Körpələrdə qəbizliyin təhlükəsi – Qirşprunq xəstəliyi

Baxış sayı: 3. 136

Bəzən analar körpələrdə doğulduğu andan və ya lap körpəlikdən ağır qəbizlik müşahidə edir.

Qəbizlik belə uşaqlarda günlərlə davam edir, ana daim imalələrdən istifadə etməli olur, uşaq yalnız imalənin köməyi ilə nəcis ifraz edir. Bu halda ana gözləməməlidir ki, pozulma özü-özündən keçəcək. Bu çox təhlükəli simptomdur. Bunun səbəbi Qirşprunq xəstəliyi ola bilər.

Əgər uşaq körpəlikdən qəbizlikdən əziyyət çəkirsə, onu mütləq uşaq qastroenteroloqu  müayinə etməlidir.

Qirşprunq xəstəliyi anadangəlmə xəstəlikdir. Bu xəstəlik zamanı yoğun bağırsağın bir hissəsində (və ya bütün yoğun bağırsaqda) sinir hüceyrələri olmur ki, nəticədə yoğun bağırsağın fəaliyyəti pozulur – bağırsaq boşalmır, nəcis burada günlərlə yığılır və qəbizlik əmələ gəlir. Bu halda qəbizlikdən yalnız imalənin köməyi ilə xilas olunmaq mümkündür. Nəcis kütləsinin bağırsaqda yığılması bağırsağın xeyli uzanmasına və enlənməsinə səbəb olur.

Xəstəlik əksər hallarda doğulan andan özünü büruzə verir. Xəstəliyin simptomları əksər hallarda uşaq doğulduqdan dərhal sonra meydana çıxır. Qirşprunq xəstəliyinin daha yüngül formalarında xəstəlik uşağın daha böyük yaşlarında aşkar oluna bilər. Oğlanlarda qızlarla müqayisədə bu xəstəliyə daha tez-tez rast gəlinir.

Qirşprunq xəstəliyi zamanı bağırsağın daha böyük və ya daha kiçik hissəsi zədələnə bilər ki, xəstəliyin simptomları daha ağır və ya daha yüngül olur. Uşaqlarda Qirşprunq xəstəliyinin ağır formalarında anadangəlmə bağırsaq keçilməzliyi olur.

Xəstəliyin ilkin simptomları:

– xroniki qəbizlik,

– köp,

– qarının böyüməsi (uşağın qarnı qurbağanın qarnına bənzəyir).

Xəstəlik inkişaf etdikcə bu kimi simptomlar meydana çıxır: anemiya (qanazlığı), hipotrofiya (bədən çəkisinin azalması), döş qəfəsinin deformasiyası, fiziki inkişafın və boyatmanın ləngiməsi və s.

Böyüklərdə bu xəstəlik özünü xroniki qəbizlik, köp, qarın ağrıları ilə büruzə verir.

Xəstəlik mərhələli şəkildə inkişaf edir. Qəbizlik uşaqda körpəlikdən müşahidə olunur və əvvəllər imalələrin köməyi ilə asanlıqla aradan qaldırılır. Daha sonra imalənin istifadəsi daha az nəticə verir, xəstənin vəziyyəti ağırlaşır: bədən çəkisi azalır, xəstəni qarın nahiyəsində ağırlıq, ağrılar narahat edir, təngnəfəslik inkişaf edir, anemiya və mübadilə proseslərinin pozulması müşahidə olunur. Xəstəliyin gecikmiş mərhələlərində imalənin istifadəsi kömək etmir. Bu mərhələdə ağır fiziki yükləmə, qidalanmanın kəskin dəyişiləməsi çox ağır və xəstənin həyatı üçün təhlükəli olan bağırsaq keçilməzliyinə səbəb ola bilər.

Beləliklə, qəbizliyin digər səbəblərindən (şiş nəticəsində, yaşlı insanlarda atonik qəbizliklər, qeyri-spesifik xoralı kolit zamanı qəbizlik və s.) fərqli olaraq Qirşprunq xəstəliyi zamanı qəbizlik doğulduğu andan müşahidə olunur və çox ağır xarakter daşıyır.

Qirşprunq xəstəliyinin yeqanə effektli müalicə üsulu cərrahi əməliyyatdır.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir