yemeye ne var 2

Lənkəran mətbəxinin ləziz təamı: Murqutuş - "YEMƏYƏ NƏ VAR?"

Baxış sayı: 546

Azərbaycan mətbəxinin hər bölgəsi özünəməxsus dadları ilə seçilir. Cənub bölgəsinin incisi sayılan Lənkəran isə zəngin kulinariya ənənələri ilə xüsusi yer tutur. Burada nəsildən-nəslə ötürülən reseptlər bu gün də ailə süfrələrinin bəzəyidir. Belə yeməklərdən biri də həm fərqli hazırlanma üsulu, həm də zəngin dadı ilə seçilən murqutuşdur. Hansı ki, “Gencaile.az” saytının “Yeməyə nə var?” rubrikasında məhz bu haqda danışacağıq.

Toyuq əti, qoz ləpəsi və bol göyərti ilə hazırlanan bu yemək həm qidalı, həm də olduqca ləzzətlidir. Ənənəvi olaraq plovla birlikdə təqdim olunan murqutuş Lənkəran mətbəxinin ən məşhur təamlarından hesab edilir.

 

Lazım olan ərzaqlar

1 ədəd kənd çolpası (və ya kənd toyuğu)

1 ədəd orta ölçülü soğan

2 dəstə cəfəri

100 qram qoz ləpəsi

150 qram kərə yağı

1,5 stəkan toyuq bulyonu

2–3 xörək qaşığı abqora (və ya yarım limonun suyu)

Duz

Qara istiot

İstəyə görə yarım stəkan nar dənəsi

murqutus

Hazırlanma qaydası

Əvvəlcə toyuğu tikələrə bölərək suda tam bişirin. Toyuq bişdikdən sonra bulyonunu süzüb saxlayın.

Soğanı xırda doğrayın və kərə yağında qızılı rəng alana qədər qovurun. Daha sonra xırda doğranmış cəfərini əlavə edib 2–3 dəqiqə birlikdə bişirin ki, göyərtinin ətri tam açılsın.

Hazırlanmış qarışığın üzərinə toyuq tikələrini əlavə edin, duz və qara istiot vuraraq 4–5 dəqiqə birlikdə bişirin.

Sonra xırdalanmış qoz ləpəsini, abqoranı (və ya limon suyunu) və 1,5 stəkan toyuq bulyonunu əlavə edin. Qazın istiliyini azaldın və yeməyi təxminən 15 dəqiqə zəif odda bişirin. Bu müddətdə qoz sousa xüsusi qatılıq və özünəməxsus ləzzət verəcək.

İstəyə görə, süfrəyə verməzdən əvvəl üzərinə nar dənələri səpə bilərsiniz. Bu, həm yeməyə xoş turşməzə dad qatır, həm də görünüşünü daha iştahaçan edir.

 

Süfrəyə necə təqdim edilir?

Murqutuş ənənəvi olaraq isti-isti, ağ plovla birlikdə süfrəyə verilir. Yanında mövsümi göyərti, turşu və ya təzə tərəvəz salatı təqdim etsəniz, yeməyin dadı daha da zəngin olacaq.

Əgər Azərbaycan mətbəxinin qədim və unudulmayan reseptlərini sınamağı sevirsinizsə, Lənkəranın bu məşhur təamını mütləq hazırlayın. Sadə ərzaqlarla hazırlansa da, özünəməxsus dadı ilə ailə süfrəsinin sevilən yeməklərindən birinə çevriləcək.

 

Hazırladı: Məsudə Sultan




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir