Azərbaycanda yaşayış evlərinin sığortalanmasına nəzarətlə bağlı yeni mexanizmlərin tətbiq edilməsi təklif olunur. Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) baş direktoru Vüsal Qurbanov bildirib. Onun sözlərinə görə, icbari sığortada əsas məsələlərdən biri sığortalanmaya nəzarət mexanizmidir.
“İcbari sığorta prinsipi tətbiq olunursa, bu o deməkdir ki, qanunvericiliyin icrasına da effektiv nəzarət edilməlidir. Hazırda qeyri-yaşayış sahələrinin icbari sığortasına nəzarəti Fövqəladə Hallar Nazirliyi, yaşayış sahələri üzrə isə yerli icra hakimiyyəti orqanları həyata keçirir. Hüquqi şəxslərə məxsus qeyri-yaşayış obyektlərində nəzarət mexanizmi daha effektiv işlədiyi üçün həmin sahədə sığortalanma səviyyəsi də daha yüksəkdir.
Yaşayış sahələri üzrə isə mövcud mexanizmlərin təkmilləşdirilməsinə ehtiyac var. Bununla bağlı hökumətə müəyyən təkliflər təqdim etmişik. Təkliflərdən biri vətəndaşların istifadə etdiyi dövlət və digər xidmətlər vasitəsilə sığortaya təşviq və cəlbetmə mexanizmlərinin yaradılmasıdır. Sığortalanmanın əhatə dairəsi genişlənməlidir ki, həm vətəndaşlar, həm də dövlət təbii fəlakətlər və digər risklər nəticəsində yaranan zərərlərdən daha etibarlı şəkildə qorunsun”.

Mənzillərin sığortalanmasını təşviq etmək üçün hansı işlər görülməlidir? MB baş direktorunun nəzarətlə bağlı yeni mexanizm təklifi nədən ibarət ola bilər?
Mövzu ilə bağlı əmlak eksperti Elnur Azadov bildirir ki, 2023-cü ildə daşınmaz əmlakın icbari sığortalanması ilə bağlı müvafiq qanunvericilik qəbul olunub. Onun sözlərinə görə, 2024-cü ildə vətəndaşların bir çoxu öz daşınmaz əmlaklarını kütləvi şəkildə sığorta etməyə başlayıblar: “Azərbaycanda böyük şəhərlərin əhalisinin 30-40 faizi bu prosesdə aktiv iştirak etdilər. Lakin hər hansısa bir nəzarət mexanizminin və cərimələnmənin olmamasına görə əhalinin aktivliyi yalnız həmin il oldu. Sonrakı dövrlərdə sığorta şirkətləri aktivlik göstərib vətəndaşlara müraciət etməsəydilər, bəlkə də aktivlik 50 faizdən də çox düşərdi. Mövcud vəziyyət onu göstərir ki, həmin illə indiki arasında ən azı 50 faiz azalma var. Vətəndaş hər hansı ciddi risk görmür. Çünki daşınmaz əmlakla bağlı ciddi risk nadir hallarda olur.

Sığorta qanunları yalnız nəqliyyat vasitələrində aktivdir. Ona görə ki, cərimə tətbiq olunur və sığorta yoxdursa, vətəndaş həmin avtomobili idarə edə bilmir. Burada ən uyğun mexanizmi mən Mənzil Məcəlləsində qanuni dəyişiklik edilməsində görürəm. Çoxmənzilli binaların idarə edilməsi ilə bağlı Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi var. Həmin qanunvericiliyə görə, idarə olunma müştərək cəmiyyət tərəfindən tənzimlənir. Müştərək cəmiyyətlərin nizamnaməsində icbari sığorta ilə bağlı müvafiq qeydlər olmalıdır ki, müştərək cəmiyyətin üzvləri mütləq olaraq həmin çoxmənzilli binada olan mənzil və qeyri yaşayış sahələrini sığortalamalıdırlar. Nəzarət mexanizmi müştərək cəmiyyətlər tərəfindən icra oluna bilər”.
Tanınmış hüquqşünas, vəkil Əkrəm Həsənovun sözlərinə görə, Azərbaycanda artıq 15 ildir ki, daşınmaz əmlakın icbari sığortası tələbi var. Yəni hər kəs hər il evini, mənzilini və ya digər yaşayış sahəsini sığortalamalıdır. Amma insanların böyük əksəriyyəti bunu etmir: “Qanunvericiliyə görə buna görə cərimə də nəzərdə tutulub. Düzdür, fiziki şəxslər üçün cərimə 100 manatdır. Lakin bu mexanizm faktiki olaraq tətbiq edilmir. Çünki kütləvi şəkildə cərimələrin yazılması sosial narazılığa səbəb ola bilər. Yəni icbari sığorta qanunda nəzərdə tutulsa da, onun icrası tam təmin olunmur. Halbuki bu, həqiqətən də vacib sığorta növüdür. Vaxtaşırı evlərdə yanğın, partlayış, sel və digər hadisələr baş verir. Belə hallarda jurnalistlər tez-tez soruşurlar ki, dövlət zərərçəkənə kömək etməlidirmi? Mən hesab edirəm ki, dövlətin belə bir öhdəliyi yoxdur. Vətəndaş öz əmlakını əvvəlcədən sığortalamalıdır. Bu baxımdan icbari əmlak sığortası çox vacibdir. Hamı bunun lazım olduğunu bilir, amma yenə də vətəndaşlar sığorta etdirmirlər. Burada qiymət əsas problem deyil. Sığorta haqqı təxminən 50-70 manat civarındadır, ümumiyyətlə isə 100 manatı keçmir. Yəni elə də böyük məbləğ deyil.
Əsas problemlər maarifləndirmə və etimaddır. İnsanlar bu sığortanın nə üçün lazım olduğunu tam başa düşmürlər. Çoxları düşünür ki, “mənim başıma belə hadisə gəlməz”. Doğrudur, belə hadisələrin baş vermə ehtimalı yüksək olmaya bilər, amma baş verəndə böyük maddi ziyan yaradır.
Digər problem isə sığorta şirkətlərinə olan etimadsızlıqdır. İnsanların bir qismi hesab edir ki, hadisə baş versə, şirkət ödəniş etməyəcək və ya müxtəlif bəhanələrlə ödənişi azaldacaq. Təəssüf ki, belə halların baş verməsi də bu inamsızlığı müəyyən qədər əsaslandırır. Hazırda dövlət bəzi xidmətlər vasitəsilə dolayısı ilə vətəndaşları sığortaya yönləndirir. Məsələn, ev satılarkən notarius sığorta sənədini tələb edir. Bu zaman vətəndaş gedib ən azı bir illik sığorta alır. Yəni bu cür mexanizmlər artıq mövcuddur və dövlət bu yolla sığortalanmanı təşviq edir. Mərkəzi Bankın hansı yeni təkliflər hazırladığını dəqiq bilmirəm. Ancaq görünür məqsəd vətəndaşları birbaşa məcbur etməkdən daha çox, müxtəlif dövlət xidmətləri vasitəsilə dolayısı ilə daşınmaz əmlakın sığortalanmasına təşviq etməkdir. Bu, müəyyən qədər effekt verə bilər, amma problemin tam həlli olacağını düşünmürəm”.

İqtisadçı Natiq Cəfərli bildirir ki, dünyanın bir çox inkişaf etmiş ölkələrində vətəndaş özü əmlakını sığortalamaqda maraqlıdır: “İnsanlar ev alan kimi onu sığortalayırlar. Hətta bir çox ölkədə sığortasız evi rəsmiləşdirmək demək olar ki, mümkün deyil. Çünki dəymiş ziyanın ödənilməsi mexanizmi sürətli və etibarlı şəkildə işləyir.Azərbaycanda da vətəndaşların sığortaya marağını artırmaq üçün ziyanın ödənilməsi ilə bağlı mexanizmlər təkmilləşdirilməlidir. Məsələn, su basması, təbii fəlakətlər, kiçik yanğınlar və digər bu kimi hadisələr nəticəsində dəyən zərər sığorta şirkətləri tərəfindən operativ şəkildə qarşılanmalıdır. İnsanlar bu sistemin real işlədiyini gördükcə, özləri də əmlaklarını sığortalamaqda maraqlı olacaqlar.Digər böyük problem isə Azərbaycanda çox sayda sənədsiz evin olmasıdır. Təxminən 500 minə yaxın sənədsiz yaşayış evi olduğu bildirilir. Bu evlərin sığortalanması isə praktik baxımdan ciddi çətinlik yaradır. Tutaq ki, icbari əmlak sığortası ilə bağlı daha sərt tələblər tətbiq edildi. Bəs çıxarışı olmayan, hüquqi statusu rəsmiləşdirilməmiş evlərin sahibləri əmlaklarını necə sığortalayacaqlar? Bu sualın cavabı yoxdur. Ona görə də bu məsələlər mərhələli şəkildə həll edilməlidir. İlk növbədə əmlak amnistiyası həyata keçirilməli, sənədsiz evlər rəsmiləşdirilməlidir. Yalnız bundan sonra icbari sığortanın əhatə dairəsinin genişləndirilməsi və digər mexanizmlərin tətbiqi daha səmərəli nəticə verə bilər”.
Şahanə Rəhimli












































































































































































