Güclü valideyn necə olmalıdır?

Baxış sayı: 1. 577

Siz özünüzü zəif valideyn hesab edirsinizmi?.. Və ya sizcə güclü valideyn necə olmalıdır?..

Valideynlikdə əsas məsələ uşağı ilə qısamüddətli yox, uzunmüddətli münasibətlər qurmaqdır. Halbuki bəzi valideynlər öz “güclərindən” sui-istifadə edirlər və bu “güclərini” uşaqlarına öz bildikləri kimi sübut edirlər. Beləliklə də, ilk baxışdan öz məqsədlərinə nail olduqlarını düşünürlər. Halbuki gələcəkdə uşaqları ilə ünsiyyət qura bilməyəndə və ya bu sahədə hər hansı bir problemlə qarşılaşanda heç də düz yolda olmadıqlarını anlayırlar. Elə isə gəlin, iki zəif valideyn modelini nəzərdən keçirək…

1. Emosional valideynlər:

– Bu cür valideynlər məqsədlərinə çatmaq üçün emosionallıqlarından istifadə edirlər. Əlbəttə ki, bütün bunların arxasında onların xoş niyyətləri dayanır. Ancaq özləri də bilmədən bu yolla uşaqları ilə olan münasibətlərinə zərbə vururlar. Məsələn, valideynlər əvvəllər uşaqlarına yeməklərini yedirmək, sonralar isə uşaqlarını dərs oxumağa “həvəsləndirmək” üçün emosionallıqlarından istifadə edirlər. Adətən belə valideynlər “Yeməyini yeməsən, anan ağlayar” və ya “Dərsini yaxşı oxumasan, xəstə olaram!” kimi cümlələrdən tez-tez istifadə edirlər. Gələcək iİlərdə isə uşaqları zəif qiymət alanda ağlayır, hətta bu az kimi stress keçirirlər. Uşaqlarının səhvlərinə görə ürəyi tutan və ya təzyiqi qalxan valideynlər də az deyil. Yəni, uşağının yaş dövründən asılı olaraq valideynin verdiyi reaksiya da dəyişir. İndi isə özümüzü uşağın yerinə qoyaq və belə vəziyyətlərdə onun nə düşündüyünü nəzərdən keçirək…

Yemək yemədiyi üçün və ya zəif qiymət aldığı üçün valideyni ağlayan uşaq “Mən hələ ac deyiləm, nə vaxt acsam, onda yeyə bilərəm!” və ya “Rübün axırına hələ çox var, qiymətimi düzəldə bilərəm!” deyə düşünür və təbii ki, anasının bu reaksiyasına heç bir məna verə bilmir. İlk vaxtlar uşaqlar valideynlərinin dediklərini etsələr də, yeniyetməlik dövrünə çatanda onun bu emosionallığını zəiflik kimi qiymətləndirirlər. Belə uşaqlar sonradan öz problemlərini valideynləri ilə bölüşməkdən də imtina edirlər. Göründüyü kimi valideyn ilk baxışda öz məqsədinə nail olmuş kimi görünsə də, uşağını özündən uzaqlaşdırır və seçdiyi bu metod valideynin uğursuzluğuna gətirib çıxarır…

2. Avtoritar valideynlər:

– Avtoritar valideynlər emosional valideynlərdən fərqli olaraq sərtlikləri ilə dediklərini qəbul etdirməyə çalışırlar. Eynilə yuxarıdakı nümunədə olduğu kimi burada da uşaqlar valideynlərinin reaksiyalarına heç bir məna verə bilmirlər. Əvvəllər valideynlərinin dediklərini etsələr də, bir az böyüdükdən sonra onlardan uzaqlaşmağa başlayırlar. Təbii ki, onlar öz problemlərini valideynləri ilə bölüşməkdən də imtina edirlər. Çünki onların yemək yeməməsinə və ya dərs oxumamasına dözə bilməyən bir valideynin başqa problemlərinə də dözə bilməyəcəyini düşünürlər. Nəticədə, onlar valideynləri ilə ancaq konkret məsələlərlə bağlı ünsiyyət qururlar…

Bəs “güclü” valideyn necə olmalıdır? Hər şeydən əvvəl “güclü” valideyn təmkinli və qətiyyətli olmalıdır. Ancaq qətiyyətli və təmkinli olmaqla yanaşı, səmimi olmağı da unutmamalıdır. Belə valideynlərin öz məqsədlərinə nail olmaları da labüddür. Buna görə də valideynlər emosionallıqdan və avtoritarlıqdan uzaq olmalı, təbii ki, qətiyyətlərini və təmkinlərini də unutmamalıdırlar. Ən əsası isə bütün bunları səmimiyyət atmosferində həyata keçirməlidirlər…




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir