Yüngül, dadlı və hazırlanması olduqca asan olan alma-kələm salatı gündəlik süfrələr üçün gözəl seçimdir. Ağ kələmin xırtıldayan dadı, almanın xoş turşməzə ətri və şüyüdün təravəti bu salata xüsusi ləzzət qatır. Cəmi bir neçə ərzaqla hazırlanan bu salat həm ət yeməklərinin, həm də müxtəlif əsas yeməklərin yanında təqdim oluna bilər. Beləliklə, “Gencaile.az” saytının “Yeməyə nə var?” rubrikasında bu gün sizə məhz bu salatın hazırlanmasından bəhs edəcəyik.
Lazım olan ərzaqlar
Ağ kələm – kiçik ölçülü yarım ədəd
Alma – 2 ədəd
Kök – 1 ədəd
Şüyüd – 1 dəstə
Mayonez – 3 xörək qaşığı
Duz və istiot – zövqə görə

Hazırlanma qaydası
Əvvəlcə ağ kələmi yuyub nazik və uzun formada doğrayın. Almaları yuduqdan sonra tumlarını təmizləyin və uzun-uzun doğrayın. İstəyə uyğun olaraq almaların qabığını soymadan da istifadə edə bilərsiniz.
Kökü təmizləyib rəndələyin. Şüyüdü yuyaraq xırda şəkildə doğrayın. Hazırladığınız bütün ərzaqları uyğun ölçülü dərin kasaya əlavə edin.
Üzərinə üç xörək qaşığı mayonez, zövqə görə duz və istiot əlavə edərək ərzaqları yaxşıca qarışdırın. Salat hazır olduqdan sonra dərhal süfrəyə təqdim edə və ya daha sərin olması üçün qısa müddət soyuducuda saxlaya bilərsiniz.
Təravətli və ləzzətli alma-kələm salatımız hazırdır.
Nuş olsun!
Hazırladı: Məsudə Sultan











































































































































































