avtomobil

İkinci əl avtomobil alarkən bu 5 modeldən uzaq durun

Baxış sayı: 526

İkinci əl avtomobil almaq ilkin xərcləri azaltmağa imkan versə də, bəzi modellər sonradan yüksək təmir xərcləri ilə sürücülər üçün maliyyə yükünə çevrilə bilər.

Avtomobil ustası Qreq Deymonun (Greg Damon) fikirlərinə əsasən, alınması məsləhət görülməyən 5 ikinci əl avtomobil modelini açıqlayıb.

Deymon avtomobil alarkən yalnız markanın nüfuzuna və xarici görünüşünə deyil, uzunmüddətli istismar xərclərinə, ehtiyat hissələrinin əlçatanlığına və texniki etibarlılığına da diqqət yetirməyin vacib olduğunu bildirir.

 

BMW X5

BMW X5 premium görünüşü və sürüş xüsusiyyətləri ilə seçilsə də, texniki problemləri ilə diqqət çəkir. Modeldə yağ sızması, pnevmatik asqı sisteminin nasazlığı və elektron problemlər müşahidə oluna bilər.

Ehtiyat hissələrinin baha olması və təmir üçün xüsusi avadanlıq tələb edilməsi avtomobilin istismar xərclərini artırır.

 

Nissan Altima

Xüsusilə 2013–2015-ci illərdə istehsal olunan Nissan Altima modellərində transmissiya və mühərrik problemləri riski yüksəkdir.

Avtomobildə istifadə edilən CVT transmissiyanın təmiri bahalıdır. Bundan əlavə, mühərrik nasazlıqları və sükan sistemində problemlər də qeydə alınır.

 

Hyundai Kona

Hyundai Kona-nın bəzi istehsal illərində, xüsusilə 2018 və 2021-ci il modellərində mühərrik və elektrik sistemləri ilə bağlı problemlər müşahidə edilib.

Mühərrikdə qeyri-adi səslər, hərəkət zamanı dayanma və ciddi nasazlıqlar avtomobil sahibləri üçün əlavə xərclər yarada bilər. Zəmanət müddəti başa çatdıqdan sonra mühərrikin dəyişdirilməsi xüsusilə baha başa gələ bilər.

 

Chevrolet Cruze

Chevrolet Cruze münasib qiyməti və yanacaq sərfiyyatı ilə seçilsə də, bəzi modellərində mühərrik, transmissiya və soyutma sistemi problemləri yaranır.

Xüsusilə 2012-ci il və daha əvvəlki modellərdə soyuducu maye sızması, su nasosunun sıradan çıxması və elektrik nasazlıqları ilə qarşılaşmaq mümkündür. Bəzi hallarda təmir xərcləri avtomobilin bazar dəyərini üstələyə bilər.

 

Land Rover Range Rover

Range Rover lüks və yolsuzluq imkanları ilə tanınsa da, ikinci əl bazarında yüksək təmir xərcləri ilə seçilir.

Mühərrik, elektronika və pnevmatik asqı sistemindəki nasazlıqlar avtomobil sahibinə ciddi maliyyə yükü yarada bilər. Ehtiyat hissələrinin qiyməti və mürəkkəb texniki quruluşu bu modeli büdcəyə həssas alıcılar üçün riskli seçimə çevirir.

Qeyd edək ki, avtomobilin texniki vəziyyəti istehsal ili, yürüş məsafəsi, əvvəlki istismar şəraiti və texniki qulluq tarixçəsindən asılıdır. Buna görə ikinci əl avtomobil almadan əvvəl onun müstəqil mütəxəssis tərəfindən yoxlanılması tövsiyə olunur.

 

Tənzilə Ağabalayeva




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir