Lale Sadixova

Qadın səsi: Saraylardan şaxtalara uzanan azadlıq mübarizəsi

Baxış sayı: 276

Hər birimizin həyat yolu fərqlidir, lakin bəzi mövzular var ki, orada fərdi hekayələr kəsişir və ümumi bir reallığa çevrilir. Bu gün sizinlə cəmiyyətin, tarixin və bu günün ən aktual, eyni zamanda ən çox həssaslıq tələb edən mövzusunu – Qadın reallığını paylaşmaq istəyirəm.

Son dövrlərdə dünyanın müxtəlif coğrafiyalarında yaşayan, fərqli sosial təbəqələrdən olan qadınların həyat hekayələrini, müşahidələrini və sənədli xronikaları yaxından izləyirəm. Evdar qadından müəlliməyə,

uzaq Amerikadakı şaxta işçilərindən tutmuş Dubay və İordaniya saraylarındakı şahzadələrə (Latifa və Haya), Rusiya Böyük Teatrının səhnəsindən yataqxana künclərinə atılan balerina Lindaya qədər…

İlk baxışda bu qadınların həyat standartları, statusları tamamilə fərqlidir. Lakin dərindən analiz etdikdə görürük ki, onların hamısının hekayəsi nəticə etibarilə eyni nöqtədə birləşir: susdurulmaq, görünməmək, müxtəlif formalı zorakılıqlara məruz qalmaq və ən əsası, öz səsini tapmaq mübarizəsi.

 

Sosial statusdan asılı olmayan ortaq ağrılar

Aparılan sosioloji və psixoloji müşahidələr göstərir ki, qadınların üzləşdiyi basqılar və daxili travmalar onların hansı təbəqədən olmasından asılı deyil.

Kənddə, şəhərdə və ya yüksək bir sarayda yaşamaq qadını mövcud sistemin sömürüsündən və ya yaxın ətrafın emosional şiddətindən hər zaman sığortalamır.

Fərqli coğrafiyalardakı qadın hekayələrinin alt qatına enərkən, onların psixoloji və sosial olaraq eyni ortaq ehtiyacları və qayğıları paylaşdığını görürük:

Qorunmaq və təhlükəsizlik: Maddi statusundan asılı olmayaraq, qadının özünü güvəndə hiss etmək ehtiyacı.

Dəyərsizləşdirmə ilə mübarizə: Qadın əməyinin, hisslərinin və düşüncələrinin cəmiyyət və ya partnyor tərəfindən heçə sayılması.

Fədakarlıq tələsi: Özünü sevdirmək, qəbul etdirmək üçün şəxsi sərhədlərini fəda etmək məcburiyyəti.

Süni standartlar: Müasir dünyanın təqdim etdiyi “bəyənilmə mütləqliyi” fonunda milyonlarla qadının estetik və psixoloji basqı altında qalması.

 

Azad düşüncə və səssizliyin qiyməti

Tarix boyu haqqı və həqiqəti demək, azad düşüncəyə sahib olmaq böyük bədəllər tələb edib. Lakin qadının öz səsini ucaltması, mövcud haqsız sistemə qarşı çıxması bəzən nüvə silahından daha güclü bir təsir yaradır.

Çünki bir qadının susmaması, zəncirvari reaksiya ilə digər qadınların da cəsarətlənməsinə səbəb olur.

Buna ən bariz nümunə, Amerikada şaxtada işləyən 12 qadının real həyat hekayəsidir. Sırf qadın olduqları üçün iş yerində aşağılanan, təcavüz və təzyiqlərə məruz qalan bu qadınlardan biri səsini çıxaranda ona sadəcə

“işdən çıx” dedilər. Ən yaxınları, hətta atası belə onu müdafiə etmədiyi halda, o, təkbaşına hüquqi mübarizəsini davam etdirdi. Bu cəsarət digər qadınları da qorxu baryerini aşmağa sövq etdi. Nəticədə, bu mübarizə təkcə bir məhkəmənin qələbəsi olmadı, ABŞ-da iş yerlərində qadın hüquqlarını qoruyan yeni qanunvericilik bazasının yaranmasına yol açdı.

Digər tərəfdən, Dubay şahzadəsi Latifanın hekayəsi bizə başqa bir reallığı göstərir. Maddi olaraq ağla gələn bütün lüksə – saraylara, imkanlara sahib olan bir insanın sadəcə azad nəfəs almaq, öz həyatını idarə etmək üçün hər şeydən imtina etməsi daxili ruhun və vicdanın səsidir.

Haqsızlığa sus saydı, cah-cəlal içində yaşayacaqdı, lakin o, azadlığı seçdi.

Onun mübarizəsi beynəlxalq miqyasda əks-səda doğurdu, hətta BMT səviyyəsində müzakirə mövzusu oldu. İordaniya şahzadəsi Haya isə Londondakı hüquqi və siyasi əlaqələrinin dəstəyi ilə özünü və övladlarını bu basqı rejimindən qoruya bildi.

Bu hekayələr sübut edir ki, qızıl qəfəs belə qadının azadlıq və şəxsiyyət bütövlüyü ehtiyacını ödəyə bilmir.

 

Görünməyən təbəqələr və sistemin tələləri

Cəmiyyətin ən yaralı və çox vaxt görməzdən gəlinən tərəfi isə eskort qadınların və ya erkən yaşda şan-şöhrət vəd bəhanəsi ilə istismar olunan gənclərin hekayələridir.

Bu mövzulara qınaq və mühakimə ilə deyil, peşəkar bir analizlə yanaşmaq lazımdır.

İçdəki mənəvi boşluğu, sevgi və güvən aclığını material aləmlə doldurmağa çalışan bu qadınlar əslində böyük bir təhlükə və tənha mübarizə içindədirlər.

Rəsmi/müstəqil araşdırmalara görə, təkcə qonşu Rusiyada bu sahədə milyonlarla qadının fəaliyyət göstərdiyi təxmin edilir

(Statistik göstəricilərə görə bu rəqəm təqribən 3 milyona yaxındır). Onların da təməl arzusu əslində sadəcə maddiyyat deyil; sərhədlərinə hörmət edilən, güvənə biləcəkləri bir ailə modelidir. Lüks və oliqarx həyat vədləri çox vaxt daha böyük işgəncə və asılılıq tələsinə çevrilir.

Balerina Linda və onun kimi yüzlərlə gənc qızın hekayəsi də sistemin başqa bir tələsini nümayiş etdirir.

Ulduz olmaq, maddi rifah qazanmaq naminə gənclərin şəxsiyyəti, əxlaqı, bədəni və ruhu böyük bir bazarlığın predmetinə çevrilir. Bu çirkin mexanizmi ifşa etməyə çalışan jurnalistlərin susdurulması və öldürülməsi,

Lindanın isə ömrünün sadəcə 38 yaşından teatrdan uzaqlaşıb təmizlikçi kimi yataqxanada tənha yaşaması və ailə qurduğu ərindən və 1-cə qızından bütün bu çirkinlikləri ömür boyu gizli saxlaması bu sistemin nə dərəcədə amansız olduğunun göstəricisidir.

Eyni reallıq orta və ya az təminatlı təbəqədə də fərqli formalarda özünü büruzə verir:

fiziki şiddət, iqtisadi asılılıq, emosional manipulyasiya və sevgisizlik…

 

Nəticə və missiyamız

Bütün bu hekayələr və müşahidələr mənə bir mentor və mütəxəssis kimi bu sahədə daha aktiv olmağın vacibliyini xatırladır.

Qadınların daxili güclərini kəşf etməsi,

münasibətlərdəki psixoloji və fiziki şiddəti vaxtında fərq edib durdurması, özlərinə dəyər verməyi öyrənməsi üçün fərqindəlik yaratmaq bugün hər birimizin borcudur.

Biz cəmiyyət olaraq qadınların səsini boğmaq deyil, o

səsin daha sağlam, savadlı və güclü çıxması üçün şərait yaratmalıyıq.

Çünki gözü və beyni açıq, daxilən şəfalanmış hər bir qadın gələcək nəsillərin və daha sağlam bir cəmiyyətin təməlidir.

 

Lalə Sadıxova

İqtisadçı, MBA məzunu, Biznesin idarə edilməsi mütəxəssisi və Şəxsi inkişaf mentoru

 

Bu yazı ölkənin yeganə ailə saytı olan “Gencaile.az” tərəfindən təşkil edilən psixoloqların sayca 3-cü məqalə müsabiqəsi çərçivəsində dərc olunur.

GENCAILE




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir