lQsodON04wjHRdpGMDaQEsxdmuNkzSyaGXTQwrvb

Şərqin ilk demokratik Cümhuriyyəti

Baxış sayı: 527

Azərbaycan Xalq Cümhuriyyəti (AXC) az bir müddət yaşayıb. Ancaq o, XX əsrdə Azərbaycan xalqının həyatında tarixi bir mərhələ olub və xalqımızın gələcəyinin, müstəqilliyinin, azadlığının, suverenliyinin təməlini qoyub. Məhz buna görə də Azərbaycanın bütün vətəndaşları – biz, Azərbaycan Cümhuriyyətin yaranmasını, fəaliyyətini və onu yaradanları, o dövrdə qəhrəmanlıq nümunələri göstərən insanları böyük minnətdarlıq hissi ilə yad edirik.

 

Onlar xalqımızın yaddaşına əbədi həkk olunub

İlk qərarı ilə milliyyəti, dini, sosial vəziyyəti və cinsindən asılı olmayaraq, ölkəmizin bütün vətəndaşlarına bərabər hüquqlar verən AXC çox mürəkkəb geosiyasi şəraitdə elan olundu. Birinci Dünya müharibəsinin sona çatması, Rusiyada oktyabr inqilabı və çarizmin süqutu uğraması fonunda müstəqil dövləti qura biləcək qabaqcıl ziyalılar təbəqəsinin yetişməsi də AXC-nin yaranmasında müstəsna rol oynayıb. 1918-ci il mayın 28-də Tiflisdə Azərbaycanın İstiqlal Bəyannaməsi qəbul olunmaqla AXC-nin əsası qoyuldu. Cümhuriyyətin dövlətçilik tariximizdəki rolunu hər zaman yüksək qiymətləndirən Ulu Öndər Heydər Əliyev 1918-ci ildə dövlət müstəqilliyimizin bərpasında böyük xidmətləri olmuş bu görkəmli şəxslərin adlarının Azərbaycan xalqının yaddaşına əbədi həkk olunduğunu bildirib.

Şərqdə qadınlara ilk dəfə olaraq seçki hüququ verildi

İstiqlal Bəyannaməsinin qəbulu ilə müsəlman Şərqində ilk dəfə olaraq demokratik respublika idarə üsulu, parlamentli dövlət yaradıldı. Dövlətçilik tariximizdə ilk konstitusiya aktı olan bu sənəd müstəqil Azərbaycanın yaradılması ilə yanaşı, onun prioritetlərini və məramını da elan etdi. Müstəqilliyimizin elan olunmasına kənardan mane olmaq istəyən qüvvələr çox idi, elə Azərbaycanın özünün siyasi-ictimai həyatında da vəziyyət rəvan deyildi. Bütün bu çətinliklərə baxmayaraq, AXC mövcud olduğu 23 ayda çox böyük işlər gördü. Mühüm qərarlar qəbul edildi, Milli Ordu yaradıldı. 1918-ci il iyunun 27-də Azərbaycan dili rəsmən dövlət dili elan edildi. Azərbaycan bütün Şərqdə qadınlarla seçki hüququ verən ilk dövlət oldu.

Təhsilə verilən önəm

Cümhuriyyət dövründə təhsil problemlərinə də xüsusi diqqət yetirilirdi. 1918-ci ilin mayında müstəqillik elan edildikdən sonra dövrün görkəmli ictimai-siyasi xadimi Nəsib bəy Yusifbəyli xalq maarif naziri vəzifəsinə təyin edildi. Xalq Maarif Nazirliyi yaradıldığı gündən təhsilin bütün pillələrinin yenidən qurulması vəzifəsini və milli kadr hazırlığını ön plana çəkmişdi. Bu məqsədlə Gəncədə, Şəkidə, Zaqatalada qısamüddətli pedaqoji kurslar təşkil edilmiş və buraya 150 nəfər dinləyici qəbul olunmuşdu. 1918-ci il 22 sentyabr tarixli sərəncamla ibtidai sinif müəllimlərinin hazırlanmasına başlanıldı. 1919-cu ilin əvvəllərində Azərbaycanda artıq 23 dövlət orta təhsil müəssisəsi yaradılmışdı. Onlardan altısı kişi, dördü qadın gimnaziyası, beşi realni məktəbi, üçü müəllim seminariyası, birii politexnik və ticarət məktəbi idi. Müəllim kadrları hazırlamaq üçün yaradılmış kurslarda işləmək üçün Türkiyədən 50-yə yaxın müəllim dəvət olunmuşdu.

 

Bakı Dövlət Universitetinin təsis olunması

Cümhuriyyətin üzərinə götürdüyü mühüm vəzifələrdən biri də ölkədə ali təhsil müəssisəsinin yaradılması ilə bağlı idi. Parlament uzun və gərgin müzakirələrdən sonra 1919-cu il sentyabrın 1-də Bakı Dövlət Universitetinin təsis olunması haqqında qərar qəbul etdi. Noyabr ayının 15-i ilk dərs günü elan olundu. Görkəmli cərrah, professor V.Razumovski Bakı Dövlət Universitetinin rektoru seçildi. 1919-1920-ci illərdə hökumət xaricdə milli kadr hazırlığı üçün Qərbi Avropanın bir sıra ölkələrinə 103 nəfər azərbaycanlı gənc göndərmişdi. Bu gənclər Almaniyada, Fransada, İtaliyada, Türkiyədə və başqa dövlətlərdə təhsil aldıqdan sonra öz vətənlərinə qayıda bilmədilər. Çünki başqa yerlərdə olduğu kimi Azərbaycanda da bolşeviklər hakimiyyəti ələ almışdılar. İmkan tapıb vətənə qayıdan mütəxəssislər isə burada tüğyan edən siyasi irticanın qurbanı oldular. Türkçü, islamçı damğaları ilə həbs edilib Sibirə, Qazaxıstana sürgün edildilər. Onların az bir hissəsi 1956-cı ildə bəraət aldıqdan sonra Azərbaycana dönmüşdürlər.

Savadsızlığın ləğvi sahəsində xeyli iş görülüb

AXC dövründə savadsızlığın ləğvi sahəsində xeyli iş görülüb. Yaşlı əhali üçün axşam kursları açılmışdı. Bakı Dövlət Universiteti ilə yanaşı konservatoriyanın, pedaqoji institutun, ali təhsil verən polis məktəbinin, Gəncədə Kənd Təsərrüfatı İnstitutunun açılması nəzərdə tutulmuşdu. Bir sözlə, Azərbaycanda o zaman 23 orta ixtisas və 637 ibtidai məktəb yaradılmışdı. 1918-ci ilin oktyabrında Bakıda Hüseyn Ərəblinski adına Azərbaycan Dövlət Teatrı açılmışdı. Azərbaycan Xalq Cümhuriyyətinin sonuncu təhsil naziri o dövrün tanınmış şəxsiyyətlərindən olan Nurməmməd bəy Şahsuvarov olub. Bakı Dövlət Universitetinin təşkilində də  N.Şahsuvarovun xüsusi xidmətləri vardı.

Fərəhli haldır ki, Ulu Öndərin tariximizə doğma, təəssübkeş münasibəti onun layiqli davamçısı, dövlət başçısı İlham Əliyevin də fəaliyyətində prioritet təşkil edir. Prezident İlham Əliyev xalqımızın tarixi keçmişinin öyrənilməsi kimi məsələləri daim diqqət mərkəzində saxlayır. Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda demokratik, hüquqi, dünyəvi dövlət, vətəndaş cəmiyyəti quruculuğu prosesi uğurla davam etdirilir.

 

Elman Mirzəyev 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir