Çay süfrəsi üçün həm asan hazırlanan, həm də fərqli dadı ilə seçilən bir piroq axtarırsınızsa, qara qarağatlı bu reseptə nəzər yetirə bilərsiniz. Zərif və ovulan qum xəmiri, içərisindəki turşməzə qara qarağat və üzərindəki qızılı xəmir qatı bu piroqa xüsusi ləzzət verir. Xüsusilə meyvəli və yüngül turşməzə desertləri sevənlər üçün uyğun seçimdir. Beləliklə. bu resepti təqdim edirik:
Xəmir üçün:
420 qram buğda unu
2 ədəd yumurta
180 qram kərə yağı
1 xörək qaşığı xama
4 xörək qaşığı şəkər
1 çay qaşığı qabartma tozu
10 qram vanilli şəkər
1 çimdik duz
İçlik üçün:
400-450 qram qara qarağat
150 qram şəkər
1 xörək qaşığı qarğıdalı nişastası
Hazırlanma qaydası
Unu ələyərək qaba tökün. Üzərinə şəkər, qabartma tozu, vanilli şəkər və duzu əlavə edib qarışdırın. Soyuq kərə yağını iri sürtgəcdən keçirərək qarışıma əlavə edin və əllə ovxalayaraq xırda qırıntı halına gətirin. Sonra yumurta və xamanı əlavə edib yumşaq xəmir yoğurun. Xəmiri iki hissəyə ayırın. Kiçik hissəni qida plyonkasına bükərək 30-40 dəqiqə dondurucuya qoyun. Böyük hissəni isə yayaraq və ya əllə bişirmə formasının dibinə yerləşdirin, kənarlarını bir qədər qaldırın və 30 dəqiqə soyuducuda saxlayın. Bu müddətdə qara qarağatı yuyub yaxşıca qurudun. Üzərinə şəkər və qarğıdalı nişastası əlavə edib qarışdırın.
Hazırladığınız içliyi soyuducudan çıxardığınız xəmirin üzərinə bərabər şəkildə yayın.
Dondurucudan çıxardığınız xəmiri iri sürtgəcdən keçirərək içliyin üzərinə səpin. Əvvəlcədən 180 dərəcəyədək qızdırılmış sobada 35-40 dəqiqə, üzəri qızılı rəng alana qədər bişirin. Piroqu sobadan çıxardıqdan sonra bir qədər soyumasını gözləyin və porsiyalara bölərək süfrəyə təqdim edin.
Xədicə Əfqan











































































































































































