Evdə dərmanları necə saxlamalı?

Baxış sayı: 1. 736

Hər bir dərman vasitəsinin üzərində digər məlumatlarla yanaşı, saxlanma qaydası haqqında da məlumat var. Lakin çoxumuz bu məlumatı oxumadan dərmanların hamısını ya şkafa yığır, ya da soyuducuda saxlayırıq. Bu isə heç də düzgün deyil. Çünki dərman vasitələrinin üzərindəki məlumatlar da göstərir ki, onların hər birinin saxlanma qaydası fərqlidir.

Bəs ev şəraitində dərmanları saxlayarkən nələri nəzərə almalıyıq? Əgər onları düzgün qaydada saxlamırıqsa, hansı problemlərlə üzləşə bilərik?
Mövzu ilə bağlı qəzetimizə açıqlama verən professor Adil Qeybulla bildirdi ki, dərmanlar evdə xüsusi ayrılmış şkafda sərin və quru yerdə saxlanılmalıdır. İsti və nəm yerdə dərman saxlamaq olmaz. Çünki dərmanların üzərindəki dərman əlavələri nəmi özünə tez çəkir. Bu zaman dərmanın tərkibi xarab ola bilər.
A.Qeybulla deyir ki, bəzi dərmanları hətta normal istilikdə olan bir şkafda saxladıqda da tərkibində dəyişiklik baş verə bilər. Buna görə də həmin dərmanlar soyuducuda, müəyyən temperaturda saxlanmalıdır: “Dərmanların üzərində saxlanma şəraiti yazılır. Yayda bəzən evdə temperatur yüksək ola bilər. Ona görə dərmanlar sərin və quru yerdə saxlanmalıdır. Amma aşağı temperatur tələb olunan dərmanlar soyuducunun alt qatında saxlanmalıdır. İnsanlar buna diqqət etməlidirlər. Vaxtı keçmiş, saxlanma müddəti düzgün olmayan, formasında dəyişiklik əmələ gəlmiş, şişmiş, parçalanmış dərmanların qəbul edilməsi məqsədəuyğun deyil. Bu zaman dərmandan zəhərlənmə və digər mənfi hallar baş verə bilər”.

A.Qeybullanın sözlərinə görə, dərmanları soyuducuda saxlamaq onların ömrünü nisbətən uzadır: “Çünki aşağı temperaturda dərmanların sabitliyi daha çox saxlanır, nəinki istidə. Amma dərmanlar soyuducunun dondurucu hissəsinə deyil, alt hissəsinə qoyulmalıdır. Amma soyuducu da normal işləməli, içərisində adekvat nəmlik, quruluq olmalıdır. Soyuducunun alt gözündə buzlanmalar müşahidə edildikdə orada dərman saxlamaq olmaz”.

A.Qeybulla deyir ki, evdə olan dərmanlar son istifadə tarixinə qədər istifadə üçün yararlıdır. Yalnız bir şərtlə ki, düzgün qaydada saxlanılsın: “Bəzi dərmanlar istifadə müddəti üçün yazılan tarixdən bir ay sonra da istifadə oluna bilər. Amma əslində son istifadə tarixinə diqqət etmək lazımdır. Nəm çəkən dərmanları quru yerdə saxlamağa diqqət etmək lazımdır. Dərman yalnız təyinatı üzrə işlənməlidir və həkim resepti əsasında qəbul edilməlidir. Aptekdə dərman haqqında xəstəyə məlumat verilməlidir. Təəssüf ki bizim apteklər mağaza kimi fəaliyyət göstərir”.

Sosial Strateji Tədqiqatlar Birliyinin rəhbəri, sosial sahə üzrə ekspert İlqar Hüseynlinin sözlərinə görə, dərman preparatlarınını istifadə üçün yararlılıq müddəti ilə yanaşı, saxlanma qaydasına da fikir vermək lazımdır. Əks halda dərman nəinki istədiyimiz nəticəni verməyəcək, həm də əks təsirləri olacaq: “Bunu vətəndaşların bilməsi çox önəmlidir. Düzgün saxlanmadıqda əgər infuziya şəklində olan dərman preparatıdırsa, tərkibi parçalanacaq və müalicə zamanı bizə lazım olan nəticəni verməyəcək. Eyni zamanda, venaya infizuya şəklində köçürülərkən müxtəlif problemlər yaradacaq. Məsələn, qanın formal elementlərinin parçalanması kimi fəsadlara səbəb ola bilər. Eyni zamanda quru dərman vasitələri də həmçinin. Düzgün saxlanılmayan dərmandan müalicəvi olaraq yararlana bilməyəcəyik, mədəyə və digər orqanlara ziyanı ilə rastlaşacağıq”.

İ.Hüseynli deyir ki, aptek işçisinin dərmanların saxlanması ilə bağlı məlumat verməsi kimi məsuliyyəti yoxdur: “Təyinatı verən həkimdir və təyinatla bağlı həkimin konkret olaraq reseptində göstərişlər var. Aptek mütəxəssisi öz üzərində mənəvi bir öhdəlik olaraq pasiyentə dərmanların saxlanması ilə bağlı məsləhət verə bilər. Xəstənin özü diqqətli olmalı və dərmanın üzərindəki təlimatı oxuyub qaydalara riayət etməlidir”.

Əczaçı Aygün Qasımova deyir ki, hər bir dərmanın saxlanma temperaturu var və aptekdə də təbii ki, bu qaydalara riayət olunur. Amma vətəndaşlar ev şəraitində diqqətli olmalıdırlar: “Biz dərmanları alıcılara verəndə bacardığımız qədər məlumat verməyə çalışırıq. Xüsusi saxlanma tələb edən dərmanlarla bağlı daha çox diqqətli oluruq. Bəzən həkimlər izah etsələr də, bizdən də gəlib soruşurlar. Amma biz vaxt edib həmişə bütün dərmanlar haqqında məlumat verə bilmirik”.
Həkim-terapevt Məlahət Abbasova deyir ki, xəstəyə dərman yazdıqda saxlanması haqqında geniş məlumat verir: “Dərman var ki, qaranlıq yerdə saxlanmalıdır. Bəziləri 20, yaxud 10 dərəcə temperaturda saxlanılmalıdır. Dərmanlar fərqlidir. Bəzən xəstədən çox şey istəyirik. Amma xəstələr bizim kimi düşünə, dərmanlar haqda tam məlumatlı ola bilməzlər. Bəzi xəstələr dərmanın saxlanması ilə bağlı məlumatlı olmağı özünə borc bilmir. Amma elə xəstələr var ki, bu işdə özləri məsuliyyətlidirlər, dərmanın üzərindəki məlumatı oxuyurlar”.

M.Abbasova deyir ki, pasiyentə yazdığı dərmanın təyinatı ilə bağlı da məlumat verir: “Xəstə bilsin ki, hansı dərmanı ona niyə yazmışam. Bu zaman dərmanları niyə qəbul etdiyini biləcək. Bəzən dərman çox olanda xəstə hansınısa ixtisara salmaq istəyir, yaxud dərman içməyə həvəsi olmadığından səthi yanaşır. Amma təyinatını dəqiq biləndə dərmandan imtina etmir”.

Həkim deyir ki, düzgün saxlanmayan dərmanın təsiri 50 faiz azala bilər. Hətta əks təsirləri də qaçılmaz olar: “Məsələn, şəkərli diabet üçün dərman alıb, sonra bazarlıq edib evə getmək olmaz. Dərman bazarlıq edənə qədər təsir qəbiliyyətini itirə bilər. O dərman soyuducuda saxlanır və aptekdən alıb gətirən kimi də tez bir zamanda soyuducuya qoyulmalıdır”.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir