Hazırda yay mövsümünün ən qızğın günlərini yaşayırıq. Azərbaycanın Quba, Qəbələ, Şəki, Şamaxı, İsmayıllı, Gəncə-Göygöl, Qusar və Lənkəran kimi turizm bölgələrində istirahət etmək istəyənlər üçün otel qiymətləri isə yenidən gündəmin əsas mövzularından birinə çevrilib.
Bəs regionlarda mövcud qiymətlər daxili turizm üçün nə dərəcədə əlverişlidir? Azərbaycan vətəndaşı ailəsi ilə birlikdə ölkə daxilində bir neçə günlük istirahəti rahatlıqla planlaşdıra bilirmi, yoxsa yüksək qiymətlər xaricdə istirahəti daha cəlbedici alternativə çevirir?
Hazırda turizm bölgələrində qiymətlər otelin səviyyəsinə və xidmətlərinə görə ciddi şəkildə dəyişir. Məsələn, Qusar rayonunda yerləşən məşhur “Şahdağ” otelində iki nəfərlik bir həftəlik istirahət 2310 manatdır. Endirimlə bu qiymət 1155 manata təklif olunur.
Qəbələdəki “Karvansaray” otelində iki nəfər üçün bir gecəlik qiymət 333 manatdır. Endirimlə isə qiymət 223 manata düşür. Rayondakı “Yeddi Gözəl” otelində bir nəfərlik bir gecəlik ekonom otaq 130 manata təklif olunur.
Lənkərandakı “Springs” otelində iki nəfərlik bir gecəlik qalmaq 286 manatdır. Endirimlə qiymət 237 manat təşkil edir.
Qubadakı “Quba Palace Hotel”də iki nəfərlik bir gecəlik qalmaq üçün 380 manat tələb olunur.
Şamaxıdakı “Shamakhi Palace Sharadil” otelində bir nəfərlik bir gecəlik qiymətlər 355 manatdan başlayır. “Sadaxlı” otelində isə iki nəfərlik bir gecəlik qalmaq 140 manatdan başlayır.
Gəncədəki otellərdə isə iki nəfərlik bir gecəlik qiymətlər 70-140 manat arasında dəyişir…
Təbii ki, regionlarda daha münasib qiymətə otellər və digər yerləşmə imkanları da mövcuddur. Lakin ailəvi istirahət zamanı yalnız otel xərcləri deyil, yol, qidalanma, əyləncə və digər xidmətlərə çəkilən vəsait də nəzərə alınmalıdır. Bu isə bir neçə günlük istirahətin ümumi xərcini kifayət qədər yüksəldir.
Bəs mütəxəssislər necə düşünür, bu qiymətlər real bazar şərtlərinə uyğundurmu? Azərbaycanda otel qiymətləri xidmət səviyyəsinə və turistlərin gəlirlərinə adekvatdırmı? Yüksək otel qiymətləri daxili turizmin inkişafına nə dərəcədə maneə yaradır? Ümumiyyətlə, Azərbaycanda daxili turizm son illərdə real olaraq inkişaf edirmi, yoxsa turizm bölgələrinə maraq əsasən mövsümi xarakter daşıyır?

Mövzu ilə bağlı danışan iqtisadçı Xalid Kərimli qeyd edir ki, mövcud qiymətlər real bazar şəraitinə uyğundur: “Əks halda bu qiymətləri müəyyən etməzdilər. Yəni bu qiymətləri təyin edirlər və müştərilər də gəlir. Əgər müştəri olmasa, otellər boş qalsa, təbii ki, qiymətləri məcburən endirərlər”.
İqtisadçı hesab edir ki, qiymətləri yalnız yüksək gəlir əldə etmək istəyi ilə izah etmək düzgün deyil. Çünki son dövrlərdə otellərin xərcləri də əhəmiyyətli dərəcədə artıb: “İndi otellərin xərcləri də əvvəlki dövrlərlə müqayisədə artıb. Kommunal xərclər, enerji xərcləri, işçilik xərcləri, ərzaq xərcləri artıb. Yəni biz məsələyə birtərəfli yanaşmamalıyıq.
İkinci məsələ isə sərhədlərin bağlı olmasıdır. Bu da otellərin belə qiymətlər müəyyən etməsinə şərait yaradıb. Ümumiyyətlə, rəqabətin qarşısını alan bütün məhdudiyyətlər, rəqabətə imkan verməyən bütün amillər belə vəziyyət yaradır. Yəni, seçim imkanlarının məhdud olması qiymətlərin də bu cür şişməsinə şərait yaradır.
Otel qiymətlərinin xidmət səviyyəsinə və turistlərin gəlirlərinə adekvat olub-olmamasına gəldikdə, Turizm Agentliyi bu barədə bizə məlumat verməyib ki, biz də onu qiymətləndirək və müqayisə edək. Beynəlxalq standartlara uyğun belə bir qiymətləndirmə aparılmayıb. Buna görə də bu barədə nəsə demək olmur. Çünki obyektdən obyektə xidmət səviyyəsi kəskin şəkildə fərqlənir. Ümumi belə bir göstəricimiz də yoxdur”.
Xalid Kərimlinin sözlərinə görə, regional hotellərin müştərilərinin böyük əksəriyyətini Azərbaycan vətəndaşları və etnik azərbaycanlılar təşkil edir. Buna görə də qiymətlərin turistlərin gəlirlərinə adekvat olub-olmaması məsələsinə otellərin doluluq səviyyəsi üzərindən yanaşmaq mümkündür: “Turistlərin gəlirlərinə adekvatdırmı” sualına gəlincə, Azərbaycanda regional otellərin, əminliklə deyərəm ki, 95 faizdən yuxarısının müştəriləri ya Azərbaycan vətəndaşlarıdır, ya da etnik azərbaycanlılardır. Bu baxımdan “azərbaycanlıların büdcəsinə uyğundur, gəlirinə uyğundur” sualına necə cavab vermək olar?
Burada otellərin doluluq səviyyəsinə baxmaq lazımdır. Bir də bu otellərin əsas işləmə dövrü 2-3 aydır – yay ayları, iyul və avqust ayları. Azərbaycan turizminin bədbəxtliyi ondadır ki, 12 ay fəaliyyət göstərə bilmir, mövsümidir. Həm yay turizmi, həm də qış turizmi mövsümidir. Bu da o deməkdir ki, il ərzində bunların müştəriləri olmur, yalnız və yalnız bayramlarda və ya mövsümlərdə müştəriləri olur. Ona görə də ilin xərclərini qiymətdə əks etdirmək məcburiyyətindədirlər.
Doluluq səviyyəsi yüksəkdirsə, demək ki, qiymət də adekvatdır. Daxili turizmin inkişafına gəldikdə, daxili turizmin inkişaf etdirilməsi üçün sərhədlər açıq qalmalıdır. Azərbaycan vətəndaşının sərhədlərinin bağlı qalması onun seçim imkanlarını məhdudlaşdırır və daxili turizmdə də bu cür mənasız qiymətlərin formalaşmasına gətirib çıxarır. Amma əvvəlki fikirlərdə də qeyd etdiyim kimi, xərclər də artıb. İkincisi də ən böyük problem 12 ay fəaliyyət göstərə bilməməyin çətinliyidir. Yəni mövsümlülük həddən artıq hiss olunur və mövsüm də qısadır.
Məsələn, Antalyadakı kimi mövsüm aprelin sonlarından oktyabr ayına, oktyabrın ortalarına qədər davam etmir. Yəni ilin 6-7 ayı davam etmir. Azərbaycanda yay mövsümü 2, maksimum 3 aydır. Ona görə də xərclər də… Obyekt də il ərzində fəaliyyət göstərir. Bax, bu tip məsələlər var. Amma qiymətin yüksək olması təbii ki, inkişafa maneə yaradır. Bunun ciddi olub-olmaması isə başqa məsələdir, əsas səbəblər başqadır”.
İqtisadçı yüksək qiymətlərin daxili turizmin inkişafına mane olduğunu da istisna etmir. Lakin onun fikrincə, əsas problem yalnız qiymətlərin yüksək olması deyil. Burada rəqabətin məhdudluğu və turizm obyektlərinin ilboyu fəaliyyət göstərə bilməməsi kimi amillər də mühüm rol oynayır: “İstirahət lüks məhsuldur. Kimin imkanı var, o istirahət edəcək. Kimin imkanı yoxdur, ventilyator qoyub balaca daxmasında küləklənməyə çalışacaq və Xəzri küləyi gələndə də Allaha şükür edəcək.
Daxili turizm son illərdə real olaraq inkişaf edirmi? Yox, turizm ümumiyyətlə inkişaf etmir. Turizm inkişaf etsəydi, ölkəyə turist axını olardı. Azərbaycanda turizmin prioritet sahələrdən biri elan edilməsi əməldə görünmür təəssüf ki…”
Xalidə Gəray












































































































































































