tort

Trileçe necə hazırlanır? - "ŞİRİN SÜFRƏ"

Baxış sayı: 537

Yüngül teksturası, südün ləzzəti və üzərindəki karamel qatı ilə seçilən trileçe son illərin ən sevilən desertlərindən biridir. Xüsusilə çay süfrələrində və xüsusi günlərdə təqdim olunan bu şirniyyat həm görünüşü, həm də dadı ilə hər kəsin rəğbətini qazanır. Beləliklə, “Gencaile.az” saytının “my_sweet_house_1“ adlı instagram səhifəsi vasitəsilə oxucularına təqdim etdiyi “Şirin süfrə” rubrikasında ev şəraitində asanlıqla hazırlaya biləcəyiniz trileçe reseptini təqdim edirik.

 

Ərzaqlar

Keks üçün:

4 ədəd yumurta

1 stəkan şəkər

1,5 stəkan un

1 paket qabartma tozu

1/2 paket vanil

Süd sousu üçün:

1 litr süd

4 xörək qaşığı şəkər

Karamel sousu üçün:

1 stəkan şəkər

1 stəkan su

3 çay qaşığı nişasta

1 çay stəkanı su (nişastanı açmaq üçün)

1 xörək qaşığı kərə yağı

Üzəri üçün:

1 paket qaymaq

1 stəkan soyuq süd

Trileçe

Hazırlanması

Yumurtaları dərin bir qaba qırın və üzərinə şəkər əlavə edin. Qarışığı ağarıb köpüklənənə qədər mikserlə çalın. Daha sonra vanil, qabartma tozu və unu əlavə edib hamar xəmir əldə edənədək qarışdırın.

Hazırladığınız xəmiri əvvəlcədən yağlanmış soba nimçəsinə tökün və 180 dərəcə temperaturda bişirin.

Bu müddətdə süd sousunu hazırlayın. Südə şəkər əlavə edib şəkər tam həll olunana qədər qarışdırın.

Digər tərəfdə qaymağı bir qaba tökün, üzərinə soyuq süd əlavə edin və mikserlə yaxşıca çırpın.

Sobadan çıxan keksin üzərində diş çubuğu ilə xırda deşiklər açın. Hazırladığınız süd sousunu keksin üzərinə bərabər şəkildə tökün və təxminən 20 dəqiqə soyuducuda saxlayın ki, südü tam hopsun.

Daha sonra çırpılmış qaymağı keksin üzərinə yayın və yenidən təxminən 40 dəqiqə soyuducuda saxlayın.

Karamel sousu üçün şəkəri tavada zəif odda əridin. Şəkər əridikdən sonra su əlavə edib qarışdırın. Donmuş şəkər hissələri tam açıldıqdan sonra kərə yağı əlavə edin. Ardınca əvvəlcədən suda açdığınız nişastanı əlavə edib qatılaşana qədər qarışdırın.

Hazırladığınız karameli əvvəlcə otaq temperaturunda bir qədər soyudun, sonra isə tam soyuması üçün soyuducuya qoyun.

Sonda trileçeni soyuducudan çıxarın və karamel sousunu üzərinə bərabər şəkildə yayın. Desertiniz servis üçün hazırdır.

Nuş olsun!

 

Qeyd: Trileçenin daha dadlı alınması üçün onu servis etməzdən əvvəl bir neçə saat soyuducuda saxlamanız məsləhətdir. Bu zaman süd sousu və digər qatlar bir-birinə daha yaxşı qarışaraq desertə xüsusi ləzzət verir.

Damaq dadınıza uyğun tort və şirniyyatların sifarişi üçün aşağıdakı səhifəyə müraciət edə bilərsiniz:

https://www.instagram.com/my_sweet_house_1/




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir