Ailənin mənəvi əhəmiyyətini nəzərə aldığımız təqdirdə, seçimimizi düzgün etməli, bizi cənnətə yox, cəhənnəmə sürükləyəcək insanları həyatımıza daxil etməməliyik. Çünki həm özümüz və həm övladlarımız qarşısında məsuliyyət daşıyırıq. Bəzən insan çox nikbin və ümidli olur, problemli insanları həyatına daxil edir. Onlara valideynlik edərək, tərbiyəçisi olmağı seçir. Amma unudur ki, bəzi insanlar düzəlmirlər. Unudur ki, onu düzəltmək üçün sahib olduğu güc və enerji o qədər də çox deyildir ki, çətin islah olunan birini düzəldə bilsin. Valideynlərinin, müəllimlərinin düzəldə bilmədyi şəxsi sən necə düzəldə bilərsən? İmam Əli (ə) buyurur: “Ailəsinə pislik edən şəxsin, (başqalarına yaxşılıq etməsinə) ümid yoxdur.” (Amidi, Qaimiyyə, h. 8134) Onu düzəlməyə səy göstərdikcə, zamanla gücün tükənəcək, sən ona bənzəyəcəksən. Həzrət Sadiq (ə) buyurur : “Hər kəs axmaqla dostluq etməkdən uzaqlaşmasa, tezliklə onun əxlaqını və xasiyyətini özünə götürər. Kim pis dostla yoldaşlıq etsə salamat qalmaz.” (Səduq, 1407, s. 222) Yaxud da, Allahın sənə bəxş etdiyi həyatı stres içində keçirmiş olacaqsan. Çünki narsist, makyevelist, sosiopat, psixopat və bütün bunlardan daha təhlükəli olan “tərbiyəsiz şəxs” ya düzəlmir, ya da çətin islah olunan şəxslərdir. Bəzi insanların travması yoxdur, sadəcə olaraq tərbiyəsizliyi seçmişdir. Buna görə də, islam dinində ailə qurmaq üçün seçdiyimiz şəxslər barəsində diqqətli olmağa daim təkid edilmişdir.
Həzrət Sadiq (ə) rəvayət edir: Peyğəmbər (s) insanlara nitq söyləyərkən, onlara qızlarını ərə verməkdə gecikməməyə həvəsləndirib və tələsməyə çağırdı… Elə bu zaman bir kişi ayağa qalxıb, soruşdu: Ey Allahın elçisi! Qızlarımızı hansı xüsusiyyətlərə sahib olan insanlara ərə verək?
Həzrət (s) buyurdu: “Münasib və uyğun olan şəxslərə.”
-Ey Allahın elçisi! Münasib və uyğun olan şəxslər, kimlərdir?
– “İmanlı şəxslər bir-birilərinə münasibdirlər. İmanlı şəxslər bir-birilərinə uyğundurlar.” (Məclisi, 1403, 103\371)
Həzrət Həsən (ə) (onunla öz qızının evlənməsi barədə məşvərət edən bir kişiyə xitabən): “Onu təqvalı (ilahi xislətli) kişiyə ərə ver. Çünki sənin qızını sevsə ona hörmət edəcək və əgər sevməsə ona zülm etməyəcək.” (Təbərsi, 1414, 1\446) Diqqət etmək lazımdır ki, bu hədisdə “təqvalı” –dedikdə, zahirdə dini riayət edən şəxs nəzərdə tutulmur, həyatını ilahiləşdirən, düşüncəsi, duyğuları və rəftarları “allahlaşan” şəxs nəzərdə tutulur.
İslami hədislərə əsasən dostluq, özü-özlüyündə bir növ ailə bağı kimidir. Necə ki, Həzrət Əli (ə) buyurur: “Dostluq (bir növ) qohumluqdur. Dostluq, qohumluğun ən yaxın növüdür.”(Amidi, Qaimiyyə, h. 649) O, qohumluq əlaqəsinin özünün də, dostluğa ehtiyacı olması haqda belə buyurur: “Hər qohumluğun dostluğa ehtiyacı var.” (Məclisi, 1403, 78\7) Əsl həqiqətdə ailə bağları, məhəbbət və dostluq olmadan həqiqi mənasını itirmişdir. Necə ki, buyurulur: “Dostun sənin qardaşındır. Bir halda ki, qardaşın sənin dostun deyildir.” (Babəveyh, 1379, 4\390)
Həmçinin, dini inanclar və ailə həyatının müqəddəsliyinə olan inam, ailə qurmaqda əsas və yaradıcı rola malikdir. Çünki, mənəvi dəyərlərə sayğısız və ailə müqəddəsliyinə inanmayan, yalnız maddiyyat fikrində olan şəxslərlə, birlikdə yaşayış və dostluq etmək, heç də, güvən və etibar vəd etmir. Həzrət Əli (ə) buyurur: “Dünya qullarının dostluğu süst olur. Çünki təməlləri (səbəbləri) özü də süstdür. (Amma) axirət qullarının dostluğu, möhkəm olur. Çünki onun təməlləri özü də möhkəmdir.” Yenə buyurur: “(Həqiqi) dindarların dostluğu çox gec pozular, o, əbədidir.” (Amidi, Qaimiyyə, h. 1011-1260)
Sonsuz hikmət sahibi olan aləmlərin Rəbbi, təbii olaraq iki insanın məhəbbətini bir-birilərinin qəlbində yerləşdirərək, ailə təməllərinin atılmasına şərait yaratmışdır: “Sizin üçün onlarla ünsiyyət edəsiniz deyə, öz cinsinizdən zövcələr xəlq etməsi, aranızda (dostluq) sevgi və mərhəmət yaratması da Onun qüdrət əlamətlərindəndir. Həqiqətən, bunda (bu yaradılışda) düşünən bir qövm üçün ibrətlər vardır!” (Rum\21) Bununla da, Allah-təala, evlilik həyatına mənəvi dəyər bağışlayaraq, ailə həyatının müqəddəs olmasına təkid etmişdir.
İslam dinində bir sıra əsas xüsusiyyətlərə diqqət çəkilmişdir ki, həmin şəxslərlə evlənmək tövsiyə edilmir:
1) Tərbiyəsizlə evlənmə
Hüseyn ibn Bəşşar Vasiti rəvayət edir: Həzrət Rzaya (ə) belə (məzmunlu bir məktub) yazdım: “Qohumlarımdan biri qızıma elçi gəlib. Lakin əxlaq və rəftarında bir sıra problemlər var.” O, belə cavab yazdı: “Əxlaqı və rəftarı pisdirsə, ona qız vermə.” (Məclisi, 1403, 103\234) Yaxud bir gün Allahın elçisi (s) ayağa qalxıb, belə xütbə oxudu: “Ey camaat! Zibillikdə bitən gözəl güllərdən uzaq durun.”
Soruşdular: Ey Allahın elçisi, məqsədiniz nədir? Buyurdu: “Pis ailələrdə tərbiyə almış gözəl qadınlar”(Səduq, 1361, s. 316) Həmçinin, buyurur: “Yaxşı və ləyaqətli ailələrin qızları ilə evlənin, çünki nəsil öz təsirini qoyur.” (Deyləmi, 1406, 2\51)
2) Günaha aludə olan şəxslə evlənmə
Allahın rəsulu (s) buyurur: “Kim qızını bəd əməlli şəxsə ərə versə, hər gün asimandan min lənət qazanar. Onun heç bir əməli səmaya qalxmaz. Duaları qəbul olmaz. Tövbəsi və fidyəsi qəbul edilməz.” (Deyləmi, 1398, s. 174) Deyilir ki, “Bədəməl insanların dostluq ipləri, hər bir başqa dostluqdan daha tez qırılar.” (Amidi, Qaimiyyə, 3124) Belə şəxs ailə başçısı olsa, görün sizinlə necə rəftar edər? İmam Əli (ə) buyurur: “Fasiqlərlə (günahkarla) yoldaşlıq etməkdən çəkin. Çünki pislik pisliyə bağlanar.” (Məclisi, 1403, 74\199)
Loğman deyir: “Oğlum, əgər qadınları şərab kimi dadmaq mümkün olsaydı, heç vaxt, heç kim pis (bədəxlaq) qadınla evlənməzdi”. (Noman, 1414, 339) Bir kişi Peyğəmbərin (s) yanına gəlib, evlənmək istədiyi haqda məşvərət etdi. Allahın elçisi (s) ona belə buyurdu: “Evlən, dindar, imanlı qadınla evlən! Allah sənə xeyir-bərəkət versin!” (Tusi, 1401, 7\401) Həmçinin: Qadının zahiri gözəlliyini, imanının gözəlliyinə tərcih verməyin. (Tusi, 1401, 7\398)
3) Pis vərdişləri və asılılığı olan şəxslə evlənmə
Allahın rəsulu (s) buyurur: “Əyyaş şəxs sizə elçi gəldikdə, ona qız verməyin.” (Tusi, 1401, 7\397) “Agah olun, mən Allah-taala tərəfindən şərabın haram olmasını elan etdikdən sonra şərab içən şəxs hər hansısa ailənin qızına elçi getsə, müsbət cavab eşitməyə layiq deyil.” ( Sələbi, 1422, 4\107) Həzrət Sadiq (ə) buyurur: Əyyaşa qız verən şəxs, sanki onu azğınlığa sürükləyib. (Babəveyh, 1379, 4\58)
İbrahim Kərxi rəvayət edir: İmam Sadiqə (ə) dedim: Həyat yoldaşım, könül həmdəmim, həyatımda məni daşa düşən (uyğunlaşan) yeganə qadın dünyasını dəyişib. İndi ailə qurmaq istəyirəm. Həzrət (ə) buyurdu: “Çox diqqətli ol. Bax gör, özünü kimə tapşırırsan, kimi öz var-dövlətinə şərik edir, onu dinindən, sirrindən və əmanətindən agah edirsən. Qəti şəkildə evlənməyi qarşına məqsəd qoymusansa, özünə bakirə və əxlaqı, iffətli ilə tanınan həyat yoldaşı tap. Bil ki, qadınlar bir neçə növdür: Uşaq doğuran və ərinə dünya və axirət işlərində yardım edən, onun əleyhinə çalışmayan qadın. Ədəbsiz və ərinə xeyir işlərdə yardım etməyən qadın. Səs-küylü, daim deyinən və bir yerdə qərar tutmayan qadın. O, ərinin arxasınca danışar və onun çoxlu (yaxşılıqlarını) az sayar, azı da qəbul etməz. (Tusi, 1401, 7\401)
4) Axmaq və avara insanla evlənmə
Müqəddəs mətnlərimizdə buyurulur: “Avam insanın dostluğu dağılan buluda və səhrada gözdən itən ilğıma bənzər. Axmaqla dostuq etməkdən çəkin. Çünki o sənə xeyir vermək istəyər, amma ziyan vurar.” (Məclisi, 1403, 74\198) Bir qadın ağılsız kişi ilə ailə qurduğu zaman, onu yarı yolda qoyacaqdır. Çünki ağılsız kişi, nəyin qədrini bilir ki, ailəsinin də qədrini bilmiş olsun? Həmçinin, axmaq qadınla evlənən kişinin həyatı daim məşəqqətli keçəcəkdir. Allahın rəsulu (s) buyurur: “Axmaq qadınla evlənməkdən çəkinin, çünki onunla birlikdə yaşamaq əzab-əziyyət və övladları da zay olacaq.” (Ravəndi, 1377, s. 116)

5) Təkəbbürlü və lovğa insanla evlənmə
Dörd növ qadınla evlənmə: Müxtələə, mübariyə, ahirə və naşizə. Müxtələə, hər bir bəhanə ilə ərindən “xuli təlaqla” boşanmaq istəyən qadındır. Mübariyə, öz var-dövləti, dünya malı ilə başqa qadınlara lovğalanan qadına deyilir. Ahirə, əxlaqsızlıqda ad çıxarmış qadındır. Naşizə, ərinə itaətsizlik edən qadına deyilir.
6) Eyib axtaran və yayanla evlənmə
İslam dinində bir sıra insanlarla dostluq, yoldaşlıq və qardaşlıq etməmək tövsiyə olunmuşdur. Ailə olmağın da bir növ dostluq, olduğunu və hətta ondan daha üstün olduğunu nəzərə alsaq, həmin tövsiyələrin evliliyə də aid olmasını anlayarıq. Ömür yoldaşımızın eyib axtaran və yayan olması, ailə yaşayışımızı əzab-əziyyət dolu edər. Həzrət Əli (ə) buyurur: “Sənin yaxşılıqlarını ört-basdır edib nöqsanlarını yayan kəslə qardaşlıq etmə.” (Amidi, Qaimiyyə, h. 1042)
7) Qorxaq və iradəsizlə evlənmə
Həyat yolunda həmişə abadlıq olmur, dünyanın ağrı-acıları və çətinlikləri çoxdur. Bu yolda özünə həmdəm seçdiyin şəxsə diqqətlə fikir ver ki, yarı yolda tənha qalmayasan. Həzrət Baqir (ə) buyurur: “Dörd nəfərlə – ağılsız, xəsis, qorxaq və yalançı ilə yoldaşlıq və qardaşlıq etmə!” (Babəveyh, 1414, s. 224) Həmçinin, dinimizdə buyurulur: “Dostluğun sərhədləri var. Kim onların hamısına, ya bir neçəsinə malik olsa dostdur, əks halda, onu əsla dost bilmə: birincisi, zahirdə və batində sənə qarşı eyni olsun; ikincisi, sənin abrını öz abrı, sənin eybini və rüsvayçılığını öz eybi və rüsvayçılığı bilsin; üçüncüsü, sərvət və məqam onun sənə qarşı münasibətini dəyişməsin; dördüncüsü, əlindən gələn köməyi səndən əsirgəməsin və beşinci, bütün xislətləri özündə çəm edir; çətinliklərdə səni tənha qoymasın.”(Məclisi, 1403, 78\249)
8) Kinli insanla evlənmə
Kinli insanla həyat qurmaq, davamlı qəm-kədərlə yoldaş olmaq deməkdir. Həzrət Əli (ə) buyurur: “Kin saxlayan dostluğa sadiq deyil.” (Amidi, Qaimiyyə, 10436)
9) Dünyapərəst insanla evlənmə
Həzrət Sadiq (ə) və Həzrət Baqir (ə) buyurur: “Zəngin olanda səni sayan, yoxsullaşanda isə səni tərk edən kəs necə də pis qardaşdır. (Müfid, 1394, 2\166) Səni tamah saldığı şeyə görə, yaxud nədənsə qorxduğu üçün və ya nəyəsə meyl saldığına görə yaxud da yeyib-içməyə görə istəyən kəslə qardaşlıq etməkdən uzaq ol və pərhizkarlarla qardaşlıq etmək axtarışında ol, hətta əgər onları axtarmaq üçün yerin dərinliklərinə daxil olmalı və ömrünü bu yolda sərf etməli olsan belə!” (Məclisi, 1403, 74\282)
10) Paxıl adamla evlənmə
Paxil adamla ailə qurma, o sənin belə xoşbəxtliyini qısqanar. İmam Sadiq (ə) buyurur: “Qardaşlar öz aralarında üç şeyə möhtacdırlar ki, əgər onları yerinə yetirsələr dostluqları davamlı olacaq, əks halda isə bir-birlərindən ayrılacaq və düşmən olacaqlar. Həmin üç şey bunlardır: bir-birinə qarşı insaflı olmaq, bir-birinə qarşı mehriban olmaq və bir-birinə paxıllıq etməmək.” (İbn Şöbə, 1404, s. 322)
11) Sınamadan evlənmə
İmam Əli (ə) buyurur: “Kim düzgün sınaqdan sonra özünə bir qardaş seçsə dostluğu davamlı və möhkəm olar. Kim sınaqsız özünə bir qardaş seçsə pislərlə yoldaşlıq etmək məcburiyyətində qalar. Unutma, pis dost öz yoldaşını aldadır.” (Məclisi, 1403, 75\90)
12) Xəyanətkarla evlənmə
Allahın Peyğəmbəri (s) buyurur: “Əgər qardaşında üç xislət görsən ona ümid bağla: həya, əmanətçilik, düzlük. Əgər bu üç xisləti görməsən ona ümid bağlama.” (Hindi, 1397, h. 24755)
PhD. Əfzələddin Rəhimli
İlahiyyat üzrə Fəlsəfə doktoru, Peşəkar ailə psixoloqu, dosent










































































































































































