, xüsusilə gənclər arasında reproduktiv sağlamlıqla bağlı məlumatlandırma gücləndirilməlidir:
“Bir çox hallarda insanlar reproduktiv sağlamlıq haqqında kifayət qədər məlumatlı olmurlar. Gənclər evliliyə və valideynliyə hazır olmadan ailə qururlar. Bu isə sonradan həm tibbi, həm də sosial problemlərə səbəb olur. Məktəblərdə və ali təhsil müəssisələrində maarifləndirici proqramların təşkili faydalı ola bilər”.

Ekspertlər ümumi olaraq hesab edirlər ki, “Ailə planlaşdırılması və reproduktiv sağlamlıq haqqında” qanunun qəbul edilməsi Azərbaycanda ailə institutunun möhkəmləndirilməsi, qadın və uşaqların sağlamlığının qorunması, eləcə də gender balansının normallaşdırılması istiqamətində mühüm addımlardan biri ola bilər.
Onların fikrincə, bu sahədə uğurlu nəticə əldə etmək üçün yalnız qanunvericilik dəyişiklikləri kifayət deyil. Paralel şəkildə sosial maarifləndirmə, tibbi xidmətlərin keyfiyyətinin artırılması, regionlarda səhiyyə infrastrukturunun gücləndirilməsi və qadınların sosial müdafiəsinin genişləndirilməsi də vacibdir.
Mütəxəssislər hesab edirlər ki, sağlam cəmiyyətin formalaşması üçün ilk növbədə sağlam ailə modeli qurulmalıdır və reproduktiv sağlamlıq siyasəti bu prosesin əsas istiqamətlərindən biri hesab olunur.
Hazırladı: Məsudə Sultan











































































































































































