bey-gelin-nigah-A620x350

Nikah müqaviləsi vacibdirmi?

Baxış sayı: 1. 582

Rəsmi nikahın yükü ağır olduğu üçün son zamanlar gənclərimiz vətəndaş nikahına daha çox üstünlük verirlər. Boşanma zamanı əmlakın bölünməsi, qızın oğlan evindən ev tələb etməsi bir çox ailə böyüklərinin gözünü qorxutduğundan böyüklər də rəsmi nikahdan çox vətəndaş nikahına – dini nikaha üstünlük verməyin tərəfdarı olurlar.

Beləliklə, gənclər rəsmi nikah olmadan evlənir və ayrılıq olduğu zaman qız tərəfi bir çox problemlərlə qarşılaşır. Uşaqlara atalığın təyin edilməsi, gəlinin köçdüyü yerə yaşamaq hüququ, aliment tələbləri və s. hüquqi problemlər ortaya çıxır. Nikah müqaviləsinin bağlanması isə həm rəsmi nikahın yükünü azaldır, həm də qadının və doğulacaq körpələrin hüququnu qoruyur.

Rəsmi məlumata görə, Azərbaycanda ailə quran tərəflər arasında əmlak münasibətlərini tənzimləyən nikah müqavilələrinin bağlanması halları artıb. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və analitik araşdırmalar şöbəsinin müdiri Elgün Səfərovun sözlərinə görə, 2015-ci ildə bağlanan nikah müqavilələrinin sayı 124 olub: “Bağlanan nikah müqavilələrinin sayı ümumi nikahların bir faizini də təşkil etmir. Amma əvvəllər nikah müqavilələrinin sayı 50-60 fakt idi. Bu gün isə müqavilələrin sayı artıq 124 olub. Əksər müqavilələr yerli vətəndaşlar arasında bağlanır”.

Qeyd edək ki, ər-arvad nikah müqaviləsi bağlamaqla ümumi əmlaka, onun ayrı-ayrı növlərinə və ya ər-arvadın hər birinin əmlakına birgə, paylı və ya ayrıca mülkiyyət rejimi tətbiq etmək imkanına malikdirlər. Nikah müqaviləsinin bağlanması məcburi deyil, tərəflərin iradəsindən və qarşılıqlı razılığından asılıdır. Nikah müqaviləsində nikah pozulduqdan sonrakı dövr üçün nəzərdə tutulan vəzifələr istisna olmaqla, nikaha xitam verilməsi anından nikah müqaviləsinə də xitam verilir.

Nikah müqaviləsinin əhəmiyyəti çox böyükdür. İnsan daim xoşbəxt ailəyə sahib olmaq arzusunda olduğu üçün ailə qurarkən onun gələcəkdə dağılması ehtimalını gözdən keçirmir, bəlkə də heç ağlına da gətirmir. Düşünür ki, ömrünün sonuna qədər ailə qurduğu insanla birlikdə yaşayacaq. Lakin günlərin birində boşanmaq təhlükəsi ilə üz-üzə qalır, onlar məhkəməyə üz tutur və əmlak mübahisələri başlayır. Ancaq zamanında nikah müqaviləsi bağlansaydı, bu problemlər yaranmazdı.

Hüquqşünas Fariz Namazlının sözlərinə görə, çoxları nikah müqaviləsinin mahiyyətini dərk etmir, belələri fikirləşirlər ki, nikah müqaviləsi boşanmaq üçündür, yalnız boşanma zamanı bu müqavilə köməyə gəlir. Əslində isə nikah müqaviləsi təkcə boşanma anı üçün tətbiq edilmir, o, bütövlükdə nikah dövründə əmlakın kimin mülkiyyətinə verilməsini, ondan istifadə qaydalarını müəyyənləşdirməyə imkan verir və bu da gələcəkdə yarana biləcək hər hansı mübahisələrin qarşısını ala bilər.

Nikah müqaviləsi nikaha daxil olan şəxslər arasında bağlanan, nikah dövründə və (və ya) nikah pozulduqda ər-arvadın əmlak hüquqlarını və vəzifələrini müəyyən edən sazişdir. Nikah müqaviləsinin əsas məqsədi ər-arvadın əmlakının hüquqi rejiminin müəyyən edilməsidir. Bu əmlak həm müqavilə bağlanarkən mövcud olan, həm də gələcəkdə əldə edilməsi nəzərdə tutulan əmlak ola bilər.

Nikah müqaviləsində ər-arvad bir-birinin qarşılıqlı saxlanması, bir-birlərinin gəlirlərində iştirak üsulları, hər birinin ailə xərclərində iştirakı qaydası ilə bağlı hüquq və vəzifələrini, nikah pozulduqda hər birinə düşəcək əmlakı və s müəyyənləşdirə bilərlər.

Müsahibimiz bildirir ki, nikah müqaviləsi istənilən dövrdə həm nikahın bağlanmasına qədər, həm nikah bağlanan zaman, həm də nikah dövründə istənilən vaxtda bağlana bilər. Lakin bu halda nikah müqaviləsinin hüquqi qüvvəsi yalnız nikah dövlət qeydiyyatına alındıqda yaranır. “Tutaq ki, nikah VVAQ orqanlarında qeydə alınmayıbsa, tərəflər arasında bağlanmış nikah müqaviləsinin heç bir hüquqi qüvvəsi olmayacaq”.

Qeyd edək ki, nikaha xitam verərkən nikah müqaviləsi də öz hüquqi qüvvəsini itirir. Əgər müqavilədə ər-arvadın gələcəkdə yarana biləcək hüquq və vəzifələri olarsa, bu halda nikah müqaviləsi həmin hissədə qüvvədə olacaq. Onu da bildirək ki, nikah müqaviləsi yazılı formada bağlanır və notarial qaydada təsdiq olunur. Şifahi formada bağlanan nikah müqaviləsinin heç bir hüquqi qüvvəsi yoxdur. Tutaq ki, ər-arvad əmlakla bağlı öz aralarında şifahi razılaşmaya gəlsələr, sonradan ona istinad edərək əmlak iddiası irəli sürə bilməzlər.

İnsanlar ailə qurarkən nikah müqaviləsini bağlamaqdan utanırlar, onlar müqaviləni bir-birlərinə olan inamsızlıq kimi qələmə verirlər. Əgər inamsızlıq varsa, o zaman niyə ailə qurulur deyə sual verirlər. Amma həyatda baş verən hadisələrdən kimsə sığortalanmayıb, bəzən gözlənilməyən zamanda boşanma təhlükəsi yarana bilər və o zaman insanlar əmlak davası açmaq üçün məhkəməyə üz tuturlar. Bu zaman nikah müqaviləsi öz rolunu oynamağa başlayır.

Xatırladaq ki, nikah müqaviləsi tərəflərin seçimi ilə vəkil və yaxud özləri tərəfindən tərtib edilə bilər. Vəkil tərəfindən tərtib edildiyi zaman bu, təqribən 50 manata başa gəlir. Nikah müqaviləsinin təsdiqinin dövlət rüsumu isə 10 manatdır. Yəni 60 manata hər bir qadın və ya kişi öz gələcəyini sığortalaya bilər.

İradə CƏLİL




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir