Müasir həyat tərzi, stress, qeyri-sağlam qidalanma və hərəkətsizlik bir çox xəstəliklərin yaranma riskini artırır. Təəssüf ki, bir çox insanlar yalnız şikayətləri yarandıqdan sonra həkimə müraciət edirlər. Halbuki bir sıra xəstəliklər ilkin mərhələdə heç bir əlamət vermədən inkişaf edə bilər. Məhz buna görə profilaktik müayinələr sağlamlığın qorunmasında mühüm rol oynayır.
Ailə həkimi olaraq hər bir insanın yaşından və sağlamlıq vəziyyətindən asılı olmayaraq ildə ən azı bir dəfə ümumi tibbi müayinədən keçməsini tövsiyə edirəm.
Niyə profilaktik müayinələr vacibdir?
Bir çox hallarda yüksək təzyiq, şəkərli diabet, ürək-damar xəstəlikləri, qaraciyər və böyrək problemləri uzun müddət gizli inkişaf edir. Erkən aşkarlandıqda isə bu xəstəliklərin qarşısını almaq və ya onların yaratdığı ağırlaşmaları minimuma endirmək mümkündür.
Profilaktik müayinələr:
Xəstəliklərin erkən aşkarlanmasına kömək edir;
Müalicənin daha effektiv olmasını təmin edir;
Ağırlaşmaların qarşısını alır;
Həyat keyfiyyətini yüksəldir;
Gələcəkdə yarana biləcək sağlamlıq xərclərini azaldır.
Hər kəs üçün vacib olan müayinələr
Arterial təzyiqin ölçülməsi
Yüksək qan təzyiqi dünyanın ən geniş yayılmış sağlamlıq problemlərindən biridir. Çox zaman heç bir əlamət vermədiyi üçün “səssiz təhlükə” adlandırılır. İldə ən azı bir dəfə qan təzyiqinin ölçülməsi vacibdir.
Ümumi qan analizi
Qanazlığı, infeksiyalar, iltihabi proseslər və bəzi digər xəstəliklər barədə ilkin məlumat verir. Bu sadə analiz orqanizmin ümumi vəziyyətini qiymətləndirməyə imkan yaradır.
Qanda şəkərin səviyyəsi
Şəkərli diabet son illərdə daha gənc yaşlarda da rast gəlinir. Erkən mərhələdə aşkarlanan diabet daha uğurla nəzarətdə saxlanılır.
Xolesterin və lipid profili
Yüksək xolesterin ürək və damar xəstəliklərinin əsas risk faktorlarından biridir. Xüsusilə 40 yaşdan yuxarı şəxslər bu göstəriciləri mütəmadi yoxlatdırmalıdırlar.
Qaraciyər və böyrək funksiyalarının qiymətləndirilməsi
Biokimyəvi analizlər vasitəsilə qaraciyər və böyrəklərin fəaliyyəti yoxlanılır. Bu orqanların problemləri də uzun müddət simptomsuz davam edə bilər.

Qadınlar üçün əlavə müayinələr
Qadınlar ümumi müayinələrlə yanaşı müəyyən profilaktik yoxlamaları da unutmalı deyillər.
Ginekoloji müayinə;
Süd vəzilərinin müayinəsi;
Uşaqlıq boynu xərçənginin erkən aşkarlanması üçün PAP-test;
Yaşa uyğun olaraq mammoqrafiya.
Bu müayinələr bir çox ciddi xəstəliklərin erkən aşkarlanmasına kömək edir.
Kişilər üçün vacib müayinələr
40 yaşdan sonra kişilər prostat vəzi ilə bağlı profilaktik yoxlamalara diqqət yetirməlidirlər. Ailə tarixçəsində risk faktorları olan şəxslər üçün bu müayinələr daha erkən yaşlarda tövsiyə oluna bilər.
Uşaqların müayinələri niyə vacibdir?
Valideynlər bəzən uşaq özünü yaxşı hiss etdiyi üçün müayinəyə ehtiyac olmadığını düşünürlər. Lakin boy və çəki inkişafının izlənilməsi, görmə və eşitmə problemlərinin vaxtında aşkarlanması, peyvəndlərin nəzarətdə saxlanılması üçün mütəmadi müayinələr vacibdir.
Sağlamlığınızı təsadüfə buraxmayın
İnsanların çoxu sağlamlığın qədrini yalnız onu itirdikdən sonra anlayır. Halbuki ildə bir dəfə ayrılan qısa zaman bir çox ciddi xəstəliklərin qarşısını ala bilər. Özünüzün və ailə üzvlərinizin sağlamlığını qorumaq üçün profilaktik müayinələri həyatınızın ayrılmaz hissəsinə çevirin.
Unutmayın ki, erkən diaqnoz bir çox hallarda ən yaxşı müalicədir.
Nərminə Abbasova
Terapevt və ailə həkimi










































































































































































